Son günlərin əsas müzakirə mövzularından biri icbari tibbi sığorta məsələsidir. 2020-ci ilin yanvar ayından etibarən tətbiqinə başlanacağı barədə mətbuata açıqlama verilib. Lakin ictimaiyyət üçün qaranlıq qalan bir çox məqamlar var. “Həftə içi” qəzeti vətəndaşları maraqlandıran suallarla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu göndərib. Vətəndaşları maraqlandıran sualların cavabını təqdim edirik:
- İcbari tibbi sığortanın tətbiqinə çox az bir vaxt qaldı. Mexanizmin işə düşməsi üçün hazırlıqlar hansı mərhələdədir?
- Ötən ilin sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalanıb. Fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib (https://its.gov.az/site/assets/files/1066/tbib_siyahi.pdf). Sözügedən fərmanın icrası məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı hazırlanmışdır. Agentlik tərəfindən görülən ilk işlərdən biri “Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsinə dair təkliflər” sənədinin hazırlanması (https://its.gov.az/az/media/press-reliz) oldu. Təkliflərə əsasən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 2020-ci ildən etibarən tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədi ilə ilkin mərhələdə 16 indikatorun tətbiqi planlaşdırılıb. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək.
Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (bundan sonra İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. Bu günədək internetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 122 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3645 ədəd kompüter avadanlığı ilə təchiz olunub.
İKT sahəsi üzrə görülən işlər tibb müəssisələrinin personalı üçün müvafiq təlimlərin keçirilməsini də zəruri etdi. Bu məqsədlə iyul ayından başlayaraq Agentliyin əməkdaşları tərəfindən ölkə üzrə bütün tibb müəssisələrinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün xəstəxanaların tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlər keçirildi.
Ölkədə icbari tibbi sığortanın tətbiqini təmin edəcək vacib tədbirlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır. Sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, müştərək maliyyələşmə məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Həmçinin, qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. İcbari tibbi sığortanın ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda “Həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Sözügedən tədbirlər planına əsasən ölkə əhalisini icbari tibbi sığorta barədə məlumatlandırmaq məqsədilə Agentlik tərəfindən respublikanın müvafiq regionlarında maarifləndirici tədbirlər təşkil olunur. İlin sonuna qədər digər regionlarda və paytaxt Bakıda, eləcə də ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin yerli qeyri-hökumət təşkilatları tərəfindən cari ilin avqust ayından başlayaraq respublikanın müxtəlif regionlarında, eləcə də Bakıda icbari tibbi sığorta barədə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər keçirilib.
Eyni zamanda icbari tibbi sığorta haqqında çap materiallarının, videoçarxların hazırlanması və məlumatlandırıcı postların hazırlanaraq Agentliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılması istiqamətində də işlər həyata keçirilir.
Tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidini təmin etmək məqsədilə tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif mövzularda təlimlər keçirilir.
Həmçinin 2020-ci ilin 1 yanvar tarixindən etibarən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə hazırlıq çərçivəsində 20 inzibati ərazidə 4 istiqamət üzrə tədbirlərin icrası davam edir: ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi, təcili və təxirəsalınmaz tibbi yardımın təşkili, xəstəxanalarda tibbi xidmətin təşkili və xəstəxanalarda tibbi sığorta işinin təşkili.
Qeyd olunan istiqamətlər üzrə tədbirlərin mərhələli şəkildə digər bölgələrdə də aparılması nəzərdə tutulub.
- İcbari tibbi sığortanın tətbiqinə ilk növbədə bölgələrdə başlanılacaq. Əvvəl də iki – Yevlax, Mingəçevir kimi rayon və şəhərdə tətbiq edilmişdi. Niyə məhz Bakı və Sumqayıt kimi daha böyük şəhərlərdə prosedura test-sınaq kimi başlanmadı? Nəzərə alsaq ki, xəstələr daha çox paytaxta üz tuturlar...
- Qeyd olunmalıdır ki, pilot ərazilərin müəyyən edilməsi zamanı ərazilərin demoqrafik göstəriciləri, o cümlədən uşaqların, pensiyaçıların və iqtisadi fəal əhalinin sayı, mövcud tibbi xidmət şəbəkəsi və tibb müəssisələrinin (xüsusilə də xəstəxanaların) maddi-texniki vəziyyəti, tibbi kadrlarla təchizatı, dövlət büdcəsindən ayrılan səhiyyə xərcləri nəzərə alınıb. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan Agentlik həm şəhər, həm də rayon tipli ərazidə pilot layihənin tətbiqini sınaqdan keçirib.
01 yanvar 2020-ci il tarixindən etibarən isə icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi nəzərdə tutulur. İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edib. Təklifə əsasən icbari tibbi sığortanın uğurla tətbiq olunması məqsədilə islahatların Azərbaycanın rayonlarından başlanılması, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin isə 2020-ci ilin sonuncu rübündə sistemə qoşulması nəzərdə tutulub. Milli Məclisin 3 dekabr 2019-cu il tarixli plenar iclasında “Tibbi sığorta haqqında” Qanununa qəbul edilmiş dəyişiklilərdən biri məhz icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərti ilə mərhələli şəkildə tətbiqi ilə bağlıdır.
Mərhələli keçidinin bölgələrdən başlanılması tibb müəssisələrinin komplektləşdirilməsinə və əhalinin gündəlik tibbi xidmətlərə olan ehtiyacının daha effektiv şəkildə qiymətləndirilməsinə imkan verəcək. Eyni zamanda bölgələrdə yaşayan əhalinin tibbi xidmətlərə əlçatanlığını daha da artıracaq. Mərhələli keçid rayonların kadr potensialının gücləndirilməsinə, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinə və müasir avadanlıqlarla təchizatının yüksəldilməsinə, İT infrastrukturunun yaradılmasına, qeydiyyat prosesinin və xəstəxanaların idarəedilməsi üzrə proqram təminatının tam həcmdə işə salınmasına imkan verəcək. O cümlədən ən çox rast gəlinən xəstələnmə hallarının profilaktikasının və müalicəsinin operativ təşkilinə, yarana biləcək risklərin qarşısının alınmasına, effektiv qabaqlayıcı tədbirlərin təşkilinə şərait yaradacaq.
- Bir ailədə iki nəfərdən biri işləyir, digəri işsiz statusundadır. İşsizlik statusu almış şəxslər sığorta paketindən yararlana biləcəkmi? Və ya şəxs xəstəxanaya müraciət edəndə, “icbari sığortan yoxdur” deyib, məşğulluq idarələrinə yönləndirilirsə, orada təklif olunan iş qane etmədikdə müalicə almağı üçün nə etməlidir?
- “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqda bərabər hüquqa malikdir. Belə ki, Qanuna görə 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.
Həmçinin, dəyişikliklərə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək.
Qanuna edilən dəyişikliyə görə icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə Agentlik tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq. Qeyd edək ki, Qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.
Mərhələli tətbiqlə bağlı ətraflı məlumatla tanış olmaq üçün aşağıda göstərilmiş linkə keçid etməyiniz xahiş olunur. https://its.gov.az/bloq/icbari-tibbi-sigortanin-2020-ci-ilde-olke-uzre-merheleli-sekilde-tetbiqi-teklif-olunur
Qeyd edək ki, 1 yanvar, 2020-ci ildən etibarən icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibb müəssisələrinə müraciət edən bütün vətəndaşlar elektron qaydada qeydiyyatın aparılması üçün şəxsiyyət vəsiqələrini qeydiyyatçıya təqdim etməlidirlər.
- İcbari tibbi sığorta dövlət xəstəxanalarında tətbiq olunacaq. Lakin bir çox hallarda insanlar dövlət xəstəxanalarında yetərli müalicə ala bilmədiyi halda özəl xəstəxanalara müraciət edirlər. Xatırlatsaq ki, Agentlik 5-ə yaxın özəl xəstəxanalara tətbiqini açıqladı. Niyə bu say azdır?
- 2020-ci ilin yanvar ayından başlayaraq icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstərəcək dövlət tibb müəssisələrinin siyahısı ((https://its.gov.az/files/1/tbib_siyahi.pdf ) Agentliyin saytında yerləşdirilmişdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot layihə müddətində baza zərfinə daxil olan, lakin icbari tibbi sığortanın tətbiq olunduğu inzibati ərazilərdəki (Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonları) dövlət tibb müəssisələrində icrası mümkün olmayan tibbi xidmətlərin göstərilməsi məqsədilə qeyri-dövlət tibb müəssisələri ilə müqavilələr bağlamışdır.
1 yanvar, 2020-ci ildən etibarən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Agentliyin nəzdindəki TƏBİB-in tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri veriləcək ki, onların 438-i müxtəlif səviyyəli və profilli xəstəxanalardır. Xidmətlər zərfində nəzərdə tutulan, lakin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibb xidmətlərin əhaliyə göstərilməsi üçün qeyri-dövlət tibb müəssisələri ilə müqavilələrin bağlanılması nəzərdə tutulmuşdur.
2020-ci ildə qüvvədə olacaq xidmətlər zərfi təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
-Azərbaycanda İTS əsasən hansı ölkələrin praktikasına üstünlük verir?
- Məlumdur ki, icbari tibbi sığorta davamlı dəyişən, inkişaf edən sistemdir və hər bir ölkə tətbiq etdiyi modelini təkmilləşdirilməsi üzərində çalışır. Agentliyin məqsədi hansısa ölkənin modelini olduğu kimi Azərbaycanda tətbiq etmək deyil. Hədəf - mövcud modelləri, təcrübələri araşdırıb, onların ən yaxşı cəhətlərini seçərək ölkədə hansı mexanizmlərin işləyib-işləməyəcəyini müəyyən etmək, yerli səhiyyənin xüsusiyyətlərini və potensialını nəzərə alaraq Azərbaycan üçün ən uyğun və dayanıqlı icbari tibbi sığorta modelini tətbiq etməkdir.
İcbari tibbi sığorta sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Agentliyin əməkdaşları bu günə qədər bir çox Avropa, MDB ölkələrinə, habelə Türkiyə, Cənubi Koreya və s. ölkələrinə səfərlər etmişlər. Səfərlər zamanı qeyd olunan ölkələrin tibbi sığorta sisteminin iştirakçı qurum və təşkilatları ilə görüşlər keçirilmişdir. Görüşlərdə səhiyyə sisteminin maliyyələşməsi, hesabatlılığı və monitorinqi, səhiyyəyə ayrılan maliyyə resurslarından səmərəli istifadə mexanizmləri və tibbi sığorta sisteminin təşkili, tibb təchizatçılarının maliyyələşmə mexanizmləri, səhiyyə işinin təşkili, tibbi xidmətlərin planlaşdırılması, dərman vasitələri ilə təchizat, tibb təchizatçılarına və tibbi xidmətlərin keyfiyyətinə nəzarət, müvafiq informasiya texnologiyalarının tətbiqi, habelə qurumlar arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir. Səfər müddətində təqdim olunmuş təqdimatlar, materiallar və digər aidiyyəti sənədlər təhlil edilmiş və təkliflər hazırlanmışdır.