Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyana görə əhaliyə yardımlar 10 gün ərzində ödəniləcək

18:18 17.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Nazir Əli Əsədov “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etməlidirlər.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.