Sentyabr ayının 27-dən başlayaraq ermənilər öz işğalçılıq siyasətlərini davam etdirmək üçün, bütün cəbhəboyu ərazilərdə təxribatlar törətməyə cəhd göstərib. Elə həmin gündən də ordumuz uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, düşmənə layiqli cavabını verir. Bu müddət ərzində, xalqımız hər zaman olduğu kimi, birlik nümayiş etdirir, ordumuzu dəstəkləyir.
Elə bunun nəticəsidir ki, minlərlə azərbaycanlı ordu sıralarına qoşulmaq üçün könüllü olaraq müraciət edib. Müraciət edənlər arasında universitet təhsilini yarımçıq qoyan vətənpərvər gənclərimiz də az deyildir. Bəs görəsən, bu gənclərin təhsili hansı formada davam edəcək? Ödənişli əsaslarda təhsil alan tələbələrin təhsilhaqqı dondurulacaqmı, yaxud onlara hansısa güzəştlər nəzərdə tutulubmu?
Bütün bu suallara aydınlıq gətirmək üçün hafta.az-ın əməkdaşı ölkənin bir sıra universitetləri ilə əlaqə saxladı.
İlk olaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova söylədi ki, hazırda universitetə bununla bağlı heç bir rəsmi müraciət daxil olunmayıb:
“Rəsmi müraciət olmadığı üçün deyərdim ki, İqtisad Universitetində elə bir tələbə yoxdur. Onsuz da belə hallarda universitetə rəsmi məlumat verilir, tələbə təhsilini dondurub, cəbhəyə yollanır, hərbi komissarlıq bizə “sənəd” göndərir. Tələbə cəbhəyə gedirsə, mütləq təhsilini dondurmalıdır, əks halda, davamiyyətsizlik kimi nəzərə alınıb, qayıbları qeyd olunacaq. Bu da universitetdən qovulmaq təhlükəsi yaradır. Cəbhəyə könüllü olaraq yollanan tələbə bizə bu haqda müraciət edir, Hərbi Komissarlıqdan da universitetin hərbi və xüsusi şöbəsinə ərizə yazılır. O halda bizdə məlumat olur”.
Daha sonra Bakı Dövlət Universitetinin mətbuat katibi Günel Orucəliyeva bu haqda saytımıza danışdı. O dedi ki, hazırda universitetdə könüllü şəkildə cəbhəyə yollanan tələbələr var:
“Xidmətdən qayıtdıqdan sonra, həmin tələbələr qaldıqları yerdən təhsillərinə davam edə biləcəklər. Bu hal ödənişli əsaslarla təhsil alan tələbələr üçün də eynidir”.
Azərbaycan Dillər Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli isə dedi ki, universitetdə belə tələbə yoxdur. Könüllü olaraq müraciət daxil edilsə də, hələ ki heç bir tələbə cəbhəyə getməyib:
“Hazırda elə bir tələbəmiz olmadığı üçün dəqiq nə isə deyə bilməyəcəyəm, amma təbii ki, tələbə cəbhəyə gedirsə, onun ailəsinin maddi durumu nəzərə alınmalıdır. İndi birlik, bərabərlik zamanıdır, hər kəs bir-birinə dəstək olmalıdır. Bu səbəbdən də tələbəmiz, yaxud işçimiz cəbhəyə gedəcəksə, onlar universitetin diqqətində olacaq".
Tibb Universitetinin mətbuat katibi Günel Aslanova isə saytımıza açıqlamasında bildirdi ki, cəbhəyə könüllü olaraq getmək üçün universitetə heç bir rəsmi müraciət daxil olmayıb, əgər mövcud hal baş verərsə, onun ətrafında müzakirələr aparılacaq.
Universitetlər arasında keçirdiyimiz sorğudan sonra, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əlaqə saxladıq və buradan bizə bildirildi ki, tələbə əgər daxil olduğu universitetdə tələbə kimi qeydiyyatdan keçibsə, hərbi xidməti bitirdikdən sonra, təhsilinə qaldığı yerdən davam edir.
Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü.
O dedi ki, tələbələr könüllü və yaxud səfərbərliklə bağlı olaraq hərbi xidmətə yollanıblarsa, bu zaman onların təhsili dondurulur, təhsil haqlarında da endirim olur: “Əvvəlki illərin məzunlarına hərbi xidmətə çağırışla bağlı müraciət gəlib və onlar ordu sıralarına cəlb olunublar. Həmin tələbələr qayıtdıqdan sonra, təhsilləri hansı pillədə dayanmışdısa, buradan dərslərini davam etdirə və təhsil haqlarında müəyyən güzəştlər əldə edə bilər. Buna qanunvericilik icazə verir. Onların universitetdən kənarlaşdırılmasına qanunvericilik yol vermir”.
Ekspert onu da vurğuladı ki, tələbə cəbhəyə yollanması ilə bağlı olaraq, universitetə rəsmi məlumat verməyibsə, yenə də rəhbərlik mövcud vəziyyəti nəzərə almalıdır:
“Qanuna əsasən, tələbə getdiyi zaman təhsil müəssisəsini məlumatlandırmalıdır. Özü məlumat verə bilmirsə, valideynləri universitetə bu haqda informasiya verə bilər. Tələbənin heç bir informasiya vermək imkanı olmayıbsa və o, vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak edibsə, belə olan halda, universitet rəhbərliyi bunu nəzərə almalıdır”.
Ümid edirik ki, tezliklə güclü ordumuz və dövlətimiz sayəsində işğal altındakı bütün tarixi torpaqlarımız azad ediləcək. Təhsilini yarımçıq qoyub könüllü şəkildə cəbhəyə yollanan tələbələr də sağlam şəkildə təhsillərinə qaldıqları yerdən davam edərlər.
Banu