Gürcüstan Azərbaycanın haqq işinə dəstək verən ölkələrdəndir – Millət vəkili

17:59 24.10.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfərə gedib. Səfər çərçivəsində Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatda tərəflər bir sıra məsələlərə, o cümlədən iki ölkə arasındakı mövcud iqtisadi əməkdaşlığın səviyyəsinə toxunublar. Azərbaycanın dövlət başçısı bəyanatında vurğulayıb ki, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb: “Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, Gürcüstan ölkəmizin strateji müttəfiqlərindən hesab olunur: “Azərbaycanın reallaşdırdığı bütün regional layihələr məhz Gürcüstan üzərindən həyata keçirilib. Regional enerji və nəqliyyat layihələri Gürcüstan iqtisadiyyatında xüsusi paya malikdir. İki ölkə arasındakı ticarət dövriyyəsi də əhəmiyyətli səviyyədədir. Bu ilin ilk 9 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 525 milyon 737 dollar olub. Bu əvvəlki ilin ümumi dövriyyəsi ilə, demək olar, eynidir. Belə ki, 2021-ci ilin eyni dövründə ölkələr 549 milyon 297 min dollarlıq ticarət reallaşdırıblar. 2021-ci ildə isə illik dövriyyə 763 milyon 695 min dollar olub. Ötən il ölkələr arasındakı ticarət dövriyyəsi 2020-ci il ilə müqayisədə 30.0 faiz artıb. 2020-ci ildə 536 milyon 202 min dollarlıq dövriyyə qeydiyyata alınmışdı. Rəqəmlər də göstərir ki, ölkələr iqtisadi sahədə geniş əməkdaşlığa malikdirlər. Digər tərəfədən, Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə xüsusi töhvə verir. Bu ilin ilk 9 ayında Gürcüstana 1,9 milyard kubmetr qaz ixrac edilib. Bu Gürcüstana qaza olan tələbinin əhəmiyyətli hissəsi deməkdir. İqtisadi əməkdaşlıqla yanaşı, Gürcüstan Azərbaycanın haqq işinə dəstək verən ölkələrdəndir. Vətən Müharibəsində Gürcüstanın mövqeyi kifayət qədər təqdirəlayiq qiymətləndirilir. Bu isə münasibətlərimizin dayanıqlığını bir daha təsdiq edir”.

Siyasət rubrikasından digər xəbərlər