Karantin öncəsi ticarət obyektlərində son gün - Reportaj

15:29 11.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində gündəlik yoluxma sayında son zamanlarda baş  vermiş kəskin artım nəzərə alınaraq, dekabr ayının 14-dən etibarən sərt karantin rejimi tətbiq ediləcək. Koronavirus ölkəmizdə yayıldığı ilk gündən etibarən, tətbiq edilən karantin qaydalarında ticarət obyektlərininfəaliyyətinə məhdudiyyətlər qoyulub. Pandemiya əksər biznes sahələrinə öz mənfi təsirini göstərir. Düzdür, bu durumda qazanan müəsisələr də var. Lakin, biz bu dəfə sizlərə virusun, geyim və məişət avadanlıqlarının satışına vurduğu ziyanlar haqqında bəhs edəcəyik.

Mövzu ilə bağlı olaraq, hata.az-ın əməkdaşı şəhərin bir sıra geyim və məişət mağazalarına üz tutdu.

Əvvəlcə onu qeyd edək ki, əksər satış obyektlərində, sərt karantinin tətbiqi ilə bağlı son günlər qiymətlərdə xeyli endirimli təkliflər var. Bunu alıcıların sıxığından da hiss etmək mümkün idi. Belə endirimlərə daha çox geyim mağazalarında rast gəlmək mümükündür.

İlk olaraq, Neftçilər metrosu yaxınlığında yerləşən “Daniela Bruga” kişi geyimləri mağazasının rəhbəri Elnur bəy ilə həmsöhbət olduq.

O, deyir ki, bu gündən etibarən mağazada bütün satışlar yanvarın 18-nə qədər dayandırılır. Hətta, online satış belə həyata keçirilməyəcək. Son bir neçə gündür ki, sərt karantinlə bağlı olaraq, mallara endirim edilir. Satışlar isə elə əvvəlki qaydadadır. Elə də xüsusi canlanma yoxdur:

“Bu hal ilə artıq növbəti dəfədir ki, qarşılaşırıq. Keçən dəfəki sərt karantin rejimində, mağazada 2 satıcım var idi, hər ikisinə dövlət tərəfindən maddi dəstək edildi, maaşlarının bir qismi ödənildi. Sahibkar olaraq mənə heç bir yardım göstərilmədi. Bununla bağlı araşdırma etdim, dedilər ki, sizdə əvvəllər dövlətə əlavə ödəniş olub buna görə sənə pul verilməyəcək. Xoşbəxtlikdən işləmədiyimiz müddətdə, yer pulu vermirəm”.

Daha sonra müştəri baxımdan bir qədər seyrəklik müşahidə etdiyimiz aksesuar mağazasına daxil olduq.

“Solo aksesuares” mağazasının xanım əməkdaşının sözlərinə görə isə, hələki satışlar əvvəlki normadadır.  Sərt karantin rejimi tətbiq edildiyi müddətdə isə, mağaza satışlara sadəcə online olaraq davam edəcək:

“Təbii ki, tək onlayn qaydada həyata keçirilən satış, indiki ilə eyni effekti vermir. İnsanlar daha çox gördüyü məhsulu almağa üstünlük verirlər. Onlayn satışla müəsisənin başqa əməkdaşları məşğul olurlar. Ona görə də bununla bağlı dəqiq məlumatı daha yaxşı onlar bilir”.

Bir digər satış obyekti olan, “Sport ayaqqabı” mağazasının əməkdaşı Dadaş bəy söylədi ki, hazırda mağazada olan bütün ayaqqabılara endirim var:

“Mümkün qədər müştəriləri qiymətdə razı salmağa çalışırıq. Sərt karantin günlərində onlayn satışa davam edəcəyik. Daha əvvəllər də, müştərilərə çatdırılma xidmətimiz mövcud idi. Bundan öncə karantin tətbiq ediləndə onlayn satış xeyli artmışdı. Yəqin ki, bu dəfə də elə olar. İşləmədiyimiz günlərdə, yer pulu da ödəmirik, üstəlik dövlət də, öz dəstəyini göstərir”.

Satıcıların fikirlərini öyrəndikdən sonra, vəziyyətə bir də, alıcıların gözündən baxaq dedik...

Geyim mağazasından çıxan Nərminə xanım deyir ki, satıcılar deyir endirim var, amma elə də çox qiymət fərqi hiss etmədim.

Bir digər müsahibimiz isə, Solmaz xanım oldu. O, deyir ki, endirim var, lakin elə də çox şey almağı düşünmür:

“Evdar qadınam, bir getdiyim yer, market, mağaza idi, indi o da bağlanır. Sms icazə ilə yəqin ki, çölə çox çıxmaram. Ona görə də evə lazım olan şey-şüyü indidən rahat-rahat almağa gəlmişəm. Bayaqdan bir neçə geyim mağazası gəzmişəm, satıcılar qiymətdə xeyli endirim edirlər”.

Paltar mağazalarının ardınca bir də, məişət texnikalarının satış obyektlərindəki vəziyyətə nəzər saldıq. Ölkənin ən iri məişət texnikaları avadanlıqlarının satış obyektlərindən biri olan, “Kontakt home” mağazalar şəbəkəsinin əməkdaşı ilə həmsöhbət olduq.

Onun sözlərinə görə, son 3 gündə, mğazalarda “Fürsət paradı” adlı aksiya keçirilir. Bu həm zəfər bayramı ilə, həm də sərt karantinin tətbiqi ilə bağlıdır. Burada seçilmiş məhsullara 50%-ə qədər endirim var. Bununla yanaşı, bəzi məhsulları, 18 aya qədər faizsiz kreditlə əldə etmək fürsətləri də yaradılıb. Sərt karantin rejmi tətbiq edildiyi günlərdə isə, şirkətin satış strategiyası alıcıların işini bir qədər də asanlaşdıracaq:

“Mağazada çalışan əməkdaşların çox hissəsini onlayn xidmətə cəlb etdik.  Daha öncə tətbiq edilən sərt karantin müddətində də, bizim müştərilər mağazamızın bağlanmasını demək olar hiss etmədilər. Satış obyektində göstərilən bütün xidmətlər onlayn olaraq da təklif edildi”.

Mağaza əməkdaşı onu da qeyd etdi ki, sərt karantin günlərində, Azərbaycanda ilk dəfə olaraq bizim mağazada,  “video məsləhətçi” funksiyası fəaliyyətə başladı:

“Bu zaman müştəri istər saytımıza, istərsə də hər hansı sosial şəbəkə ünvanımıza, video məsləhətçi funksiyasından istifadə etmək istədiyi ilə bağlı müraciət edir. Daha sonra, əməkdaşımız həmin müştəri ilə əlaqə saxlayır və bütün mağazanı göstərir. Beləliklə müştərini maraqlandıran suallara ətraflı cavab verilir. Vətəndaşlar adətən məhsulu görüb almağa üstünlük verirlər. Ona görə də, yaradılan bu sistem onların sosial izolyasiya günlərində də işini asanlaşdırmış olur. çatdırılma xidməti hər zaman mövcud idi. Pandemiya günlərində, həm işçilərin, həm də müştərilərin sağlamlığını nəzərə alaraq bütün lazımi tədbirlər şirkət tərəfindən həyata keçirilib. Anbarlar, məhsullar mütəmadi olaraq dezinfeksiya olunur”.

Sonda  belə nəticəyə gəldik ki, demək olar bütün müəsisələr karantin rejimində müştərilərə maksimum dərəcədə xidmət göstərməyə çalışacaq. Bu müddət ərzində, sağlamlığımızı qorumaq üçün yaxşı olardı ki, qoyulan qaydalara hamılıqla əməl edək. Tezliklə koronavirus cəbhəsindən də, şad xəbərlər almaq üçün birlikdə bu bəlanı dəf etmək lazımdır.

Oxunma sayı 1271