Ölkəmizin 2020-ci il siyasi mənzərəsi - Sorğu

17:51 30.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin son günlərini, dəqiqələrini yaşayırıq. 2020-ci il  Azərbaycanın həyatında nə ilə yadda qaldı. Dünya gücləri ölkəmizi  necə tanıdı və 2021-ci ilə hansı baza ilə gedirik?

Hafta.az-ın ilin yekunları ilə bağlı bir sıra ictimai-siyasi təşkilatların rəyini öyrənib.

Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, 2020-ci il Azərbaycan tarixinin qızıl illərindən biri kimi yadda qalacaq.  Partiya sədri Vətən Müharibəsini saymasaq, 2020-ci ilin həm də, daha çox pandemiya, xəstəliklər, sosial yardım, kimi məsələlərlə də yadda qaldığını deyib. 

“Ümumən götürəndə 2020 ci il o biri illərdən xeyli dinamik, təlatümlü keçdi və bu ilin əvvəlində keçirilən parlament seçkiləri ilə də yadda qaldı. 2020 –ci il eyni zamanda hakimiyyətlə müxalifət arasında yaxınlaşma, partiyaların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində addımların atılması, qeydiyyat, ofis məsələlərinin həll olunması ilə yadda qalıb”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, bütün problemlərə baxmayaraq, 2020-ci il Azərbaycanın tarixində xüsusi bir ildir.

“Bu il tarixi ildir. Bu il Azərbaycan xalqını ayağa qaldırdı, birləşdirdi, millətləşdik, bütünləşdik”.

2020-ci ilin 9 fevralında parlament seçkilərinin keçirildiyini, daha sonra bütün dünyada Covid19 virusunun yaratdığı pandemiyanın dövrünün fəsadları- sosial vəziyyət, kommunal xərclər, hökümətin bu prosesə hazırlıq səviyyəsi ilə bağlı danışan Ümid Partiyasının sədri İqbal Ağazadə, ölkəmiz üçün mühüm olan məqamlara toxunub.

“Bəzi adamlar düşünürdü ki, Qarabağ məsələsini yenə də müxtəlif yerlərə yönəldə biləcəklər. Amma Azərbaycan insanı birləşdi, mövqeyini bir yerə qoydu. Hətta bu hakimiyyəti bəyənməyən, incik düşmüş adamlar da “Ali Baş Komandanın əsgəriyəm” deyib birliyi möhkəmləndirdi.

Bu xalq və hakimiyyət birliyi ilə Şuşa qalası alındı. 28 ildən sonra Şuşa azad edildi. 2020-ci ildə Azərbaycan böyük bir zəfərə imza atdı. Hələ hər şey bitməyib, müharibə masa arxasında davam edir. Hər şey qabaqdadır. Bundan sonra bu dövrü yaxşı qiymətləndirib dövlətin və xalqın maraqlarını qoruyaraq, lazımı addımlar atılmalıdır.

27 ildir deyirdik ki, gələn ili Şuşada, Laçında, Ağdamda keçirək, bu il isə deyirik ki, gələn ili Xocalıda, Əsgəranda, Xankəndidə keçirək. O torpaqlar hamısı bizim tarixi yerlərimizdir. Adından da görünür – Xankəndi”.

ADP sədri sədri Sərdar Cəlaloğlu bildirib ki,  2020-ci il Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin bir hissəsinin azad olunması ilə yadda qaldı.

“Hesab edirəm ki, torpaqların azad olunması ölkədə cərəyan edən bütün proseslərin önündə dayanır.  Azərbaycanın ərazi bütövlüyü bütün sahələr üzrə inkişafın əsas lokomatividir. 2020-ci il dekanrın 10-da hərbi paradın keçirilməsi, Türkiyə-Azərbaycan əlaqələrinin yaxşılaşması, siyasi partiyalarla əməkdaşlıq, iqtidar- müxalifət dialoqu, eyni zamanda dünyanı bürüyən pandemiyanın törətdiyi fəsadlar və sair göstəricilərlə yadda qaldı”.

Partiya sədri bildirib ki, dövlətin uğuru, partiyanın uğurudur və Vətənin təhlükəsizliyi, azadlığı partiyanın ən ümdə ideyasıdır.

“2021-ci ildə Qarabağın yerdə qalan ərazilərinin azad olunmasını gözləyirik”. 

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, 2020-ci ilin tariximizə qızıl hərflərlə yazdığı Vətən Müharibəsi  regionda  siyasi, iqtisadi dəyişikliklərə gətirib çıxartdı.  Onun sözlərinə görə, bu il regionda Türkiyənin rolunun artması, Rusiyanın  proseslərdə daha yaxından iştirakçılığını labüdləşdirdi.

“2020-ci il həqiqətən də Azərbaycan üçün yaddaqalan ildir. Dünyanı bürüyən pandemiya  Azərbaycanın iqtisadiyyatına mənfi təsir etsə də, sosial həyatı axsatsa da, Azərbaycan üçün əsas prioritet işğal olunmuş ərazilərin geri qaytarılması və bu faktın beynəlxalq birliyə qəbul etdirilməsi idi. Bu mənada 2020-ci ili tarixi əhəmiyyətli bir il kimi qiymətləndirirəm.  Eyni zamanda bu il Azərbaycan xalqının birliyini və öz ərazilərini qorumaq əzmini dünyaya göstərdi. 2020-ci il Azərbaycanın tarixinə qızıl hərflərlə zəfər tarixi yazdı.  Azərbaycan xalqını məğlub kimi qəbul edənlər yanıldı, xalqın düşkünlüyü aradan qalxdı”.

AMİP sədri Arzuxan Əlizadə  2020-ci ili torpaqların işğaldan azad olunması ilə yanaşı, siyasi partiyaların yenilənmə ili kimi xarakterizə edib.   Partiya sədri bildirib ki, ötən ilin noyabr ayında Prezident Admnistrasiyasında Siyasi partiyalar və  qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı və fevral ayından etibarən həmin şöbənin müdiri hörmətli  Ədalət Vəliyev  ölkədə fəaliyyət göstərən qeydiyyatdan keçmiş  siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirildi.

“Hakimiyyət tərəfindən  problemlərin həlli ilə bağlı bir sıra addımlar atıldı. Uzun illər qallan partiyaların qeydiyyat məsələsi,   partiyaların mənzil qərargahla təmin olunması öz həllini tapdı.  Faktiki olaraq ölkədə yeni siyasi münasibətlər sisteminin yaradılmasının şahidi olduq. Bu, ölkənin inkişafı üçün çox mühüm məsələdir. Partiyaların bir araya  gəlməsi, Vətən savaşı dövründə qələbəni təmin edən əsas göstəricilərdən oldu.  Həm 12 iyul Tovuz hadisələri,  həm 44 günlük müharibə ərəfəsində bir neçə partiyanın imzası ilə  bu  və ya digər məsələlərlə bağl bəyanat səsləndi, vahid mövqedən çıxışlar oldu.  Bu da dünyaya belə bir mesajı vermiş oldu ki, siyasi mövqeyindən asılı olmayaraq Azərbayacan xalqı Qarabağ məsələsində yekdildir.  Azərbaycan cəmyyəti ərazi bütövlüyüyün bərpa edilməsində dəmir yumruq kimi birləşdi. İnanıram ki, bundan sonra da siyasi partiyalarla əməkdaşlığın inkişafı yönündə uğurlu addımlar atılacaq”.