Heydər Əliyev Fondu Qaradağ körpələrini hədiyyələrlə sevindirib

18:11 27.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondu Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Səma” şadlıq evində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sağlamlıq imkanları məhdud olan uşaqlar, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları üçün bayram şənliyi keçirib.

Hafta.az yazır ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon icra hakimiyyətinin məsul işçiləri, Emin Quliyev adına 9 nömrəli Xüsusi İnternat məktəbi, 6 nömrəli Uşaq Somatik Sanatoriyası və Müşfiq əlil uşaqlara yardım ictimai birliyi iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bildirib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin ümumdünya birlik günüdür. "1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağının əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir", - T.İsmayılova deyib.

O, Yeni ilin gəlişini uşaqlarımızın daha çox gözlədiyini də qeyd edərək bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva respublikada yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlara böyük məhəbbət və diqqətlə yanaşır, onlara dövlət qayğısı göstərirlər. Ənənəvi olaraq həmişə Yeni il münasibətilə uşaqlar üçün xeyriyyə tədbirləri keçirilir. Bugünkü mərasimi də həmin tədbirlərdən biri hesab etmək olar. Sonra çıxışına davam edərək uşaqların keyfiyyətli təhsil alması, onlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və qayğı ilə əhatə olunması üçün, sağlam mənəvi və sosial müdafiə mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipi olduğunu bildirib. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Son illərdə Birinci vitse-Prezident Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu tərəfindən uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik irimiqyaslı layihələr, sosial proqramlar həyata keçirilir.

Daha sonra tədbir rayonun 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin, 28 nömrəli Musiqi məktəbinin və “Sevinc” uşaq bağçasının uşaqlarının bayram konserti ilə davam etdirilib. Şaxta baba, Qar qız, klounların şən zarafatları bayram ovqatını daha da artırıb. 

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən uşaqlara Yeni il hədiyyələri verilib. Sahil qəsəbəsindəki “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin, E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin və Lökbatan qəsəbəsindəki 9 nömrəli uşaq somatik sanatoriyasının rəhbərliyi uşaqlara göstərilən bu diqqət və qayğıya görə Heydər Əliyev Fonduna təşəkkürlərini bildiriblər.