Qazaxıstanın Qızılorda vilayətində məşhur akın, müğənni və bəstəkar Nartay Bekejanovun fleytası tapılıb.
Hafta.az-ın yazdığına görə, Nartay Bekejanov 1890-cı ildə Qızılorda vilayətinin Şieli rayonunda doğulub, 1954-cü ildə Almatıda vəfat edib.
Bekejanov xalq mahnılarını mükəmməl ifa etməklə yanaşı, “Tolkın”, “Nartai sazı”, “Asiət Terme” kimi əsərlərin də bəstəkarı olub. O, bütün yaradıcılığı dövründə rayonda incəsənətin, mədəniyyətin inkişafına böyük töhfələr verib.
Nartay Bekejanova məxsus qiymətli yadigar onun bacısı, Şieli rayonunun Tonkəris kənd sakini Beqayım Seyitcanova öz sandıqçasında saxlayıb.
Oğlu İləsbekin dediyinə görə, anası uşaqlıqdan yaxşı oxuyub və natiq olub. O, həmçinin bildirib ki, 1943-cü ildə Roza Baqlanova Almatıdan kəndə gəlib, konsert verib. Həmin axşam 6-7-ci sinif şagirdi Beqayım digər məktəblilərlə birlikdə səhnədə çıxış edib.
Məşhur müğənni istedadlı qızı dərhal görüb və onu özü ilə aparmağı təklif etsə də, yaşlı ata yeganə qızını buraxmayıb.
“Anamız Nartay Bekejanovun bacısıdır. Mən uşaq olanda evdə musiqi alətimiz vardı. Onu ağ parçaya büküb saxlayırdılar. Orada bir neçə il qaldı. 1936-cı ildə Moskvada keçirilən Qazax ədəbiyyatı və incəsənəti ongünlüyündə Nartay bu fleyta ilə çıxış edib. Bunu 1990-cı ildə “Jazuşı” nəşriyyatında çap olunmuş “Amanat” kitabından bir fotoşəkil sübut edir”, - İləsbek ağa deyir.
İndi qiymətli yadigar Nartay məktəbinin nümayəndəsi Dövlətxan İzbaskana təhvil verilib.