Meyvə-tərəvəz idxalını artıran səbəblər

11:10 28.10.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Statistik məlumatlara görə, bu ilin 9 ayında Azərbaycanın meyvə-tərəvəz idxalı artıb, ixrac isə azalıb. Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 195 milyon 802 min ABŞ dolları dəyərində 256 min 644 ton meyvə-tərəvəz idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,8 faiz və 11,7 faiz çoxdur. Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1,34 faizini təşkil edib. Bu dövrdə Azərbaycan 458 milyon 798 min ABŞ dolları dəyərində 439 min 161 ton meyvə-tərəvəz ixrac edib. Bu isə, illik müqayisədə müvafiq olaraq 2,5 faiz və 5,1 faiz azdır. Doqquz ayda meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2,31faizini təşkil edib.

Qeyd edək ki, Azərbaycanın iqlim şəraiti bir çox meyvə və tərəvəzin yerli istehsalına imkan versə də, ölkə hələ də bəzi idxaldan asılıdır. Xüsusilə tropik meyvələr olan banan, portağal, ananas, həmçinin kartof və soğan kimi əsas məhsulların bir hissəsi xaricdən alınır. Azərbaycanın meyvə-tərəvəz idxalında əsas tərəfdaşları Rusiya, Türkiyə, İran və bəzi Avropa ölkələridir. Rusiya və Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır və bu ölkələrdən müxtəlif növ kənd təsərrüfatı məhsulları alınır.

Azərbaycanın meyvə və tərəvəz idxalına xərclədiyi vəsait hər il dəyişir və bu, bir çox faktorlardan, o cümlədən beynəlxalq bazar qiymətlərindən, daxili tələbatdan və məhsulun mövsümi xüsusiyyətlərindən asılıdır. 2022-ci ilin məlumatlarına əsasən, Azərbaycan il ərzində meyvə və tərəvəz idxalına təxminən 200-250 milyon ABŞ dolları civarında vəsait xərcləyir. Bu məbləğə kartof, soğan, sitrus meyvələri, banan və digər idxal olunan məhsullar daxildir. 2023-cü ildə Azərbaycan meyvə-tərəvəz idxalına təxminən 570 milyon ABŞ dolları xərcləyib.

2023-cü ildə Azərbaycan meyvə-tərəvəz ixracından 400 milyon ABŞ dollarından çox gəlir əldə edib. Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəzlər arasında pomidor fındıq, xurma və alma ön sırada dayanır. Pomidor Azərbaycanın meyvə-tərəvəz ixracının əsas hissəsini təşkil edir və ölkəyə hər il yüz milyonlarla dollar gəlir gətirir. 2023-cü ildə yalnız pomidor ixracından təxminən 139,5 milyon dollar gəlir əldə edilib.

Azərbaycan həm də meşə fındığının ixracı ilə tanınır və bu məhsul ölkəyə böyük valyuta qazandırır. Fındıq ixracından hər il on milyonlarla dollar gəlir əldə olunur. Xurma və alma ixracı da ölkənin ən gəlirli kənd təsərrüfatı sahələrindən sayılır. Azərbaycanda yetişən şirin xurma və almalar beynəlxalq bazarda yüksək tələbat görür.

Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov da deyib ki, əvvəlki dövlərlə müqayisədə ölkəmizdən meyvə-tərəvəz ixracı xeyli azalıb: “Məlumdur ki, qeyri-neft-qaz məhsulları ixracında meyvə-tərəvəz əsas yer tutur. Bu sahədə idxalın genişlənməsi ixracı azaldan əsas səbəblər sırasındadır. Ucuz idxal istənilən sahədə anoloji ixrac üzrə mənfi tendesiyalardandır. Yəni, bir məhsulun kənardan ucuz qiymətə gətirilməsi mümkündürsə, həmin məhsulun nəinki ixracı, yerli istehsalı da təhlükə altına düşməlidir”.

O bildirib ki, ölkəmizdən meyvə-tərəvəz ixracı, ümumiyyətlə, əvvəlki kimi səmərəli deyil: “Xüsusən də, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra situasiya dəyişib. Rusiya bazarlarındakı vəziyyətlə əlaqədar ixrac dəyərində və həcmində azalma müşahidə edilir. Əgər müharibə uzun müddət davam edərsə, ölkəmizdən qeyri-neft məhsullarının ixracı azalmaqda davam edəcək və ölkə üzrə ixracın həcmi davamlı olaraq aşağı düşəcək. Bu səbəbdən problemdən çıxış yolu axtarılmalıdır. İxrac sahəsində həm həcm, həm də dəyər cəhətdən rəqəmlərdə artımlar görmək istəyiriksə, mütləq dərəcədə əlavə bazarlara çıxışımızı təmin etməliyik. Əks təqdirdə bu sahədə mövcud geriləmə davam edəcək. Təbii ki, bu da ölkə iqtisadiyyatında qarşıya qoyulan prioritetlərə çatmağımıza əngəl olacaq”.

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli isə hesab edir ki, bu il ixracda azalma və artım məhsulun növünə görə dəyişib: “Kənd təsərrüfatı məhsullarının ixracı əsasən iqlim faktorlarından, yağıntının miqdarından asılıdır. Çünki bu proses növbəti ildəki ixrac rəqəmlərinə ciddi təsir göstərir. Bu kontekstdə idxalın çox olmasının pozitiv tərəfi də var. Belə ki, yerli təsərrüfatlarda məhsuldarlığın az olması ilə yanaşı, idxalın artması meyvə-tərəvəz qiymətlərinin yüksəlməməsinə səbəb olub”.