Misirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

10:20 27.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Hata.az yazır ki, tədbirdə Misirdə daimi yaşayan ailələr, işləyən və təhsil alan azərbaycanlılar iştirak edib.

Çıxış edən Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanla Misir arasında tarixi, mədəni və siyasi əlaqələrindən geniş söhbət açaraq, son illər diasporumizun 1000-dən çox misirli tələbəyə Azərbaycan dilini tədris etdiyini, onlara ölkəmizin mədəniyyəti, tarixi haqqında geniş bilgilərin verildiyini deyib.

S.Nəsirov misirlilərlə ailəli olan azərbaycanlıların övladları ilə Azərbaycan dilində danışmağının önəmindən söhbət açaraq, onların övladlarına doğma ana dilimizi öyrətməkdə bütün imkanların olduğunu qeyd edib.

S.Nəsirov deyib ki, artıq Qahirədə yerləşən Azərbaycan diaspor mərkəzi azərbaycanlıların doğma evinə çevrilib və orada soydaşlarımız arasında möhkəm əlaqələrin qurulması məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Sonra Nəsimişünas tədqiqatçı Həcər Karara İmadəddin Nəsimi haqqında apardığı tədqiqat haqqında geniş söhbət açıb. Karara Azərbaycanın ta qədimdən alimlər diyarı kimi tanındığını qeyd edərək, tədqiqatını Azərbaycanlı şairlərindən biri ilə davam edəcəyini deyib. Çıxışının sonunda birliyin sədri Seymur Nəsirova, Nəsiminin tədqiqatında ona verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində, aralarında azərbaycanlılar da olmaqla dünyanın 20 ölkəsindən 250-dən çox tələbə ödənişsiz müxtəlif ixtisaslar üzrə təhsil alır.