Kreml və İrəvan arasında “qaz sıxılması”: “Moskva sübut edəcək ki, Rusiyasız Ermənistan heç nədir”

12:39 02.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu ilin əvvəlinə qədər Ermənistan Rusiyadan aldığı mavi yanacağın hər kub metrinə 150 dollar ödəyirdi. Artıq şimal qonşumuz, daha doğrusu, “Qazprom” Ermənistana satılan qazın qiymətində dəyişiklik edib. Yeni qərarla Moskva İrəvana qazı bundan sonra 165 dollardan satacaq. Amma bu qiymət artımı şirkətlər üçündür. Əhaliyə verilən qazın qiymətində dəyişiklik yoxdur. Yəni, qiymət artımı hüquqi şəxslərə, şirkətlərə şamil ediləcək.

Amma əhaliyə verilən mavi yanacağın qiymətinin sabit qalması da Ermənistana “lopuğa” başa gəlmir. “Qazprom”un İrəvan ofisi əhaliyə verilən qazın qiymətində dəyişiklik etməmək üçün buradakı törəmə şirkətin 1000-dən artıq işçisini ixtisar edəcək. Şirkət bu addımı ziyana düşməmək üçün atdığını vurğulayır.

Baş verənlər İrəvanı bir-birinə qatıb. Rusiyaya qarşı “üz turşudan” Ermənistan rəsmiləri Avrasiya İttifaqı və Gömrük İttifaqı birliyində olan ölkələrə qazın bir qiymətə verilməsinin tərəfdarı olduqlarını dilə gətirir. Hətta baş nazir Nikol Paşinyan bəyan edib ki, Moskvada və Rusiyanın digər şəhərlərində mavi yanacaq əhaliyə hansı qiymətə satılırsa, Ermənistana da həmin qiymətlə ixrac olunmalıdır.

Rusiyanın buna arqumenti sadədir. Kreml “bir Belarusa, bir sizə ən ucuz qaz satırıq” – deyərək məsələnin “başını bağlamaq” istəyir. İrəvan isə əlindəki dəyənəyi yerə qoymaq niyyətində deyil. Kremlə meydan oxumaq qərarına gəlib. Artıq “Qazprom”un İrəvandakı ofisini 20 min dollar həcmində cərimələyib. Doğrudur, Avropanı “qaz blokadasında” saxlayan bir şirkət üçün açıqlanan məbləğ olduqca azdır. Amma siyasi ekspertlər isə bu addımı Ermənistanın Rusiyaya təzyiqi kimi qiymətləndirirlər.

İrəvanın Moskvaya demarşı, şimal qonşumuzun işğalçı Ermənistana təzyiqi sonda “qaz sıxılması” və böyük siyasi partlayışla nəticələnə bilərmi?

Politoloq Fikrət Sadıqov baş verənlərlə bağlı fikirlərini hafta.az-la bölüşüb. Ekspertin fikirincə tərəflər arasındakı bu “qaz sıxılması” məsələsi olmasa da Ermənistan Rusiyaya qarşı hər hansı demarş cəhdi göstərə bilməz. Çünki uzun illərdir ki, işğalçı ölkə şimal qonşumuzun Cənubi Qafqazdakı plazdarmı, forpostudur: “Uzun illər boyu Kreml İrəvandan çox səmərəli şəkildə istifadə edib. Hazırda yaranmış durum bir sıra məqamlarla bağlıdır. Əvvəla, Ermənistanda 2018-ci ilin yazında hakimiyyətə gələn siyasətçilər demək olar ki, Rusiyanın müttəfiqlərini kürsülərindən qovdular. Onların yerinə keçdilər. Nikol Paşinyanın sələfləri birmənalı şəkildə Rusiyanın adamları idi. Rusiyaya loyallığı ilə seçilən fiqurlar olduqlarını təsdiqləmişdilər. Hətta hakimiyyət dəyişikliyindən sonra keçmiş prezident Robert Köçəryana qarşı da təzyiqlər başladı. İndiki hakimiyyət keçmiş prezidenti həbs etdi. Ardınca azadlığa buraxıldı. Yenidən həbsə alındı. Nikol Paşinyan hökuməti bu addımları ilə Kremlə badalaq gəlməyə çalışdı. Paşinyan hökumətinin fikrincə onlar Moskva ilə hesablaşmaya bilərlər. Digər tərəfdən, onların Qərbə, Avropaya yaxın siyasi addımları Kremli qıcıqlandırmaya bilməzdi”.

Politoloq əlavə edib ki, hazırkı baş nazir Nikol Paşinyanın Brüsselə getməsi, orada onun siyasətinin Qərbə yaxınlığının bəyan olunması Ermənistanın Rusiyadan uzaqlaşmasına işarədir: “Təbii ki, Moskva bunu cavabsız saxlamayacaqdı. Çox keçmədən Moskva İrəvana qarşı tədbirlərini görməyə başladı. “Qazprom” məsələsi də həmin kartlardan biridir. Qaz və qazın qiyməti ilə bağlı məsələlər hələ başlanğıcdır. Bundan sonra digər bu kimi məsələlər meydana gələcək. Silahların güzəştli kreditlə verilməsi məsələsi də qaçılmazdır. Kreml İrəvanla bağlı digər həssas məsələləri də gündəmdə saxlayacaq. Rusiya Paşinyana, İrəvana sübut edəcək ki, sən Moskvasız heç kimsən, heç nəsən. Yəni, Rusiyasız heç kim Ermənistanı öz əhatə dairəsinə götürməyəcək. Sən heç kəsə lazım deyilsən – mesajı verir. Üstəlik, Azərbaycanla münaqişə vəziyyətindədir. Türkiyə ilə işğal faktoruna görə münasibətləri yoxdur. Yəni, İrəvan Qərbəmeylli siyasətindən əl çəkməli və Moskvanın dedikləri ilə oturub-durmalıdır”.

Proseslərin hansı məcraya yönələcəyini isə zaman göstərəcək. Paşinyan hökuməti Kremlin qarşısında ayağı yerdən üzülmüş və havada ippon fəndinə düşmüş cüdoçunu xatırlatsa da, Ermənistanın bu hava boşluğundan tatamiyə necə düşəcəyi sual altındadır.