Fransa Senatının qərarı Rusiyanın sülhyaratma cəhdlərinə qarşıdır - rusiyalı politoloqlar bu fikirdədir

15:17 26.11.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 18-də Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib, layihə cəmi bir neçə gün sonra - noyabrın 25-də tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılıb və qəbul olunub. Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir.

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, Türkiyənin adı qətnamədə daha çox çəkilir. Həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır. Əslində, Fransa dövlətinin xarici siyasətini Senat yox, hökumət müəyyən edir. Senatın qərarları isə tövsiyə xarakteri daşıyır. Sənədin hüquqi qüvvəsi olmasa da, siyasi anlamı vardır. Senatın belə bir qətnamə qəbul etməsi, Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi elan edən Fransanın tarixinə qara səhifə kimi həkk olunur.

Qeyd edək ki, Senatın qərarına artıq Türkiyə Xarici İşlər Nazirliyi səviyyəsində ən kəskin reaksiya verilib. Azərbaycanın mövqeyi isə məlumdur. Lakin hazırda Dağlıq qarabağ münaqişəsinin həlli prosesinin əsas oyunçusu Rusiyadır. Onunla eyni statusa malik olan bir həmsədr dövlət tərəfindən indiki həssas məqamda belə təxribatçı qərarın qəbulu barədə Moskvada nə düşündükləri də maraqlıdır. Rusiyanın məlum məsələ ilə bağlı mövqeyini elə rus siyasətçilərinin özündən dinləyək.

"Azərbaycan ərzilərindəki qondarma rejimi tanımaqla bağlı Senatın qərarından sonra Fransanın Minsk Qrupu həmsədrliyində qalacağını düşünmürəm" – Hafta.az xəbər verir ki, bu fikirləri Rusiyanın tanınmış ictimai-siyasi xadimlərindən biri olan Maksim Şevçenko söyləyib.

Onun sözlərinə görə, Fransa artıq münaqişənin həlli prosesində iştirakını unutmalıdır. Azərbaycan bundan sonra onunla hansı əsaslarla danışmalıdır: "Azərbaycanın məsləhətləşmələr üçün səfirini geri çağıracağını gözləməyə dəyər. Bundan sonra Fransanın Cənubi Qafqazdakı maraqları üçün də ciddi nəticələr doğacaq. Fransadakı erməni lobbisinin təsirləri altında prezident Makronun sistemli antitürk siyasəti davam edir. Hansı ki, Türkiyəni Avropa Birliyinin bütün həyat və fəaliyyətindən sıxışdırıb çıxartmq istəyir. Fransa imperiyalist münaqişə aparır və istəyir ki, onun əvəzini azərbaycanlılar və ermənilər ödəsinlər".

Şevçenkonun qənaətincə, məlum qətnamə yalnız Türkiyə və Rusiyanın lehinə işləyir. Bu qətnmə Rusiyaya Türkiyə və Azərbaycanla münasibətlərini daha da genişləndirməyə, təşəbbüslərini gücləndirməyə imkan verir: "Hesab edirəm bu Fransanın çox ciddi səhvi idi. Erməni lobbisinin təsirinə məruz qalaraq Fransanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik kimi çox vacib statusdan məhrum etdilər. Bu axmaqlıqdan da öndə gəlir, bu səhvdir".

Onun sözlərinə görə, hətta Fransa hökuməti qətnaməni dəstəkləməsə belə, artıq addım atılıb. Senat hansısa az əhəmiyyətli ictimai bir təşkilat deyil. Ekspert bildirir ki, qətnamə Fransa cəmiyyətində də ayrımcılıq yaradacaq.

"Qondarda rejimin "müstəqilliyini" tanımağa çağırmaqla Fransa Senatı öz xalqına qarşı çıxiış oldu". Bu fikirləri isə siyasi analitik Pavel Klaçkov səsləndirib.  

Onun sözlərinə görə, bu qətnamə Fransa dövləti və xalqının maraqları ilə köklü şəkildə ziddiyyət təşkil edir. Hətta Fransanın özünün siyasi dairələri arasında məlum qərarla bağlı narazılıq var:

"Senatın çağırışı bir növ münaqişə bölgəsində Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların Fransanın iştirakı olmadan dayandırılmasını kompensasiya etmək formasıdır. Əslində hərbi əməliyyatları dayandırmaq üçün Fransanın iştirakına da lüzum yox idi. Lakin bəzi senatorlar bu istiqamətdə hansısa cavab addımı atılmalıdır. Senatın mövqeyi həll prosesinə heç bir təsir göstərməyəcək. Rusiya, Azərbaycan və Ermənistan tərəfinin işləyib hazırladığı strategiya həyata keçirilməkdə davam edəcək".

Fransa Senatının qərarı Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəhdlərini iflasa uğratmaqdır. Bu fikirlər isə Rusiya Dövlət Dumasının üzvü Leonid Kalaşnikova məxsusdur. Onun sözlərinə görə, prosesin sülhə doğru getdiyini, tərəflərin razılaşdıını görən Fransa bu prosesi pozmaq, hansısa gərginlik yaratmaq cəhdlərini bərpa edib:

"İndiki mərhələdə bu cür fəaliyyət tamamilə qeyri-konstruktivdir. Dağlıq Qarabağın statusunun təxirə salınması ilə bağlı qərar kollektiv şəkildə verilib. Xüsusilə də Minsk Qrupu həmsədrinin birtərəfli qaydada indi bu məsələyə müdaxiləsi sadəcə yolverilməzdir. Senatın qərarı ancaq Rusiyanı Cənubi Qafqaza sülh gətirməkdə ittiham edən radikalları fəallaşdıracaq. Qətnamənin qəbulunun əsas hədəflərindən biri də budur".

“Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı hökumət üçün elə tövsiyə olaraq qalacaq”. Bunu isə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçov deyib.

Onun sözlərinə görə, Fransa Senatının məlum qətnaməsini daha çox Paris və Ankara arasındakı fikir ayrılıqları diktə edib: “Paradoksal səslənə bilər, amma Fransa Senatının qərarının fransız həmkarlarımızın səmimi duyğularını başa düşərək, həm də Türkiyə ilə əlaqəli olduğuna dair bir şübhəm var”.

K. Kosaçov qeyd edib ki, Senatın qərarı hələlik nümayişdən başqa bir şey deyil: “Məlum təşəbbüsün hökumətə tövsiyə kimi qəbul olunması elə tövsiyə olaraq da qalacaq. Bəlkə də bu daha yaxşıdır - nəticədə, Dağlıq Qarabağ ətrafındakı vəziyyət, ilk növbədə, ikitərəfli Azərbaycan-Ermənistan siyasi dialoqunun mövzusu olaraq qalmalıdır. Ultimatumsuz və güc ssenariləri olmadan”.