Azərbaycan Ordusunun Hadrut yaşayış məntəqəsində düşmənə qarşı apardığı hərbi əməliyyatlar dünya hərb elmi üçün əhəmiyyətli hadisə hesab olunur. Şuşaya yol açan Hadrut əməliyyatının hərbi-strateji əhəmiyyəti xüsusilə vurğulanır. Prezident, Ali Baş Komandan İlham Əliyev də bu günlərdə Hadruta səfəri zamanı ordumuzun həyata keçirtdiyi əməliyyatı xüsusilə qeyd etdi.
Bu barədə “Həftə içi”nə şərh verən hərbi ekspert Ruslan İmamquliyev Hadrut əməliyyatının əhəmiyyətini yüksək dəyərləndirib.
R.İmamquliyev bildirir ki, Xocavənd rayonunun tərkib hissəsi olan Hadrutun – Ağoğlan qəsəbəsinin azad olunması bölgədə olan erməni silahlı qüvvələrinin döyüş əzminin qırılması baxımından ciddi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Füzulidən başlayan və Araz çayı boyunca gedən hərbi əməliyyatların şimala, yüksəklikdə yerləşən Hadruta qədər davam etməsi və Hadrutun azad olunması qarşı tərəfdə ciddi bir psixoloji-mənəvi uğursuzluğa şərait yaratdı.
Hərbi ekspert qeyd edir ki, Hadrutun azad olunmasına qədər düşmən tərəfdə belə bir düşüncə var idi ki, keçmiş “Dağlıq Qarabağa” toxunulmayacaq, əməliyyatlar daha çox Dağlıq Qarabağın ətrafında gedəcək:
“Bu məsələ Azərbaycan insanı üçün də önəmli idi. Bundan əvvəl bu şəkildə genişmiqyaslı əməliyyatlar həyata keçirilməmişdi. Hadrutun azad olunması Azərbaycan Ordusunun mənəvi-psixoloju ruhunu yüksəltdi.
Bildiyimiz kimi, Xocavənd rayonu keçmiş Dağlıq Qarabağın bir parçası kimi görünürdü. Xocavəndin cənub hissəsi olan Hadrutun azad olunması ilə düşmən fərqinə vardı ki, bu torpaqlarda duruş gətirə bilməyəcəklər. Sadəcə keçmiş Dalıq Qarabağ deyil, bütün ərazilərimizdə bu əməliyyatlar həyata keçiriləcək. Biz bunun davamını gördük. Növbəti əməliyyatlar daha da dərinliklərdə keçirildi. Hadrut istər Sovetlər zamanında, istərsə də 30 illik işğal zamanında daha çox hərbi məntəqə kimi istifadə olunub. Əgər o bölgəyə xəritə üzərindən baxsaq görərik ki, Hadrut Füzuli, Horadiz və Araz çayı boyu, Şükürbəyli kimi məntəqələrin rahatlıqla nəzarətə götürülə biləcək yüksəklikdə yerləşir. Belə bir yüksəklikdə olan və meşələrlə əhatə olunmuş məntəqənin azad olunması, eyni zamanda hərbi-taktiki baxımdan da əldə olunmuş uğur idi”.
R.İmamquliyev Hadrutun azad olunması ilə Şuşaya açılan hərbi yolun “yol xəritəsi”ni təqdim edərkən bildirib ki, Hadrutun azad olunması artıq bir neçə istiqamətlərdə döyüşlərin irəliləməsinə şərait yaratdı:
“Bunlardan biri Qırmızı Bazar ətrafında aparılan döyüşlər idi. Hadrutdan sonra növbəti məntəqələrin azad olunması isə məhz Laçın koridorunun tez bir zamanda azad olunması imkanını yaradırdı. Bundan sonrakı əməliyyatlarda məhz Güləbridin azad olunması ilə Şuşaya uzanan sıldırım qayaların, meşəliklərin artıq Azərbaycan silahlı qüvvələri tərəfindən nəzarətə götürülməsi baş verdi. Şuşaya giriş qarşı tərəfin dəyərləndirmədiyi, görə bilmədiyi sıldırım qayalardan icra olunmuş əməliyyatlar nəticəsində baş tutdu. Burada da Hadrutun azad olunması ciddi önəm kəsb edir. Hadrutun azad olunmasından sonra biz Qırmızı Bazar ətrafında gedən döyüşləri həyata keçirdə bildik”.
R.İmamquliyev bildirir ki, Hadrut əməliyyatının dünyanın hərb elminə bir nümunə kimi təqdim olunması əbəs deyil. Onun sözlərinə görə, Arazboyu Horadiz, Şükürbəyli, Cətyəndüzü daha çox düzənlik ərazilərdir:
“Biz bu ərazilərböyu irəliləməklə sadəcə Qubadlıya, Zəngilana yaxınlaşmış olardıq. Hadrutun azad olunması ilə birbaşa düzəngahdan yüksəkliyə doğru bir əməliyyatın icra olunması baş tutdu. Hansı ki, o yüksəklikdə düşmən müdafiə ehkamları qurmuşdu, ciddi şəkildə müdafiə olunurdu. Onların ciddi silah arsenalları, silah ambarları Hadrut ətrafında yerləşmişdi”.
Hərbi ekspert bildirir ki, belə bir ərəfədə şimal istiqmətində əməliyyatların icra olunması və bölmələrin daha çox düzəngah ərazidən dağlıq əraziyə doğru irəliləməsi çox çətin əməliyyat idi. Hadrut ərazisində əməliyyatlar keçirmək üçün texnika ilə irəliləmək mümkün deyildi:
“Orada bizim əsgərimizin fərdi silahlardan istifadə edərək əməliyyatları icra etməsi nəticəsində nailiyyət əldə olunmuşdur. Ona görə də bu, dünya hərb sahəsində ciddi nümunə olaraq qiymətləndirilir. Müasir əməliyyat və döyüşlərdə birbaşa şəxsi heyətin potensialı üzərinə əməliyyatların tərtib olunması, həyata keçirilməsi və uğur əldə ounması nadir görünəndir”.
R.İmamquliyev erməni işğalçılarının indi də Hadrutu hədəfə alması, yenidən işğala cəhd etmək istəkləri ilə bağlı çıxışlarını Ermənistanın informasiya müharibəsi zəmində revanşist təbliğatı adlandırıb. O, bu cür çıxışları əhəmiyyətsiz adlandırıb:
“Bu çıxışların heç bir əhəmiyyəti yoxdur. Martın 15-dən başlayan və 18-dək davam edəcək 3 günlük antiterror əməliyyatları zəminində Azərbaycan əməliyyat-taktiki təlimləri həyata keçirir. Azərbaycan Silahlı Qüvvələri deyil, bütün güc strukturları bu gün antiterror əməlyyatları keçirməyə hazırlıqlıdır. Bugünkü ərəfədə bölgədə ermənistan silahlı qüvvələrinin hər hansı əməliyyat keçirməsi nəinki gülüncdür, hətta kiçik qruplar sızdıraraq terrorçu əməliyyat keçirmələri də mümkünsüzdür. Onlarda o güc yoxdur, gücləri tükənib”.