“Münaqişə bölgəsinə yaxın olduğumuz üçün belə halların baş verməsi istisna deyil və heç kim bundan tam sığortalanmayıb”.
Bunu Hafta.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.
Ekspert vurğulayıb ki, sərhəd ölkələri adətən regionda baş verən hadisələrin təsirini ilk hiss edən tərəflər olur və dronların Azərbaycan ərazisinə necə düşdüyü dərindən araşdırılmalıdır.
Ş.Ramaldanov vurğulayıb ki, İranın gərgin dövründə Azərbaycan rəsmiləri İran tərəfi ilə müxtəlif görüşlər keçiriblər:
"Hətta Azərbaycan Prezidenti baş verən faciəli dağıntılarla bağlı İran səfirliyini ziyarət edərək başsağlığı diləklərini çatdırıb. Eyni zamanda dəfələrlə bəyan olunub ki, Azərbaycan ərazisinin İrana qarşı hər hansı məqsədlə istifadə olunmasına imkan verilməyəcək. Azərbaycanın mövqeyi və sözü dövlətin rəsmi mövqeyi hesab olunur və İran bu məsələdə heç vaxt Azərbaycana qarşı irad bildirməyib. Belə olduğu halda, İran dronunun Azərbaycanın strateji ərazisində düşməsinin səbəbi və izahı həmin ölkə tərəfindən verilməlidir".
Ş.Ramaldanov həmçinin qeyd edib ki, dronlar bəzən tam idarə olunmur və radioelektron vasitələrlə onların üzərində nəzarət əldə etmək mümkündür. O, hadisənin hansısa qüvvələrin müdaxiləsi nəticəsində baş verməsi ehtimalını da istisna etməyib.
Ekspert bildirib ki, İran daxilində bəzi qüvvələr Azərbaycanla İran arasındakı münasibətlərin gərginləşməsini arzulaya bilər və buna görə dronlardan istifadə olunma ehtimalı var:
"Ümumilikdə isə baş verənlər göstərir ki, regiondakı gərginlik yalnız Azərbaycanın deyil, qonşu ölkələrin də təhlükəsizliyi üçün ciddi nəticələr doğura bilər. Yəqin ki, müəyyən texniki imkanlarla həmin dronların marşrutu və hərəkətləri öyrəniləcək. Əgər İranın Azərbaycanla bağlı hər hansı narazılığı olsaydı, bu barədə xəbərdarlıq edilərdi. Ona görə də indi rəsmi qurumların əsaslandırılmış məlumatlarını gözləmək daha məqsədəuyğundur”.
Tahirə Qafarlı