Bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikasında toyların keçirilməsinə icazə verilib. Hətta, bununla bağlı sosial şəbəkələrdə də məlumat yayılıb.
Bildirilir ki, Naxçıvanda fəaliyyət göstərən restoranlara qonaqların sayı 40 nəfər olmaqla toy məclislərini təşkil etmək icazəsi var. Elə dünən də bir neçə restoranda məclislər qoyulan qaydalara əməl etməklə həyata keçirilib. Bəs görəsən prosesin davamı olaraq, növbəti günlərdə bunu ayrı-ayrı bölgələrimizdə də təşkil etmək mümkündür? Yoluxma sayı nəzərə alınaraq, digər ərazilərdə də toylara icazə verilə bilər?
Hafta.az əməkdaşı mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ilə həmsöhbət oldu.
Onun sözlərinə görə, hazırda ölkənin digər bölgələrində epidemioloji vəziyyət toyların təşkilinə icazə vermir:
-Yoluxma bu dinamika ilə artmağa davam edərkən hər hansısa bir toy və yas kimi kütləvi tədbirlərdən danışmaq nə qədər məntiqlidir? Naxçıvanda vəziyyət bir qədər fərqlidir. Ora gediş-gəliş də təyyarə ilədir. Bu zaman da hər kəs yoxlanışdan keçir. Buna görə də oradakı epidemioloji situasiya ölkənin digər yerlərindəki vəziyyətlə eyni deyil. Hazırda, Naxçıvanda məktəblər də, idman zalları da açıla bilər. Azərbaycanın digər bütün bölgələrinin bir-biri ilə quru əlaqəsi var. Naxçıvan isə coğrafi olaraq bu bölgələrə bağlı deyil. Biz hazırda çalışmalıyıq ki, ölkədə virusa yoluxmaların sayı artmasın, azalma istiqamətində tədbirlər getsin. Naxçıvanda məktəblərin açılmasını yaxud, toylara icazə verilməsini bütün ölkə üçün kriteriya götürmək olmaz.
-Bəs ölkənin hər yerində kafe və restoranların fəaliyyəti? Burada da eyni anda 40-50 nəfərdən çox adam asudə vaxtını keçirə bilir…
-Oradakılar eyni tədbirə gələn insanlar deyillər. Restoranlara müxtəlif vaxtlarda fərqli insanlar gəlir. Həm də, axı kafe ilə toyun da şərtləri fərqlidir. İnsanların bir-biri ilə rəqs etməyi, görüşməyi var. Həmçinin masaların məsafəsində nəzarət etmək də çətin olacaq. Vacib deyilki, toy üçün böyük tədbir keçirilsin. Ailə tədbirini keçirməyə heç kəs qadağa qoymur. Cütlüklər nigahlanıb, ailələri ilə şənliklərinin edə bilərlər. Buna heç bir qadağa yoxdur. Lakin şadlıq evlərində, toplum şəklində toy təşkil etmək indiki vaxt üçün uyğun deyil.
Qeyd edək ki, ölkəmizdə ötən ilin mart ayından etibarən toy yas və digər kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. Eyni zamanda, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında müxtəlif vaxtlarda keçirilməli olan ənənəvi Novruz şənlikləri və başqa bayramların respublika səviyyəsində təşkili ləğv edilib.
Məlumat üçün deyək ki, Qardaş ölkə Türkiyədə toy mərasimləri və bənzər yığıncaqların təşkil olunması qaydaları bölgələrdəki epidemioloji vəziyyətə görə müəyyənləşdiriləcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti ilə iclasdan sonra jurnalistlərə açıqlamasında bildirmişdi.
Belə ki, nikah mərasimləri şəklində toylar aşağı və orta yoluxma riskli əyalətlərdə maksimum 100 nəfər, yüksək və kritik yoluxma riskli bölgələrdə 50 nəfərdən çox iştirakçı və müddəti bir saatdan çox olmamaq şərtilə keçirilə bilər. Qeyri-hökumət təşkilatlarının, ticarət birliklərinin, kooperativlərin və buna bənzər təşkilatların ümumi yığıncaqları isə aşağı, orta və yüksək riskli vilayətlərdə 300-dən çox iştirakçı olmamaq şərti ilə keçirilə bilər.