Neftçala rayonunda 27 sentyabr Anım Günü qeyd olunub.
Hafta.az xəbər verir ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsilə əlaqədar olaraq Neftçala rayonunda Anım Günü qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, YAP Neftçala rayon təşkilatının və Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlının məsul şəxsləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.
İlk öncə Neftçala şəhərindəki Şəhidlər Xiyabanındakı şəhidlərin məzarı və Neftçala şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub, tər gül dəstələri düzülüb və ağacəkmə aksiyası keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Vətən müharibəsi şəhidi Camal İsmayılovun anası Filarə İsmayılova, Neftçala rayonu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin zabiti, kapitan Tural Əhmədov, Gündoğar qəzetinin baş redaktoru Bədirə Niftaliyeva, III qrup Vətən müharibəsi əlili Mayis Muradov, rayon gənci Anar Gülərli çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun 44 Günlük Vətən Müharibəsindəki Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, qazilərimizin igidliklərindən danışıblar. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edən şəhid ailələri Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını, təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda şəhidlərin ruhuna ehsan süfrəsi təşkil olunub.