Ermənistanın xarici siyasət kursunda ciddi korrektələr gedir"
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və Kremldə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüş regiondakı geosiyasi gündəmi yenidən aktuallaşdırıb. Paşinyanın Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi fikirlər, həmçinin Ermənistanın gələcək siyasi kursuna dair mesajları tərəflər arasında fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Baş nazir görüş zamanı açıq şəkildə bildirib ki, Qarabağ hərəkatı artıq davam etdirilməməlidir. Bu bəyanatla Paşinyan həm daxili auditoriyaya, həm də Kremlə mesaj verərək Ermənistan üçün bu məsələnin bağlandığını vurğulayıb. O, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha diqqətə çatdırıb və Bakı ilə münasibətlərin normallaşmasının regionda, o cümlədən Rusiya ilə əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib. Paşinyanın bu çıxışı Kremlin siyasi dairələrində narazılıqla qarşılanıb. Müşahidəçilərə görə, bu, Moskva üçün gözlənilməz və “soyuq duş effekti” yaradan mesajlardan biri olub. Görüş çərçivəsində tərəflər arasında bəzi məsələlər üzrə fikir ayrılığı və mübahisələrin yaşandığı da istisna edilmir. Bu isə Rusiya–Ermənistan münasibətlərində gərginliyin davam edəcəyinə işarə kimi qiymətləndirilir.
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Hafta.az-a bildirib ki, Baş nazirin açıqlamalarında daxili siyasi kontekst də diqqət çəkir. "Onun dolayısı ilə Kremldə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Qarabağ məsələsini seçki gündəminə çevirməsinə qarşı mövqe sərgilədiyi anlaşılır. Gözlənilir ki, Paşinyan Moskvadan qayıtdıqdan sonra Köçəryanın seçki kampaniyasına qarşı daha sərt siyasi xətt yürüdəcək və onu ölkənin keçmiş siyasətinin mənfi nəticələri ilə əlaqələndirəcək", ekspert deyib.
M.Əsədullazadə əlavə edib ki, Qarabağ məsələsinin Ermənistan tərəfindən qapandığının rəsmən bəyan olunması Rusiyanın regiondakı təsir alətlərindən birinin zəifləməsi anlamına gəlir. Xüsusilə, gələcəkdə Qarabağ erməniləri üzərindən humanitar və siyasi təsir mexanizmlərinin əvvəlki səviyyədə tətbiqinin çətinləşəcəyi ehtimal olunur.
"Paşinyan görüş zamanı iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında Azərbaycanın roluna da diqqət çəkib. Onun bu mesajı regionda kommunikasiyaların açılması və əməkdaşlığın genişlənməsi baxımından yeni mərhələnin anonsu kimi qiymətləndirilir. Bu kontekstdə Azərbaycanın Prezidenti İlham Əliyevın apardığı siyasətin nəticələri ön plana çıxarılır".
Siyasi şərhçinin fikrincə, baş verənlər Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşdığını və Ermənistanın xarici siyasət kursunda ciddi korrektələrin getdiyini göstərir.