“Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. “Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq, - deyə dövlətimizin başçısı qeyd edib.
Bu gün Azərbaycanın dünyada çox etibarlı tərəfdaş kimi tanındığını vurğulayan Prezident İlham Əliyev deyib:
“Tərəfdaşlar bilirlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik”.
Dövlətin və millətin mövcudluğu üçün zəruri olan təhlükəsizlik və milli maraqlar bir-birini tamamlayan əsas faktorlardır. Belə ki, təhlükəsizlik mühiti olmadan milli maraqlar, milli maraqlar təmin edilmədikdə isə təhlükəsizlik şəraiti yaradıla bilməz. Geniş mənada təhlükəsizlik ölkənin, millətin, xalqın və nəhayət, hər bir vətəndaşın fəaliyyətinin, yaşam tərzinin təməl daşıdır, sabitliyin qarantıdır. Milli, iqtisadi, hərbi siyasətin əsas məqsədi sabitliyin təmin olunması, təhlükəsizlik mühitinin yaradılmasıdır. Çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin mövcud olduğu Azərbaycan Respublikasında əsrlərdən gələn birgəyaşayış, milli və dini dözümlülük mühiti buradakı insanların hüquqlarının təmin olunmasında əsas rol oynayır. İnsanlarda milli şüur və siyasi şüurun formalaşması, qədim ənənələrin bu günə daşınması onun inkişafının mühüm amillərindəndir. Bu yöndə ideoloji təbliğatın aparılması və zəruri informasiya mühitinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti hər zaman müxtəlif müşavirə və toplantılarda şəffaflığın təmin olunması, məmur-vətəndaş münasibətləri məsələsinə toxunub. Burada əsas məqsəd ölkənin sosial-rifah halının yaxşılaşdırılması, şəffaf və proqressiv üsulla ölkəni zirvələrə qaldırmaqdır. Ölkə başçısı ictimai nəzarətin təmin olunmasında vətəndaş cəmiyyəti və medianın bu işdə özünün ən yaxın köməkçisi hesab edib:
“Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Bu, indiki zamanda özlüyündə bir nailiyyətdir. Biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. O ki qaldı, daxildə mövcud olan risk mənbələri, bunlar demək olar ki, yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır - həm ideoloji sahədə, həm də sərhədlərimizin qorunmasında. Ümumiyyətlə, biz həmişə Azərbaycanı mümkün olan risklərdən qorumağa çalışırıq ki, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın. Hesab edirəm ki, buna nail olmuşuq. Jurnalistlər özləri də bilmədən, mənim köməkçilərimdirlər”.
Dünyanın aparıcı gücləri-ölkələri və təşkilatları istər beynəlxalq aləmdə, istərsə də öz dövlətlərində hər hansı ciddi problem və məsələ ilə bağlı ictimai rəy formalaşdırmaq, tərəfdarlar tapmaq üçün informasiyadan və ümumilikdə KİVdən istifadə edirlər. Beləliklə, öz maraqlarının təbliği və qarşı tərəfin gözdən salınması kampaniyası başlanır. Bununla da KİV bəzən haqlı, ədalətli, bəzən də qeyri-obyektiv mövqedən çıxış etməli olur. Dünyamızın qarışıq olduğu indiki vaxtda isə obyektiv mövqeyi heç də həmişə qoruyub saxlamaq mümkün deyil. Zaman sübut edir ki, indiki informasiya mübarizəsində üstün olan dövlət uğur qazanır, öz tələblərini diqtə edir, bəzən də münaqişə yaradır. Təbliğat vasitəsinə çevrilən KİV-lər isə onun tribunası rolunu oynayır.
Ölkədə effektiv idarəetmə həyata keçirilməsi və dövlət qurumlarının fəaliyyətinin şəffaf olması prosesində gənclər siyasəti qaçılmazdır. Belə ki, bu gün gənclər siyasətinin inkişaf etdirilməsi üçün dövlət başçısı bir sıra addımlar atır. Çıxışlarında da bunu hər zaman ifadə edib. Qhtxeber.az-ın baş redaktoru Sənən Nəcəfov hafta.az-a açıqlamasında dedi ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, inkişafı üçün yaradılan şərait və imkan təbii ki, bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir: “Ötən illər ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm işlər görülüb, böyük nəticələr əldə edilib. Azərbaycanda bütün sahələrdə gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı genişlənib. Araşdırmalar göstərir ki, 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Son illər Bakıda və regionlarda istifadəyə verilən "Gənclər ev”ləri gənclərin fərdi inkiaşflarına və yetişməkdə olan nəslin maraq dairəsini genişləndirməsinə böyük təkan verib. Bəllidir ki, Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə, vacib forum və konfranslara ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Bu tədbirlər həm də dövlətimizin uğurla həyata keçirdiyi gənclər siyasətinə də töhfələr verir. Belə ki, Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunur, əcnəbi həmyaşıdlaı ilə təmas qurur, ünsiyyətədə olur, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırırlar”.
Araşdırma zamanı məlum oldu ki, mərkəzi icra hakimiyyəti orqanlarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası yanında ictimai şuralar yaradılıb. Yerli icra hakimiyyəti orqanlarından isə bir ikisini çıxmaq şərti ilə heç birində bu şuralar yaradılmayıb. İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və onun icrasının qanunvericiliyə uyğun olmasını diqqətdə saxlamaq, vətəndaşların mənafe və hüquqlarının qorunmasına yardımçı olmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin təşəbbüsü ilə parlamentdə “İctimai iştirakçılıq” haqqında qanun qəbul edilməsini QHT-dövlət münasibətlərinin tənzimlənməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, qərarların qəbul olunmasında vətəndaş iştirakçılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: “Qanunun tələbinə görə yerli və mərkəzi icra hakimiyyəti orqanları yanında İctimai şuralar yaradılmalıdır. Bu qanunun qəbul edilməsinədək bildiyim qədər bir neçə dövlət qurumunda, o cümlədən Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində belə şuralar fəaliyyət göstərirdi. Bu qanunun tələblərindən irəli gələrək bütün mərkəzi və yerli icra hakimiyyəti strukturları yanında İctimai Şuralar qurulmalıdır. Ötən müddət ərzində müxtəlif dövlət orqanları artıq bu məsələ ilə müvafiq addımlar atıblar. Cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasındakı çıxışında hökumətin fəaliyyətinə ictimai nəzarət vacibliyini vurğuladı. Biz bunu bilavasitə QHT-lərə ünvanlanmış çağırış kim qəbul etdik və dərhal fəaliyyət başladıq. Belə ki, Şuranın təşəbüsü ilə ölkənin bir sıra aparıcı QHT-lərini iştirakı ilə toplantı keçirdik, geniş müzakirələr apardıq və nəticədə ictimai nəzarətin təşkili mexanizmlərinin müəyyən edilməsi və konkret addımların atılması üçün 3 istiqamət üzrə işçi qruplar yaradıldı: 1. İqtisadi məsələlər; 2. Sosial məsələlər; 3. İctimaiyyətlə əlaqələr. Burada ən müxtəlif sahələr üzrə illərdir cəmiyyət üçün faydalı layihələr icra edən, QHT sektorunda aktiv fəaliyyət göstərən QHT-lər toplaşıb. Bu işçi qruplar artıq fəaliyyətə başlayıb, onların aidiyyatı nazirliklərdə görüşlər keçirməsi və vətəndaşlardan gələn müraciətləri səlahiyyətli şəxslərlə müzakirə etməsi nəzərdə tutulur. Hər işçi qrupunun iş planı mövcuddur. Bu plan əsasında onlar QHT-lərdən gələn təkliflərləri cəmləşdirərək müavfiq qurumlara çatdıracaqlar. Eyni zamanda paytaxt və regionlarda maarifləndirici görüşlərin keçirilməsinə də başlanılacaq”.
QHT rəhbəri Səbuhi Abbasov qeyd edib ki, ictimai nəzarət mexanizminin yaradılması ilk növbədə Cənab Prezidentin təşəbbüsüdür: “Təəssüflə qeyd etməliyəm ki, bəzi dövlət qurumları ictimai nəzarət, QHT adı gələn kimi sanki təşvişə düşürlər və maksimum şəkildə bu prosesləri əngəlləməyə çalışırlar. Yəni bu sahədə maneə faktoru var və bunu danmamalıyıq. Eyni zamanda biz bu faktoru nəzərə alaraq səmərəli iş qurmalıyıq. İlk növbədə dövlət qurumları bu tip nəzarət mexanizmlərinin qurulması üçün sosial sifarişlər verməlidirlər. Lakin ictimai nəzarət şuralarının tərkibini həmin dövlət qurumları müəyyən etməməlidir.
Milli maraqlarımız
Azərbaycan Respublikasının 2007-ci ildə qəbul olunmuş Milli təhlükəsizlik konsepsiyasında müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması birinci sırada olmaqla milli (dövlət) maraqlarımızın doqquz istiqaməti qeyd edilib. Ondan üç il öncə (2004) qüvvəyə minən “Milli təhlükəsizlik haqqında” qanunda ölkənin milli təhlükəsizliyinin təmin olunmasının əsas prinsiplərindən biri kimi ictimai və dövlət maraqları arasında tarazlığın saxlanılması göstərilib. Əslində, ictimai maraq heç də yekcins deyil və cəmiyyətin ayrı-ayrı kəsimlərinin maraq və mənafelərinin məcmusu kimi özünü büruzə verir. Milli və ya dövlət maraqları isə ictimai maraqların fövqündə dayanaraq xalqın fundamental dəyər və məqsədlərini, ölkənin tərəqqisi naminə siyasi, iqtisadi, sosial və sair tələbatları ehtiva edir. İctimai maraqlar dövlətin daxili, milli maraqlar xarici siyasəti ilə bağlıdır. Lakin bu fərqlərə rəğmən ölkənin ictimai və milli maraqları bir-birini tamamlayır.
Milli təhlükəsizlik və dövlət maraqları
Milli dövlət maraqları probleminin iki aspekti var: bütövlükdə, xüsusi maraqların millətin nöqteyi-nəzərindən ümumiliyinin dərk olunmasına əsaslanan daxili və xarici aspektlər. Milli dövlət maraqlarının müxtəlif aspektləri kimi ümumi və xüsusi maraqlar müxtəlif inkişaf meyillərinin vəhdətini təşkil edir. Ümumi və xüsusi maraqlar arasında ziddiyyətlər zəruridir və bu milli dövlət maraqlarının öz təbiətindən irəli gəlir. Azərbaycanda milli dövlət maraqlarının gerçəkləşməsi prosesində "etnik-milli mənsubiyyətlə vətəndaşlıq, milli dövlət mənsubiyyəti arasındakı fərqlər, bu fərqlərin fəlsəfi-etik və sosial-siyasi aspektlərdə dəyərləndirilməsi zərurəti ön plana çəkilir.
İctimai nəzarət mexanizmi
Dünya təcrübəsi də göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur və adətən uğurlu alınır. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da ictimai şuranın yaradılmasını idarəçilikdə qüsurları müəyyənləşdirmək baxımından ən effektiv üsul sayır. Onun sözlərinə görə, şura üzvləri heç bir məsləhətləşmə aparmadan müvafiq strukturların iş fəaliyyətinə nəzarət edə bilər. Bəzi qurumların hələ də ictimai şura yaratmadığına diqqət çəkən S.Məmmədovun fikrincə, buna səbəb həmin təşkilatların onların işinə nəzarət edən şuralardan qorxmasıdır: "Qanunverici orqanda da bu yöndə qanun qəbul olundu amma hələki nəticə yoxdur. İctimai Şuranın yaradılması və işində ən aktiv iştirak edən qurum Ədliyyə Nazirliyi ilə yanaşı Dövlət Qulluğuna qəbul üzrə Dövlət Komissiyasıdır. Biz hətta onların işində ekspert kimi də iştirak edirik. Orada gedən bütün proseslər bizə bəllidir və lazım gəldikdə bu barədə açıqlamalar da veririk. Nazirlər Kabinetinin 171 və 172 saylı qərarları var ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ictimai şuraların və ictimai iştirakçılığın digər formalarını tətbiq etməlidir. Müvafiq əsasnamələr qəbul olunub". Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yeni təşəbbüslə çıxış etdiyini deyən Sahib Məmmədova görə, ictimai nəzarətlə bağlı daha təkmil qanun ortaya çıxmalıdır.
“Hafta.az”saytı
Ruzbeh Məmməd
Qeyd: Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsinə təqdim olunur.