Köhnə avtomobillərdən istifadə məhdudlaşdırılır

22:59 18.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Qeyd edək ki, bu məsələ ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Məlumata görə, layihə iyunun 1-dək hazırlanaraq Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir.

Yeri gəlmişkən rəsmi statistikaya görə, ötən il ölkədə 1 milyon 774 min 77 yol-nəqliyyat vasitəsi qeydə alınıb. Onlardan istehsal ili 10 ilə qədər olanların sayı 15 faiz təşkil edir, yəni 266 min 878-ə bərabərdir. İstehsal ili 10 ildən 20 ilə qədər olanların sayı 707 min 673-dür ki, bu da 39,3 faiz təşkil edir. İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 min 526-ya bərabərdir. Yəni, respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1 faizinin yaşı 20 ildən yuxarıdır. Hazırda ölkəmizdə hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir.

Bəs, görəsən, yeni qərardan sonra köhnə və ekoloji cəhətdən nəzərdə tutulan standartlara cavab verməyən avtomobillərin aqibəti necə olacaq?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyib ki, ölkəmizdə avtomobil parkı çox köhnə olsa da, son illər parkın yenilənməsi istiqamətində mütəmadi planlar hazırlanıb, işlər görülür:’’Köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması məsələsinin gündəmə gəlməsi də elə bununla əlaqədardır. Düzdür, ölkəyə yeni avtomobillər gətirilməkdədir. Amma hal-hazırda mövcud olan 1 milyon 800 minə yaxın nəqliyyat vasitəsinin çoxu köhnə avtomobillərdir. Biz statistikaya baxsaq bunu görə bilərik. Hazırda atılan addımlar avtomobil parkının yenilənməsinə xidmət edir’’. 

Ekspert bildirib ki, köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırılması istiqamətində bir çox təkliflər irəli sürülə bilər: ‘’Lakin atılan hər bir addımda vətəndaş məmunluğu nəzərə alınmalıdır ki, köhnə avtomobil sahibləri avtomobillərini yeniləməkdə maraqlı olsunlar. Məsələn, əgər biz vətəndaşdan köhnə avtomobili alırıqsa, ona sərfəli şərtlərlə ölkədə istehsal olunan yeni nəqliyyat vasitələrini təklif etməliyik. Yəni, bu layihə vətəndaşın zərərinə olmamalıdır’’.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu qəbildən olan avtomobillərin yenisi ilə əvəz edilməsi üçün yetərincə say və baza olmalıdır: “Bu addım utilizasiya prosesinə bir növ təkan olacaq. Burada əsas baza elementi müxtəlif dövlət qurumlarının birgə əməkdaşlığı nəticəsində ölkəyə gələcəkdə idxal ediləcək avtomobillərin ekoloji cəhətdən uyğun olması əsas kriteriya təşkil ediləcək. İlkin göstəricilərə əsasən, ekoloji cəhətdən uyğun olmayan avtomobillərin yenisi ilə əvəz olunması məsələsi növbəti mərhələnin işidir. Əvvəlcə baza və say olmalıdır. Bunlar olduqdan sonra artıq müəyyən işləri görmək olar. Bu növ maşınları yenisi ilə əvəz etmək və ya dəyərini ödəmək olar”.

Ekspert bəzi nəqliyyat vasitələrinin göstəricilərinin fərqli olmasının prosesə ciddi təsir edəcəyini qeyd edib: “Bütün bunlar hamısı növbəti mərhələdə atılacaq addımlardır. Onun üçün prosesin necə davam edəcəyini indidən proqnozlaşdırmaq çətindir. Nəqliyyat vasitələri texniki göstəricilərinə, il və davranış qaydalarına görə fərqlənə bilər. Məsələn, elə avtomobillər ola bilər ki, ili yenidir, ancaq texniki paramterləri aşağı səviyyədədir. Yaxud yanacaq sərfiyyatı ekoloji cəhətdən dəstəklənmir. Bunlar özlüyündə ayrı-ayrı elementlərdir. Bunun üçün də müəyyən işlərin görülməsi, müəyyən proseslərin aparılması başlıca məsələlərdən biridir”.

Müşfiq

Oxunma sayı 79