Azərbaycan-Hindistan iş adamlarının Bakıda görüşü təşkil olunub.
Hafta.az-ın yazdığına görə, tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki səfiri Vanlalvavna Bavitlunq deyib ki, hindistanlı iş adamlarının Azərbaycana səfəri çox düzgün vaxta təsadüf edir. Çünki hər iki ölkənin iqtisadiyyatında sürətli inkişaf gedir və qarşılıqlı əməkdaşlığa böyük maraq yaranıb. “Hindistan qlobal iqtisadi aləmə inteqrasiya edib. Bu gün Hindistan dünyada sayca 6-cı ən iri iqtisadiyyatdır və illik 7 faiz sürətlə inkişaf edir. Hesab edirik ki, milli iqtisadi göstəricilərimiz sağlamdır və gələcəkdə də dövlətimizin inkişaf sürətini saxlayacağına inanırıq. Əminəm ki, Azərbaycan iqtisadiyyatı da inkişaf edir” deyən diplomat əlavə edib ki, iki ölkə arasında tarixən dost əlaqələr mövcuddur. Onun fikrincə, bir sıra sahələrdə inkişaf daha sürətlə gedir. “Ötən il Hindistanla Azərbaycan arasında ticarət əaqələrinin həcmi 923 milyon dollar olub. Amma bu azdır və hesab edirik ki, mövcud həcmi artırmaq üçün böyük potensial var” deyib səfir Bavitlunq.
Daha sonra səfir deyib ki, Hindistan məhsulları olan mebel, geyim-kecim, ərzaq, xüsusilə də düyü, çay və sair, dərman və tibbi avadanlığa, digər bir sıra məhsullara Azərbaycan bazarında ehtiyac böyükdür. “Şirkətlərimuz həmçinin nəqliyyat və logistika sahəsinə maraq göstərirlər. Birbaşa təyyarə uçuşların başlaması ölkərimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə yaxşı təsir göstərəcək. Artıq indidən qarşılıqlı səfərlərin sayı artıb. Məsələn, ötən il 40 min hindistanlı Azərbaycana səfər edib. Bu isə ölkələrimizi daha çox tanıtmağa kömək edir. Çünki bir dəfə gələn insan vətəninə qayıtdıqdan sonra gördüklərini qohumuna, dostuna danışır və beləliklə dövlətin özəllikləri barədə daha dolğun təəssürat maraq yaranır. Hesab edirəm ki, biz səfərlərin sayını daha da artırmalıyıq. Bu yerdə məlumat verim ki, sentyabrda Hindistan Sənaye Konfederasiyasının nümayəndə heyəti Bakıya gələcək” deyib hindistanlı diplomat.
Ekalogiya və təbii sərvətlər nazirinin müavini, Azərbaycan-Hindistan hökumətlərarası birgə komissiyasının həmsədri Firdovsi Əliyev isə deyib ki, iki ölkə arasında dost əlaqələri tarixən mövcud olub və günümüzdə də inkişaf etməkdədir. “Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Azərbaycan-Hindistan hökumətlərarası birgə komissiyasının indiyədək 5 iclası keçirilib. Məhz komissiya çərçivəsində təhsil, mədəniyyət, informasiya texnologiyası, nəqliyyat, sənaye, turizm, ticarət və sair sahələrdə əlaqələr genişlənir və keçirilən iclaslar bu sahələrdə əməkdaşlığa müsbət təsir etməkdədir. Azərbaycanın coğrafi şəraiti elədir ki, daşıma potensialı böyükdür və bu sahənin inkişafı üçün külli miqdarda sərnayələr yatırılır. Turizmin inkişafına təsir edəcək birbaşa çarter reys açılıb. Dərman istehsalı üzrə birgə müəssisə yaratmaq üçün razılığa gəlinib” deyən nazir müavini bu ilin noyabrında Bakıda geniş beynəlxalq sərginin açılacağını bildirib və əlavə edib ki, bu tədbir şirkətlərin yeni biznes imkanlarını dəyərləndirməsinə şərait yaradacaq. Nazir müavini sonda Hindistan şirkətlərini həmin sərgidə iştiraka dəvət edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev isə bu cür tədbirlərin keçirilməsinin Azərbaycan və Hindistan iş adamları arasında əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayacağını deyib.
Sonra Hindistanın və Azərbaycanın investisiya imkanlarına, biznes mühitinə dair təqdimatlar olub.