Bu ilin yanvar-fevral aylarından etibarən Azərbaycanda əhalinin istehlak səbətində mühüm yer tutan bir sıra tərəvəz məhulları bahalaşıb.
Məlumata görə, kartofun qiyməti fevral ayında hər kiloqramı 1.02 manat təşkil edib. Bu da son ayda 4 qəpik, yaxud 4.50% bahalaşma deməkdir.
Lakin, mart ayı üçün də artımlar davam edir. Hazırda supermarketlərdə kartofun bir kiloqramı sortuna görə dəyişərək 1.20-1.80 manat arasında satılır.
Baş soğanın hər kiloqramı isə rəsmi olaraq 3 qəpik, yaxud 5.47% bahalaşaraq 66 qəpik təşkil edir. Marketlərdə isə mart ayı üçün hər kiloqramının qiyməti artıq 1 manat ətrafındadır.
Hafta.az bahalaşmanın səbəbləri və hələ nə qədər davam edəcəyi ilə bağlı məsələni mütəxəsislərlə müzakirə etdi. Həmsöhbətimiz, maliyyə ixtisası üzrə dosent, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının(FAO) eksperti Elçin Süleymanovdur.
Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalı daxili tələbatı ödəmək üçün kifayət qədər yetərlidir. Hətta bu ixrac edilə biləcək səviyyədədir. Sadəcə zaman-zaman soğanın və kartofun qonşu ölkələrdə daha baha olduğundan ixrac edilməsi və yerli bazarlarda qiymət artımı müşahidə olunurdu:
“Belə tendensiya 2 il öncə Türkiyədə müşahidə olunmuşdu. Həmin ərəfə qardaş ölkədə soğan birdən-birə iki dəfədən çox bahalaşmışdı. Elə ölkəmizdə də soğan qıtlığı olmuşdu”.
Ekspert bildirdi ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin də bahalaşmaya təsiri var:
“Bilirik ki, ölkəmizin həm Ukrayna, həm də Rusiya ilə kənd təsərrüfatı məhsulları ticarət dövriyyəsi var. Biz daha çox Rusiyaya meyvə tərəvəz satıb, oradan isə buğda və kartof alırıq. Qiymətlərin qalxmasına bir səbəb sözügedən müharibədir”.
E.Süleymanov yaxı günlərdə qiymətlərin bir qədər də qalxa biləcəyini istisna etmir:
“Bu gün həm də bütün dünyada pandemiya sonrası ərzaq qiymətləri ciddi şəkildə qalxır. Görünən odur ki, bahalaşma yenə də davam edəcək. Təbii kii buna da müxtəlif səbəblər var. Hazırda ixracla əlaqədar qonşu ölkələrdə qalxan qiymət daxili bazarlara da təsir edir. Hökümət bununla bağlı müəyyən tədbir görür. Nazirlər kabineti kənd təsərrüfatı məhsullarının idxalına müəyyən məhdudiyyətlər qoyur, Rusiyada yaranmış vəziyyətlə bağlı alternativ ölkələr araşdırılır. Bu istiqamətdə ölkəmizin ciddi problemlər yaşayacağını düşünmürəm. Azərbaycan ciddi kartof-soğan qıtlığı yaşamaz. Ona görə Rusiya bazarından idxal edirdik ki, məhsul bu halda daha ucuz başa gəlirdi. Qiymət artımının miqdarı ümumi infilyasiya ilə düz mütənasibdir. Soğan və kartofun qiyməti yeni məhsul bazara çıxana qədər qalxsa da, mövsüm zamanı məhsul bol olan zaman süni qiymət artımı aradan qalxmış olacaq”.
Sonda isə E.Süleymanov, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı ürəkaçan proqnozlar da verdi:
“Sevindirici hal odur ki, işğaldan azad olunmuş torpaqlarımız kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi üçün olduqca əlverişlidir. Bu da gələcəklə bağlı pozitiv proqnozlar verməyə kömək edir. Düşünürəm ki, innovativ metodlarla kənd təsərrüfatı məhsulları yetişdirilərsə yaxın 1-2 ilə ölkənin kənd təsərrüfatı məhsulları tələbatı tam ödənmiş olar. Çünki hazırda bəzi sahələrdə 15-20 faizlik idxal amili mövcuddur”.
Daha sonra, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirdi ki, hazırda ölkədə əkilib becərilən kartof və soğanlar daxili təlabatı ödəməyə kifayət edəcək qədərdir.
Bundan başqa azad olunmuş rayonlarımızda da bu təsərrüfatı həyata keçirmək üçün yaxşı potensial var. Qarabağın Aran zonasına yaxın hissəsi, xüsusən də Ağdam kartofçuluq təsərrüfatı üçün ideal sayılır.
Müshiblərimizin fikirlərindən belə aydın oldu ki, daxili bazarlarda müşahidə edilən artımın əsas səbəbi mövsümlə bağlı olsa da, burada işbazların süni qiymət artımı həyata keçirməklərinin rolu heç də az deyil.