Fələstinin yeni hökuməti and içdi

10:33 01.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fələstin prezidenti Mahmud Abbas bəyan edib ki, axşam and içən baş nazir Məhəmməd Mustafanın yeni hökuməti işğal altındakı Şərqi Qüds, İordan çayının qərb sahili və blokada altındakı Qəzza zolağında tam səlahiyyətə malikdir.

Hafta.az-ın WAFA xəbər agentliyinə istinadən yazdığına görə, hökumətin ilk iclasına sədrlik edən Abbas deyib ki, yeni hökumət səlahiyyətləri çərçivəsində öz vəzifələrini yerinə yetirmək üçün tam səlahiyyətə malikdir.

Yeni kabinetin geniş institusional islahatlar həyata keçirməyi və bütün fələstinlilərə yaxşı xidmətlər göstərməyi hədəflədiyini bildirən Abbas, “Qəzza zolağında humanitar yardım səylərini, Qəzzada və İordan çayının qərb sahilində yenidənqurma işlərini maksimum dərəcədə artırmağa, Fələstin iqtisadiyyatını canlandırmağa çalışacağıq" deyib.

Qəzzaya hücumların, İsrailin və Qüds daxil olmaqla İordan çayının qərb sahilindəki məskunlaşanların hücumlarını dayandırmaq üçün ərəb ölkələri və beynəlxalq tərəflərlə işləməyə davam etdiklərini bildirən Abbas, “Siyasi məqsədimiz azadlığa, müstəqilliyə nail olmaq və işğaldan xilas olmaqdır. Eyni zamanda, Fələstin dövlətinin Birləşmiş Millətlər Təşkilatına tam üzvlük əldə etməsi üçün müvafiq ərəb və beynəlxalq tərəflərlə işləyəcəyik" deyə bildirib.

Abbas Fələstin torpaqlarının birləşdirilməsi və milli barışığa nail olmaq üçün çalışmağa davam edəcəklərini bildirərək, yeni hökumətin Fələstinin bütün bölgələrində, xüsusilə də işğal altında olan Şərqi Qüdsdə ümumi və prezident seçkiləri keçirməyə hazırlaşmalı olduğunu deyib.

Fələstin Rəhbərliyi 2021-ci ildə ümumi seçkilərin keçiriləcəyini açıqlasa da, İsrailin işğal etdiyi Şərqi Qüdsdə seçkilərin keçirilməsinə icazə vermədiyi üçün seçkilər ləğv olunub.

Fələstində sonuncu ümumi seçkilər 2006-cı ildə keçirilib.

İsrailin Qəzzaya hücumlarının yaratdığı humanitar fəlakətdən sonra Fələstinin baş naziri Məhəmməd Ştiyyə fevralın 26-da 2019-cu ildən tutduğu vəzifəsindən istefa verdiyini açıqlayıb.
Fələstin prezidenti Mahmud Abbas martın 14-də yeni hökuməti qurmaq üçün Fələstin Milli Fondunun direktoru Məhəmməd Mustafanı səlahiyyətləndirib. Baş nazir Mustafa martın 28-də yeni kabinetini təqdim edib və Abbas prezident fərmanı ilə hökuməti təsdiqləyib.