Ermənistanın bu ziyanı ancaq ərazisi hesabına ödəyə bilər - Rəy

18:32 10.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Zəngəzur dəhlizi sülh müqaviləsi lahiyəsindən çıxarılsa da tərəflər arasında yekun müqavilə əldə edilməsindən sonra mümkün görünə bilər. Halbuki, sülh müqaviləsinin imzalanmasına mane olan keçilməz digər şərtlər mövcuddur”.

Bunu hafta.az-a siyasi şərhçi Vüqar Dadaşov son günlərdə dəhliz ətrafında cərəyan edən siyasi proseslərə münasibət bildirərkən səsləndirib.

V.Dadaşov bildirib ki, Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsi lahiyəsindən çıxarılması fonunda İranın yenidən Zəngəzur dəhlizinə "qırmızı xətt" kimi bəyanatı bu məsələnin gündəmdə olmasını və bunun ətrafında ciddi və qızğın müzakirəsinin getdiyini göstərir: "Bu məsələdə İran və Rusiyanın maraqları bir-birinə ziddir. Bir müddət əvvəl Sergey Şoyqunun İrana və sonra Azərbaycana səfərinin əsas müzakirə predmetindən birinin də məhz Zəngəzur dəhlizi ilə bağlı olduğu şübhəsizdir".
Ekspert bildirir ki, Zəngəzur dəhlizinə beynəlxalq oyunçu və ya təşkilat tərəfindən nəzarətin razılaşdırılması belə dəhlizin açılmasına yaşıl işıq deyil. Təbii ki, dəhlizə ancaq Rusiya nəzarət edərsə, o halda dəhlizin açılması reallaşa bilər. Bu həm də 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin tələblərindən irəli gəlir: "Heç təsadüfi deyil ki, rəsmi İrəvan sözü gedən bəyannamənin qüvvədən düşdüyü barədə dəfələrlə bəyanat səsləndirib. Azərbaycan da Minsk qrupunun ləğvi ilə bağlı tələblər irəli sürür. Ermənistan və Qərb dəhlizə rus nəzarəti variantın əleyhinə olduğundan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsi çətin gedir.

Bir müddət əvvəl, Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsi lahiyəsindən çıxarılması barədə məlumatlar müəyyən suallar yaratmışdı. Əslində isə, Zəngəzur dəhlizi məsələsinin ayrı müzakirə predmetə çevrilməsi Azərbaycanın maraqlarını bu vəya digər formada təmin etməyə imkan verir. Əvvəla unutmayaq ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 illik işğalda saxlaması nəticəsində vurduğu yüz milyardlarla ziyanı ödəmək məcburiyyətindədir və təbii ki, Ermənistanın bu ziyanı ancaq ərazisi hesabına ödəyə bilər. Bu ərazi Zəngəzur dəhlizinin keçdiyi ərazilər ola bilər.

Digər tərəfdən, əgər Ermənistan rəsmi öhdəliklərindən tam şəkildə imtina edərsə, işğal nəticəsində vurduğu ziyanı ödəməkdən yayınmağa çalışarsa, əlbəttə ki, Azərbaycan qarşısında duran məsələlərin həllinə hərb yolu ilə nail olunacaq.Təbii ki, bu halda Zəngəzur dəhlizi məsələsi sülh müqaviləsindən kənar qalmalıdır”.