Girovsuz kreditlər artır

15:08 12.08.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu il iyulun 1-nə Azərbaycanda biznes kreditlərinin 26 faizi girovsuz verilib. Bunu mətbuata açıqlamasında “Azərbaycan Banklar Assosiyasiyası” (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə girovsuz verilən biznes kreditlərinin məbləğində 1 faiz artım var: “Biznes kreditlərinin bir növü olan mikrokreditlərin isə 36 faizi girovsuz verilib. Bu kreditlər isə son 1 ildə 31 faiz artıb. İyunun sonuna istehlak kreditlərinin 88 faizi girovsuz təqdim edilib. Bu kreditlər verildikdə Bakı və regionlar arasında fərq qoyulmur. Burda əsasən borcun gəlirə nisbəti nəzərə alındığına və kreditlər daha çox onlayn rejimdə verildiyinə görə hara verilməsinin əhəmiyyəti yoxdur. Yəni şəxsin yalnız gəlirləri nəzərə alınır”.

Bəs, görəsən, kreditlərin girovsuz verilməsinin banklar üçün hansısa təhlükəsi varmı? Bu məsələ gələcəkdə problemli kreditlərin artmasına təsir edə bilərmi?

Xatırladaq ki, bu il iyulun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2,4 faiz artaraq 502.3 milyon manata yüksəlib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 15,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 24,1 faiz azalıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.3 faiz təşkil edib.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında deyib ki, ölkədə bankların real sektoru kreditləşdirməsinə həmişə hökümət səviyyəsinə çağırışlar edilir: “Yəni, hər kəs banklara çağırış edir ki, istehlak kreditlərindən çox real sektor maliyyələşdirilsin. Amma təəssüflər olsun ki, 2015-ci ildə iki dəfə manatın devalvasiyası baş verəndən əvvəl vəziyyət necə idisə indi də dəyişməyib. Belə ki, hazırda mövcud olan 25 yerli bank əvvəlki dövrlərdə olduğu kimi bu gün də daha çox istehlak kreditlərini maliyyələşdirməyə meyl edir. Real sektora, hansısa istehsal sahəsinə kredit ayırmaqda elə də maraqlı deyil. Bunun əsas səbəblərindən biri bu sahədə riskin yüksək olmasıdır. Burada böyük məbləğdə vəsaitlərdən söhbət gedir. Sahibkar 2-3 min manat kredit götürmür ki, onun da riski az olsun. Ona götürdüyü krediti geri qaytarmaq üçün uzunmüddətli vaxt lazımdır. Ona görə də bankların əksəriyyəti bu riskə getmək istəmirlər. Eyni zamanda, bizdə bir neçə bankı çıxmaq şərtilə, sahibkarlara böyük miqdarda kredit ayıra biləcək bank da yoxdur. Əgər ümumən iqtisadiyyata kredit qoyuluşunda artım varsa, bu alqışlanmalıdır. Bu həm ölkə iqtisadiyyatında sabitliyin göstəricisidir, həm bankların geniş sferada fəaliyyətə başladığının göstəricisidir, həm də iqtisadiyyatın stimullaşdırıcı amillərinin çoxalması deməkdir. Söhbət girovsuz kreditləşdirmədən gedirsə, bu artıq bankların 2015-ci il devalvasiyasından sonra yaranan vəziyyətdən dərs çıxarmadığının göstəricisidir. Hansı ki, həmin dövrdə ölkə Prezidenti müdaxilə edərək problemli kreditlər məsələsini həll etdi. Əgər Prezident məsələyə müdaxilə etməsəydi, bu gün bank sektoru deyə bir şey də qalmazdı. Biz iqtisadiyyatın normal kreditləşdirilməsindən danışırıqsa, heç bir mənada girovsuz, borc pul vəsaitlərinin verilməsindən söhbət açmağa dəyməz. Bu yolverilməzdir, bu əvvəlki illərdə baş vermiş bəlaların anonsudur”.

Ekspert vurğulayır ki, banklardan girovsuz çıxarılan vəsaitlər adətən təyinatı üzrə xərclənmirlər: “Ona görə bu kimi məsələləri araşdırmaq lazımdır. Məsələn, biz bunun “Beynəlxalq Bank”la bağlı işdə şahidi olduq. Təbii ki, dövlətin müdaxiləsində sonra Beynəlxalq Bank maliyyə böhranından xilas oldu. Yəqin ki, indi bəzi banklar arxayındırlar ki, dövlət hansısa problem yaranarsa, yenə müdaxilə edəcək. Amma biz bu stereotipləri qırmasaq bank sektorunu normal inkişaf etdirə bilməyəcəyik”.

Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə bizimlə söhbətində deyib ki, dünya praktikasına görə kreditin girovla təmin olunması başlıca meyar sayılmır: “Amma digər vacib amillər mütləq nəzərə alınmalıdır. Yəni, bununla bağlı dünya praktikasında əsas meyar krediti götürənin stabil gəlirinin olmasıdır. Tutaq ki, girov olsa belə sabah krediti götürən tərəf krediti qaytarmayanda məsələ girova yönəldilir və bu da xeyli vaxt aparır. Buna görə də banklar adətən kredit götürənin ödəniş qabiliyyətinə baxırlar. Təbii ki, kiçik miqdarda kreditlərə görə girov tələb olunması o qədər də məntiqli deyil. Ona görə də vətəndaşlara verilən girovsuz kreditlərin əksəriyyəti ya çox az məbləğlidir, ya da bankların sahiblərinin yaxın adamlarıdır. Bank sahiblərinin yaxın adamlarına verilən kreditlər sözsüz ki, təhlükəli ola bilər. Məsələn, ölkədə ən iri müflis olan bank “Bank Standart” olub. Bu bankın zərəri 1 milyard 200 milyondur. İndiyə kimi də həmin zərər qalır, qarşılanmayıb. Bu bankın verdiyi kreditlər arasında çoxsaylı kreditlər var idi ki, bir şəxsə 5, digər şəxsə 10 milyon manat girovsuz kreditlər verilmişdi. Yəni, bu açıq-aşkar bank sahiblərinin, bank əməkdaşlarının bankdan pulu oğurlaması deməkdir. Lakin bir məsələ də ola bilər ki, bankın girovsuz kredit verdiyi şəxsin aylıq əmək haqqı 10-20 min manat olsun. Təbii ki, bu şəxsin ödəmə qabiliyyəti də yüksək olacaq və bank həmin şəxsə böyük miqdarda krediti girovsuz verəcək. Amma bu məbləğ 1 milyon manat olarsa, şübhə doğuracaq. O ki qaldı biznes kreditlərinə, banklar həmin kreditlərə girov götürürlər. Bəzi hallarda isə məsələn, banka yaxın şirkətlər olduqda girov tələb etmirlər”.