Bir aydan çox davam edən və Hörmüz boğazının bağlanması kimi kritik addımlarla bütün dünyaya təsir edən Yaxın Şərqdəki müharibə ilə bağlı pərdəarxası söhbətlər üzə çıxıb.
ABŞ-da yerləşən New York Times (NYT) qəzeti "Tramp ABŞ-ı İranla müharibəyə necə sürüklədi?" başlıqlı məqaləsində ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibəyə aparan prosesi ətraflı şəkildə işıqlandırıb. Hökumət mənbələrinə əsaslanan məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu 11 fevralda Trampa və Ağ Evdəki kiçik bir müşavir qrupuna İranın dini lideri Əli Xameneinin öldürülməsini, İran ordusunun iflic olmasını, xalq üsyanının başlanmasını və ölkədə dünyəvi hökumətin qurulmasını nəzərdə tutan 4 mərhələli plan təqdim edib. ABŞ tərəfini kürd elementlərinin İraq sərhədindən İrana daxil olması və şimal-qərbdə quru cəbhəsi açması ehtimalını özündə ehtiva edən planla bağlı razı salmağa çalışan Netanyahu, "hərəkətsizlik risklərinin hərəkət risklərindən daha çox olduğunu" bildirib.
Məlumata görə, İsrail hökuməti İran rejimi devriləcəyi təqdirdə ölkəni ələ keçirə biləcək potensial yeni liderlərin siyahısını da təqdim edib. İsrailin namizədləri arasında İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin sürgündəki oğlu Rza Pəhləvi də var idi. Təqdimatdan sonra Tramp Netanyahuya planla bağlı "Bu, mənə uyğundur" deyib.
Ağ Evdəki görüşdən bir gün sonra, 12 fevralda, yalnız ABŞ rəsmilərinin qatıldığı iclasda kəşfiyyat hesabatları müzakirə edilib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff İsrailin rejim dəyişikliyi ssenarisini "gülünc" adlandırıb. ABŞ dövlət katibi Marko Rubio müdaxilə edərək deyib: "Başqa sözlə, bu, tamamilə cəfəngiyatdır". Bu yaxınlarda Azərbaycandan qayıdan ABŞ vitse-prezidenti Ceyms Devid Vens də müzakirəyə qoşulub. Vens İranda rejim dəyişikliyi ehtimalı ilə bağlı ciddi narahatlıqlarını ifadə edib. Bundan sonra Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynə müraciət edərək soruşub: "General, nə düşünürsünüz?" General Keyn İsrailin mümkün rejim dəyişikliyi ilə bağlı ssenarisinə cavab olaraq deyib: "Mənim təcrübəmə görə, bu, israillilər üçün standart prosedurdur. Onlar şişirdirlər və planları həmişə yaxşı hazırlanmır. Onlar bizə ehtiyac duyduqlarını bilirlər və buna görə də planlarını israrla reklam etməyə çalışırlar." Bütün bunlardan sonra Tramp rejim dəyişikliyinin "onların problemi" olduğunu bildirib. Trampın İsraili, yoxsa İranı nəzərdə tutduğu bəlli deyildi.
Məlumata görə, Ağ Evdə bu hadisələr cərəyan edərkən Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff və kürəkəni Cared Kuşner İran rəsmiləri ilə dolayı danışıqlar aparıblar. ABŞ tərəfi Tehranın nüvə zənginləşdirməsində israrının əsl məqsədini anlamaq məqsədilə İrana nüvə proqramından imtina etməsi müqabilində "pulsuz nüvə yanacağı" təklif edib. Lakin İran rəsmiləri bu təklifi rədd edərək bunu "şərəflərinə hücum" adlandırıblar. Vitkoff və Kuşner Ağ Evə danışıqların aylar çəkə biləcəyini və iranlıların "oyun oynadığını" bildiriblər. 26 fevralda Tramp Ağ Evdə görüşə "Bəs bizdə nə var?" sualı ilə başlayıb. Tramp sızma riski səbəbindən çox az iştirakla keçirilən görüşdə iştirak edənlərin fikirlərini eşitmək istədiyini bildirib. Vitse-prezident Vens İranla müharibəyə qarşı olduğunu bildirib və deyib: "Bilirsiniz, mən bunun pis fikir olduğunu düşünürəm, amma bunu etmək istəyirsinizsə, mən sizi dəstəkləyəcəyəm". Ağ Evin aparat rəhbəri Suzi Uayls Trampa deyib: "Əgər bunun ABŞ-ın milli təhlükəsizliyi üçün zəruri olduğunu düşünürsünüzsə, davam edin."
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff müharibəni dəstəkləmək barədə qəti fikir bildirməsə də, təəccüblü bir kəşfiyyat hesabatı təqdim edib. Retkliff İranın Ali Lideri Əli Xameneinin gündüz vaxtı açıq havada digər yüksək vəzifəli şəxslərlə görüşəcəyini və bu da hava hücumu üçün unikal bir fürsət yaratdığını söyləyib. Retkliff deyib: "Əgər demək istədiyimiz tək şey Ali Lideri öldürməkdirsə, yəqin ki, bunu edə bilərik." ABŞ müdafiə naziri Pit Heqset "əgər iranlılarla sonda məşğul olacaqlarsa, bu, indi edilə bilər" fikrini ifadə edib. Heqset həmçinin potensial əməliyyatın "müəyyən bir müddət və mövcud qüvvələrlə" keçirilə biləcəyini bildirib. ABŞ dövlət katibi Marko Rubio şərh edib: "Məqsədimiz rejim dəyişikliyi və ya üsyandırsa, bunu etməməliyik. Amma məqsəd İranın raket proqramını məhv etməkdirsə, bu, əldə edilə bilən bir məqsəddir." Otaqdakı hər kəsin fikirlərini dinlədikdən sonra Tramp deyib: "Düşünürəm ki, bunu etməliyik." Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyini və İranın İsrailə və ya regiondakı digər ölkələrə raket atmasının qarşısını almağın vacibliyini söyləyib. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Keyn Trampa daha çox vaxtı olduğunu və ertəsi gün saat 16:00-a qədər qərar verə biləcəyini söyləyib. Növbəti gün, General Keynin təyin etdiyi son tarixdən 22 dəqiqə əvvəl, Birinci Hava Qüvvələrinin göyərtəsində Tramp əmr verib: "Epik Qəzəb Əməliyyatı təsdiqləndi. Ləğv yoxdur. Uğurlar."