Onlara açıq şəkildə “vətən xaini” adı verilməlidir - Rəy

14:00 10.03.2026
Yazını böyüt
Yazını kiçilt

Ukrayna–Rusiya müharibəsi başlayandan bəri yüzlərlə azərbaycanlı həyatını itirib və ya itkin düşüb. Bildirilir ki, bu statistika əsasən Rusiyada yaşayan və ya müxtəlif səbəblərlə həmin ölkənin hərbi strukturlarına cəlb olunan şəxslərlə bağlıdır. Ekspertlər hesab edirlər ki, uzun müddət davam edən müharibə region ölkələri üçün həm sosial, həm də hüquqi problemlər yaradır.

Bəs belə halların qarşısının alınması üçün ictimai səviyyədə hansı tədbirlər görülməlidir?

Bu mövzu ilə bağlı Hafta.az-a açıqlama verən siyasi ekspert Azər Həsrət bildirib ki, rusiyapərəst siyasi dairələr anlamalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə də işğalçı Rusiyanın ordusunda xidmət edərək bizə dost olan Ukraynaya qarşı döyüşməməlidirlər.

Qeyd edib ki, Rusiya bir vaxtlar Azərbaycanın da torpaqlarını işğal edib və bu gün də Rusiyanın ərazisində, faktiki olaraq onun nəzarəti altında qalan Azərbaycan torpaqları mövcuddur:

“Azərbaycan qanunvericiliyinə görə vətəndaşların xarici hərbi birləşmələrdə iştirak etməsi qadağandır. Qanunla qadağan olunubsa, Azərbaycan vətəndaşları buna yol verməməlidirlər. Əks halda, onlar dövlətə və qanunlara qarşı çıxmış olurlar və təbii ki, müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdırlar”.

A.Həsrət məsələnin mənəvi tərəfinə də diqqət çəkib:

"Ukrayna hazırda işğala və hərbi təcavüzə məruz qalır. Rusiyanın hücumları nəticəsində minlərlə, on minlərlə, hətta yüz minlərlə dinc insan həyatını itirib, şəhərlər və kəndlər dağıdılıb. Belə bir vəziyyətdə Azərbaycan vətəndaşının gedib bu prosesdə iştirak etməsi üçün heç bir əsas yoxdur. Rusiya tərəfində dayanaraq Ukraynaya qarşı döyüşməyin heç bir izahı yoxdur".

A.Həsrət əlavə edib ki, qanunları bir kənara qoysaq belə, həm ölkəmizin, həm də dünyanın qəbul etdiyi dəyərlər baxımından bu davranış qəbuledilməzdir:

“İnsan necə gedib işğalçı ilə eyni sırada dayanaraq Ukraynaya qarşı döyüşə bilər? Üstəlik nəzərə almaq lazımdır ki, həmin işğalçı bir vaxtlar Azərbaycanın da torpaqlarını işğal edib, Ermənistanın Azərbaycana qarşı işğalına dəstək verib, Xocalı kimi dəhşətli bir soyqırımının törədilməsində rol oynayıb və 1990-cı ilin 20 Yanvar faciəsini həyata keçirib. Belə olan halda kim necə həmin qüvvələrin tərəfində dayanaraq haqsız bir müharibənin iştirakçısına çevrilə bilər? Hesab edirəm ki, bu cür şəxslərə qarşı çox ciddi tədbirlər görülməlidir. Mən dəfələrlə qeyd etmişəm ki, onlara açıq şəkildə “vətən xaini” adı verilməli və qanun çərçivəsində sərt şəkildə cəzalandırılmalıdırlar.

Bizi narahat edən başqa bir məqam isə odur ki, bəzən Rusiyanın ordusuna qoşularaq Ukraynaya qarşı döyüşən şəxslər dəfn olunarkən tabutlarının üzərinə Azərbaycan bayrağı sərilir, hətta onlara “şəhid” deyə müraciət edilir. Bu, qətiyyən doğru deyil. Onlar şəhid deyil və Azərbaycan bayrağı bu cür şəxslər üçün müqəddəs simvol kimi istifadə oluna bilməz. Belə şəxslərin Azərbaycan bayrağı altında dəfn edilməsi qəbuledilməzdir”.

Ekspert hesab edir ki, bu məsələ ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsi və maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir:

"Sosial şəbəkələr və televiziya kanalları vasitəsilə açıq çağırışlar edilməli, Azərbaycan vətəndaşlarına xarici ölkələrin silahlı qüvvələrində və ya qanunsuz hərbi birləşmələrində iştirakın qanunvericiliklə qadağan olunduğu barədə məlumat verilməlidir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, vətəndaşların xarici ölkələrin silahlı qüvvələrində və ya qeyri-qanuni silahlı dəstələrdə iştirakı yolverilməzdir. Bu barədə ictimaiyyətə mütəmadi çağırışlar edilməli, konkret qanun maddələri göstərilməli və belə əməllərin törədə biləcəyi hüquqi nəticələr barədə ətraflı məlumat verilməlidir. Bu cür xəbərdarlıqlar davamlı xarakter daşımalıdır. Bu istiqamətdə yerli icra hakimiyyəti orqanları və digər müvafiq dövlət qurumları da aktiv fəaliyyət göstərməlidir".

A.Həsrət vurğulayıb ki, xüsusilə Qarabağ müharibəsində iştirak etmiş bəzi şəxslərin belə münaqişələrə cəlb olunması halları müşahidə edilir:

“Məlumdur ki, müharibə iştirakçılarında bəzən ‘müharibə sindromu’ deyilən psixoloji vəziyyət yarana bilir və bu da onların yenidən döyüş mühitinə meyil göstərməsinə səbəb olur. Bu baxımdan həmin şəxslərlə mütəmadi iş aparılmalı, onların vəziyyəti diqqətdə saxlanılmalıdır. Bəzi hallarda şəxslər sosial-iqtisadi problemlər səbəbindən xarici münaqişələrə qoşulduqlarını iddia edirlər. Bu səbəbdən də vətəndaşların sosial problemlərinin həlli və onların sosial təminatının yaxşılaşdırılması məsələsi də diqqət mərkəzində saxlanılmalıdır".

Tahirə Qafarlı