Banklar son dövrlər riskləri düzgün qiymətləndirə bilmirlər: “Əslində, mövcud standartların sərtləşdirilməsi ilə bağlı yalnız ümumi fikirlər var.
Bu fikirləri hafta.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, bu sərtləşmələr yalnız kredit kartlarına şamil deyil. Ümumi olaraq kreditləşmələrdə də sərtləşmələrdən söhbət gedir: “Kart sadəcə olaraq kreditdən istifadə alətidir. Zənnimcə, kredit götürmək istəyənlərin ödəniş qabiliyyətinin qiymətləndirilməsində sərtləşmələr ola bilər”.
Ekspert qeyd edir ki, banklar kredit kartları verərkən çox sadə şərtlər qoyur: “Məsələn, banklar şəxsin rəsmi əməkhaqqının olması ilə kifayətlənərək onlara kart verirlər. Onlar kart sahibinin ailə üzvünün sayı, himayəsində neçə ailə üzvünün olması və s. kimi amillərə fikir verməlidirlər. Banklar son dövrlər riskləri düzgün ölçmürlər. Görünür ki, qaydaları sərtləşdirməklə kredit kartlarını hər kəsə verməməyi planlaşdırırlar”.
Ə.Həsənov onu da vurğulayır ki, kredit kartlarına yanaşmada maliyyə planlaması olmalıdır: “Debet kartları belədir ki, vətəndaş öz vəsaitini karta yerləşdirir və sonra ondan istifadə edir. Kredit kartında isə bank karta müəyyən bir məbləğ yerləşdirib kredit olaraq sənə verir və onu xərcləyirsən. Hər ikisində maliyyəyə yanaşma planlı olmalıdır. Vətəndaşlar əksər hallarda ayaqlarını yorğanlarına görə uzatmırlar. Hamıya aid deyil, bəzilərinə, doğrudan da pul lazımdır. Bir çox insana isə kredit kartı lazım deyil. Telefonu, ya hansısa əşyanı dəyişmək, maşın almaq üçün istifadə edirlər. Yaxud kredit kartından pul çəkib tətilə gedirlər. Bir də baxırlar, borc yığılıb. Həyatın üçün çox da vacib deyilsə, alma. Kredit kartı deyil, elə kredit də götürüb onları etsəniz, yenə də borcunuz çox olacaq. Xərcləyərkən bunun borc olduğunu unutmamalısan”.