2025-ci ilin aprelindən neft bazarında baş verən hadisələr OPEC+ ittifaqının davamlılığını ciddi şəkildə sınaqdan keçirməyə başladı. Bir tərəfdən səkkiz ölkənin hasilatı artırmaq qərarı, digər tərəfdən isə Qazaxıstanın mart ayında kvotaları aşaraq gündəlik əlavə 300 min barel neft hasil etməsi qiymətlərin aşağıya doğru getməsinə səbəb olub. Rusiyanın Ural nefti yenidən 50 dollardan aşağı düşsə də, onunla Brent arasındakı uçurum dərinləşməkdə davam edir.
Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, neftin ucuzlaşmasının digər mühüm amili ABŞ-ın Çinlə ticarət müharibəsini gücləndirməsidir. Qlobal enerji tələbatının ən böyük istehlakçısı olan Çinə təzyiq ümumi tələb gözləntilərini zəiflədir və investorların enerji bazarına inamını sarsıdır. Mütəxəssislərin fikrincə, bu atmosferdə istehsalçılar qiymətləri daha da aşağı salmaq riskini gözə alaraq, mövcud bazar paylarını qorumağa çalışırlar.
Qazaxıstan hökuməti artıq neftin qiymətini 55 dollar, hətta 50 dollar səviyyəsində nəzərdə tutan “super böhran” ssenariləri üzərində işləyir. Lakin son vaxtlara qədər böhran həddi 60 dollar kimi qəbul edilirdi. Bu inkişaflar OPEC+ çərçivəsində kvota sisteminin davamlılığını bir daha sual altına qoyub. Astana üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini bəyan etsə də, ekspertlər xarici sərmayədarların nüfuzlu olduğu sahələrdə belə addımların atılmasının çətin olduğuna diqqət çəkirlər.
Kritik əhəmiyyət kəsb edən Tengiz yatağında hasilatı artıran Qazaxıstan Chevron və ExxonMobil kimi Amerika şirkətləri ilə həyata keçirdiyi layihələrdə idarəetməni bölüşmək məcburiyyətindədir. Bu, ölkənin öz enerji siyasətini beynəlxalq öhdəlikləri ilə balanslaşdırmasını çətinləşdirir. Bununla belə, qısa müddətdə OPEC+ razılaşmasının aparıcı aktorların, xüsusən də Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ-nin maraqlarına uyğun olduğu müddətcə davam edəcəyi gözlənilir.
Digər tərəfdən, Xəzər Neft Konsorsiumu tərəfindən istismar edilən 1500 km uzunluğunda boru kəməri də yeni problemlərlə üzləşir. Aprel ayında sistemin bəzi yükləmə terminalları müvəqqəti olaraq sıradan çıxıb. Lakin məhkəmənin qərarı ilə ciddi sanksiya tətbiq edilməyib. Bundan əlavə, fevralda PUA-nın hücumu nəticəsində zərər görən Kropotkinskaya stansiyasının mayın sonunda yenidən istifadəyə verilməsi nəzərdə tutulur.