İran Xarici İşlər Nazirliyi ABŞ qüvvələrinin ölkə ərazisinə hava hücumlarını pisləyən bəyanat yayıb.
Hafta.az yazır ki, bəyanatda qeyd olunur: "İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun iyulun 9-u (cümə axşamı) sübh çağı ölkənin cənub sahilyanı vilayətlərindəki bir neçə məntəqəyə, eləcə də şərq vilayətlərində yerləşən və müqəddəs Məşhəd şəhərinə gedən dəmir yolu xətti üzərindəki iki körpüyə qarşı həyata keçirdiyi, şübhəsiz ki, aşkar hərbi cinayət təşkil edən təcavüzkar hücumlarını ən kəskin şəkildə pisləyir; qeyrətli İran xalqının öz ərazi bütövlüyünü, suverenliyini və milli təhlükəsizliyini müdafiə etmək barədə qətiyyətli iradəsini bir daha bəyan edir".
Bildirilir ki, Hörmüz boğazında çərşənbə axşamı günü qanun pozuntusuna yol vermiş bir neçə tranzit gəmisi ilə bağlı baş verdiyi iddia edilən hadisələrə reaksiya bəhanəsi altında son 48 saat ərzində ABŞ-nin İrana qarşı yönəlmiş hücumları, nəinki BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin aşkar şəkildə pozulması, həm də "Müharibənin başa çatdırılmasına dair Anlaşma Memorandumu"nun 1-ci və 5-ci bəndlərinin kobud surətdə tapdalanmasıdır. Bu, ABŞ-nin müharibənin başa çatdırılması barədə sazişə davamlı olaraq sadiq qalmamasını əsaslandırmaq üçün irəli sürdüyü bəhanədən başqa bir şey deyil.
ABŞ iranlıların öz inqilab amallarına olan sədaqətinin və vətənpərvərliyinin əzəmətini dərk etməkdə aciz qaldığını kompensasiya etmək üçün təhqir, yalan və hərbi təcavüzə əl atıb, o cümlədən Məşhəd-ər-Rza istiqamətindəki dəmir yolu marşrutunu hədəfə alıb.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, ABŞ prezidentinin və digər rəsmilərinin böyük İran millətinə qarşı yönəlmiş cılız ritorikalarına qarşı nifrətini ifadə etməklə yanaşı, onların iyunun 18-nə təsadüf edən "Müharibənin başa çatdırılmasına dair Anlaşma Memorandumu"na sadiq qalmadıqlarını açıq şəkildə etiraf etmələrini, ABŞ hakimiyyətinin əhdəvəfasızlığının, rəzalətinin, müharibəpərəstliyinin və şər xislətinin növbəti bariz sübutu hesab edir.
Xarici İşlər Nazirliyi İran İslam Respublikasının öz milli suverenliyini, ərazi bütövlüyünü müdafiə etmək və təcavüzkarları cəzalandırmaq əzmində olduğunu vurğulayır. İran İslam Respublikası, ABŞ hakimiyyətinin əhdəvəfasızlığının, qorxutma siyasətinin və rəzalətinin İranın milli hüquq və mənafelərinə xələl gətirməsinə heç bir vəchlə icazə verməyəcək.