Özbəkistanın Namanqan şəhərində ölkənin ən böyük musiqili fəvvarələrindən biri istifadəyə verilib.
Hafta.az-ın yazdığına görə, fəvvarənin diametri 160 metr, hündürlüyü isə 12 metrdir. 380 fəvvarədən ibarət kompleksdə hər axşam dünya və milli musiqinin müxtəlif kompozisiyaları səsləndirilir.

Adıçəkilən parkın direktoru Rəsuljon İsmayılov “Daryo”ya bildirib ki, ümumi sahəsi 58 hektar olan ərazidə musiqili fəvvarə ilə yanaşı, “Vətənpərvər” parkı, velosiped yolu, idman meydançaları, uşaq meydançaları da mərhələli şəkildə istifadəyə veriləcək.
Həmçinin parkın ərazisində 10 min ədəd ting əkilib, 2 hektar meyvə bağı salınacaq.

“Yeni Özbəkistan” parkındakı 2500 nəfərin yerləşə biləcəyi amfiteatrda ilk dəfə Müstəqillik günü ilə bağlı şənliklər keçirilib.
Namanqandakı musiqili fəvvarə hazırda yerli sakinlərin və güllər şəhərinin qonaqlarının ən arzuolunan məkanına çevrilir.