Ermənistanın diversantlarla bağlı vəkil oyunu

12:54 01.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Erməni diversantların “hərbi əsir” kimi azad olunması üçün cəhdlər edən Ermənistan hökuməti, indi də onları məhkəmədə «müdafiə etmək» üçün öz vəkillərini Azərbaycana göndərmək üçün təbliğat aparır. Ermənistan vəkillər palatası bəyanat yayıb ki,  əgər valideynlər müraciət edərsə, erməni vəkillər Azərbaycana səfər edib Bakıda məhkəməsi gedən diversantlara hüquqi yardım göstərə bilər. Erməni vəkillər bunun beynəlxalq konvensiyaya əsasən mümkün olduğunu deyirlər. Erməni vəkillərin Azərbaycana gəlib diversantları müdafiə etməsi Azərbaycan qanunvericiliyi ilə  nə dərəcədə mümkündür? Ümumiyyətlə hər hansı xarici vəkil xarici vətəndaşın müdadiəsi üçün gəlib prosesdə iştirak edə bilərmi?

Hafta.az-a açıqlama verən Azərbaycan hüquqşünasları erməni vəkillərinin bəyanatına hüquqi aspektdən qiymət veriblər.

Erməni vəkillərin Azərbaycan məhkəməsinə müdafiə üçün qoşulması mümkün deyil

Hüquqşünas Səməd Vəkilov “Həftə içi”nə açıqlamasında bildirib ki,

Azərbaycan Respublikasının Cinayət Qanunverciliyinə əsasən cinayət işində müdafiəçi qismində yalnız Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri iştirak edə bilər.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında qanuna görə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü ola bilər. Odur ki, erməni vəkillərin Azərbaycan məhkəməsinə müdafiə üçün qoşulması mümkün deyil.

Ermənilərin bu bəyanatı papulizmdən başqa bir şey deyil 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Aqil Layıc bildirir ki, bir ölkədə xarici vətəndaşın, xarici vəkil tərəfindən müdafiə olunması təcrübəsi nəinki Azərbaycanda, dünyanın heç bir yerində yoxdur, bu mümkün də deyil.

“Azərbaycanla Ermənistan arasında vəkillik statusunun tanınmasına dair heç bir razılaşma yoxdur. Necə ki, Azərbaycan vəkilləri gedib Ermənistanda hər hansı müdafiə işi ilə məşğul ola bilmir, erməni vəkilləri də bura gələ bilməz. Xatırlayırsınızsa, Azərbaycan vəkilləri Ermənistanda Dilqəmlə Şahbazın məhkəmə prosesində iştirak etməmişdi. Bu, qanunla mümkün olmadığı üçün Azərbaycan tərəfi müdafiənin təşkili ilə bağlı heç cəhd də etmədi. Azərbaycan qanunlara hörmət edən bir dövətdir. Ermənilərin bu bəyanatı isə populizmdən başqa bir şey deyil. Qanun erməni vəkillərin Azərbaycan məhkəməsinə gəlib müdafiədə iştirak etməsinə imkan vermir. Nəinki Azərbaycan, heç Gürcüstana, hətta yaxın münasibətdə olduqları Rusiyaya da getmək imkanları yoxdur. Bir sözlə, cinayət işində təqsirli bilinən erməni məhkumlar  yalnız Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər tərəfindən müdafiə oluna bilər.  Avropa Birliyində belə bir ölkədə lisenziyası olan vəkil digər ölkədə vəkillik edə bilməz.  Hər bir ölkənin özünə uyğun sertifikasiyası olur”.

Hüquqşünas hesab edir ki, diversantların məhkəmə prosesi  mətbuata tam açıq və şəffaf keçirildiyi üçün, ermənilər ancaq müşahidəçi qismində iştirak edə bilərlər. Bunun üçün isə müəyyən şərtlər ödənməlidir.

Ermənistanda Vəkillər Kollegiyasının sədri siyasətlə məşğuldur

Hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, digər ölkələrin Vəkillər Kollegiyası üzvlərinin Azərbaycanda müdafiəni həyata keçirməsi üçün qanunvericilikdə hər hansı bir norma yoxdur:  

“Ermənistanda Vəkillər Kollegiyasının sədri siyasətlə məşğuldur və baş nazir Paşinyan hökumətinə qarşı açıq şəkildə siyasi bəyanatlar verməklə yadda qalıb. Müharibə dövründə də onun insan hüquqlarını qoruyan bir şəxs yox, təcavüzə, müharibə cinayətlərinə haqq qazandıran bir şəxs olduğunu müşahidə etdik. Ona görə də belə bir şəxsin rəhbərliyi altında olan kollegiyada insan hüquq azadlıqlarının qorunması ilə bağlı verilən bəyanat növbəti şou istiqamətində olan fəaliyyətdir.  Bunu ciddi bir yanaşma hesab etmirəm. Hesab edirəm bu siyasi şoudan başqa bir şey deyil”.

Ə.Nuriyev bildirib ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqsirləndirlən şəxslərin hüquqlarını yetərli qədər müdafiə edirlər.

“Azərbaycanda erməni diversantlarına, terrorçularına qarşı aparılan məhkəmə prosesi çox şəffaf, çox açıq keçir. Hər gün o prosesi izləmək imkanımız olur. Orada iştirak edən vəkillərin də öz müvəkkillərinin hüquqlarının qorunmasını yüksək şəkildə həyata keçirdiyini görürük. Vəkillərimiz öz vəzifələrini Avropa İnsan Haqları konvensiyasına uyğun olaraq həyata keçirirlər. Bu prosesdə siyasi müdaxiləyə ehtiyac yoxdur. Burada şəxslər müəyyən cinayət əməllərinə görə təqsirləndirilib və onların əməlləri məhkəmədə qiymətləndirəcək. Proses açıqdır və iştirakla bağlı heç bir maneə yoxdur, lakin Covid 19-la bağlı insan sayında məhdudiyyət var. Ermənilərin müşahidəçi qismində Azərbaycana gəlməsi isə texniki məsələdir. Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Ermənilər Azərbaycana yalnız müəyyən qaydalara riayət etməklə gələ bilərlər”

Hüquqşünas Ələsgər Məmmədli də həmkarlarının mövqeyini təkrarladı:

- Azərbaycan qanunvericiliyində “Vəkil, vəkillər və vəkillik haqqında” qanunun 4-cü maddəsində deyilir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunan və vəkil statusunda tanınan şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Bu o deməkdir ki, şəxsin seçəcəyi vəkil Azərbaycan Vəkillər Kollegiyasınln üzvü olmalıdır və kənardan gələn vəkil onu prosesdə rəsmi şəkildə təmsil edə bilməz.

“Müdafiə hüququ Konstitusiya və konfidensial hüquqdur.  Hər kəsin hüquqi müdafiəsini təmin etməsi üçün istədiyi, seçdiyi vəkilə müraciət etmək hüququ var. Bu həm Azərbaycan Konstitusiyasında, Avropa İnsan Haqları Konvensiyasında, həm də Vəkillik Haqqında Qanunda yazılıb. Məsələyə bu aspektdən baxsaq, şəxs öz müdafiəsi üçün vəkil seçə bilər. Amma önəmli olan məsələ vəkilin kim olmasıdır. Beynəlxalq müstəvidə  fərqli təcrübələr var. Xatırlayırsızsa, Ramil Səfərov Macarıstanda mühakimə olunanda Azərbaycandan Adil İsmayılov onun vəkili idi və prosesə gedirdi. Əlbəttə, Ramil Səfərovun vəkili var idi, Adil İsmayılov sadəcə köməkçi funksiyasını yerinə yetirirdi. Azərbaycan reallığında bundan öncə “Lapşin prosesi” var idi.  Lapşin hadisəsində də Rusiyadan hansısa vəkil prosesə qatılmaq istəmişdi, prosesdə iştirak etmişdi. Söhbət rəsmi iştirakçılıqdan deyil, daha çox qeyri-rəsmi hüquqi yardımdan getdi”.

Hüquqşünas bildirir ki, Azərbaycanın indiki qanunvericiliyi  Ermənistandan gələcək hər hansı bir vəkilin prosesdə təkbaşına kimisə müdafiə etmsinə imkan vermir. 

“İndiki halda Ermənistan iddia edə bilər ki, vətəndaşlarının yaxşı müdafisəni qurmaq üçün kənardan vəkil gəlməlidir. Hüquq müdafiəsində şəxsin milliyyəti vacib deyil, önəmli olan peşəkarlığıdır.  Azərbaycanda kifayət qədər tərəfsiz, peşəkar vəkillər var. Azərbaycanda milliyyəti  yəhudi, rus olan Azərbaycan vətəndaşı vəkillərimiz də var. Əgər ermənilər azərbaycanlılara çox güvənmirsə, qeyri-türk Azərbaycan vətəndaşı olan vəkillərdən də tuta bilərlər. Digər tərəfdən, Azərbaycanda əgər şəxs özünə vəkil tuta bilmirsə, dövlət hesabına vəkil tuta bilir. Bu da dövlətin hüquqi öhdəliyidir. Məsələyə bu aspektdən yanaşsaq, əgər özlərinə vəkil tuta bilmirlərsə, məhkumlar dövlət hesabına pulsuz vəkillə təmin ediləcəklər. Burada da hüquqi baxımdan bir boşluq görmürəm”.

 

Tahirə Qafarlı