Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Cinayət Polisi Departamenti ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib.
Hafta.az xəbər verir ki, bu barədə departamentin direktoru David Kiknadze bu gün keçirdiyi brifinqdə bildirib.
Qeyd edib ki, əməliyyat nəticəsində 121 nəfər narkotik ittihamı ilə həbs olunub, onlardan 59 nəfər müxtəlif növ narkotik qaçaqmalçılığı ilə məşğuldur.
Departamentin direktorunun sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan vətəndaşları, həm də xarici ölkə vətəndaşları var.
Axtarış nəticəsində xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib.
Saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
Qeyd edilib ki, Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə qarşı barışmaz mübarizəsini fəal şəkildə davam etdirir. Bunu cari ilin ilk altı ayının statistik məlumatları da təsdiqləyir. Hesabat dövründə narkotik cinayətlərinə görə təxminən 5000 nəfər məsuliyyətə cəlb edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə narkotik cinayətlərinə görə məsuliyyətə cəlb olunanların sayı 85 faiz artıb.