Kilsələri biz yox, ermənilər dağıdır – Faktlar danışır

19:02 26.03.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Tarixdən bu günə torpaqlarımıza və mədəniyyətimizə göz tikən mənfur qonşularımız hələ də öz pis niyyətlərindən əl çəkmirlər. Baxmayaraq ki, Azərbaycan ordusu  "dəmir yumruğu" ilə düşmənə layiqli cavabını verdi. "Qonşularımız" indi də deyirlər ki, guya Cəbrayılda erməni kilsələrini azərbaycanlılar dağıdıblar. İşin əsli hər kəsə məlumdur.

Elə son 28 ildə, düşmən nəinki işğal altında olan islam mədəniyyəti abidələrini, hətta, özlərinin inanc yeri olan müqəddəs saydıqları kilsələri belə talan edib. Onlar məscidlərimizi tövləyə çevirməklə, həm də öz kimliklərini bir daha xatırlatmış oldular. Gələk bu günə... Görəsən hazırda azad edilmiş, keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarda nə qədər kilsə və monastr mövcuddur? İşğal müddətində həmin tarixi abidələrin taleyi necə oldu? Hafta.az-ın əməkdaşı dəyişdirilən və yox edilən kilsələr, eləcə də mövzu ilə bağlı digər maraqlı məqamlar ətrafında araşdırma apardı.

AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəfli hafta.az-a bildirdi ki, uzun illər ərzində ermənilərin həm xristian, həm də İslam mədəniyyəti abidələrini dağıtdığı hər kəsə məlumdur:

"Əslində doğru sual, vaxtı ilə ermənilərin işğal etdiyi torpaqlarımızda salamat qalmayan dini abidələrimiz ilə bağlı olmalıdır. Bu tip xəbərləri çıxaranlardan məhv edilmiş İslam mədəniyyəti abidələrini soruşmaq lazımdır. Kilsələr ilə bağlı bunu deyə bilərəm ki, vaxtı ilə ayrı-ayrı bölgələrimizdə alban dövrünə aid belə abidələr var idi.  Bundan başqa,  27 il ərzində özlərinin  Cəbrayılda tikdikləri kilsə də var ki, indi düşmən guya azərbaycanlıların onu dağıtdığını iddia edir. Hətta, Xocavənd rayonunun ərazisində yerləşən provoslav kilsəsi də dağıdılıb. Bunu da düşmən özü edib. Elə ölkə başçısı da çıxışlarının birində, bu mövzuya toxunmuşdu. Bildirmişdi ki, ermənilər nəinki bizim müsəlman, həmçinin xristian abidələrini də məhv ediblər. Bununla bağlı ortada faktlar belə var".

T.Nəcəfli bir məqamı da vurğuladı ki, Alban dövrü məbədlərimiz həm keçmiş Dağlıq Qarabağ ərazisində, həm də Kəlbəcər və Laçın rayonlarında fəaliyyət göstərib. Onların bir neçəsini ermənilər özününküləşdirməyə çalışıb.

Daha sonra müzakirəmizə Arxeologiya Etnoqrafiya İnstitutunun İlk Orta Asiya arxeologiya şöbəsinin əməkdaşı Aliyə Adıgözəlova da qoşuldu.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdəki kilsələrlə bağlı qurumun rəsmi məlumatı yoxdur. Lakin həmin ərazilərdəki kilsələrin Azərbaycan tərəfindən dağıdılması qətiyyən həqiqətə uyğun deyil:

"Təbii ki, bu tip məlumatlar yanlışdır. Heç ölkə rəhbərliyi de belə halların yaşanmasına izin verməz. Lakin, həmin ərazilərdə mövcud olmuş kilsələrin hazırki taleyi ilə bağlı biz özümüz də məlumatlı deyilik. Arxeologiya institutunun əməkdaşları olaraq əraziyə hələ ki ezam edilməmişik. Ora baxış keçirən şəxslər Mədəniyyət Nazirliyinin xüsusi ekspert qrupudur ki, onlar da işğaldan azad edilmiş ərazilər üzrə bölünüblər. Həmin əməkdaşlar kilsələr də daxil olmaqla, yeraltı və yerüstü abidələrlə bağlı monitorinq keçirirlər".

A.Adgözəlova, işğal müddətində böyük monastrların istifadə edildiyini də bildirdi. Lakin, ola bilsin ki, kiçik xristian ibadətgahları uzun illər baxımsız qalaraq məhv olub:

"Biz bilirik ki, ermənilər özləri onlardan ibadət yeri kimi istifadə ediblər. Hətta, bu kilsələr dəfələrlə restavrasiya da olunub. Misal olaraq, "Xudavəng", "Ağoğlan", "Amaras" kimi monastrları göstərmək olar. Daha kiçik, sövmə tipli komplekslərin isə mövcudluğu bir qədər sual altındadır. Sövmələr kiçik kilsələrdir. Bunlar da adətən, tranzit yolları üzərində qurulurdu, keçid məntəqəsi funksiyası daşıyırdı. Yoldan keçən xristian tacirlər, burada dayanıb öz ibadətlərini edirdilər. Qarabağdan kənarda - şimal qərb ərazisində mövcud olan sövmələr  isə, müəyyən tarixi dövr ərzində, baxımsızlıqdan, deformasiya ucbatından dağılırlar. Ona görə Qarabağ ərazisində olan kilsələri gözlə görmədən konkret fikir söyləmək yanlış olardı".

"Yer üzərindəki ən uzunömürlü şey həqiqətdir" deyirlər. Bu gün düşmən özünü hər vəclə dünyaya haqsızlığa uğrayan tərəf olaraq göstərmək istəyir. Lakin faktlar öz sözünü deməkdədir. Dağıdılan məscidlər, teatrlar, muzeylər və xristian kilsələri isə həqiqətlərin acı tərənnümüdür.