Özbək baxşılarında usta–şəyird ənənəsi

09:16 04.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Orta Asiya mədəniyyət məkanında baxşı sənəti həm tarixi, həm də funksional baxımdan diqqət çəkən ənənələrdən biridir. Bu mühitdə formalaşan baxşı obrazı ozan və daha qədim mərhələdə şamanla müqayisədə özünəməxsus xüsusiyyətlərə malikdir. Tarixi mənbələrə görə, türkmən və özbək toplumlarında şairlərə, savadlı insanlara, həkimlərə, saray məmurlarına və el müdriklərinə “baxşı”, “baksı” deyə müraciət olunub".

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Özbək baxşılarında usta–şəyird ənənəsi ilə bağlı yazısında yer alıb.

Hafta.az yazını təqdim edir.

Qazax, qırğız və uyğurların folklor mühitində isə falçı və baxıcı funksiyası daşıyan şamanların “bakşı” və “bakçı” adlandırılması bu terminologiyanın geniş coğrafi yayılmasını göstərir. “Folklor areallarında rastlanan “baksa”, “faksa”, “paksi” kimi variantlar da bu adda fonetik fərqliliyin qədimliyindən xəbər verir. Özbək və türkmən baxşılıq ənənəsinin ən diqqətçəkən cəhətlərindən biri xalıpa–çıraq sistemidir. Xalipa-çıraq ustad–şəyird münasibətləridir. Bu model təkcə sənət öyrətmə forması deyil, həm də əsrlər boyunca qorunub yaşadılan bir mədəni tərbiyə mexanizmidir. Baxşı sənətinin musiqi və söz repertuarı şifahi ənənəyə əsaslanır. Bu ənənə xalıpa–çıraq (ustad–şəyird) xətti ilə nəsildən-nəslə ötürülür və adətən üç–beş illik öyrənmə dövrünü əhatə edir. Bu müddətdə xalıpa öz şəyirdinə çalıb-oxumağı, dastan söyləməyi və məclis idarə etməyin əsas qaydalarını öyrədir. Şəyird sənətdə yetkinləşdikdə baxşılar onu Taşauz vilayətində yerləşən Aşıq Aydın ocağına aparır və burada ustad xeyir-duası verirlər. Türk dünyasının inanclar sistemində böyük hörmətə malik Baba Qambar və Aşıq Aydın baxşıların piri-ustadı hesab edilir. Baxşı adının türkmən və özbək mühitində qazandığı məna çoxqatlı olub, tarixi proseslər boyunca müxtəlif funksionallıqları özündə birləşdirib. Ənənə bir növ sanki ozan ənənəsindən miras alınan sənət funksiyasını, şaman kodlarının baxşılıqda qorunub saxlanmasını eləcə də yeni dövrün mədəni mühitində formalaşan məzmun və etnik spesifikasını özündə birləşdirir. Bu istiqamətlərin hər biri arxaik qatın tipologiyasını açır və baxşılığın köklü mədəni xəttə bağlılığını göstərir. Müxtəlif bölgələrdə baxşı, bakşı, faksa, paksı kimi formalar işlənməsinə baxmayaraq, bu adların arxasında eyni ənənənin ortaq ruhu dayanır. Şifahi ənənə üzərində formalaşan baxşı yaradıcılığı şamanlıqdan və ozanlıqdan gələn elementləri orta əsrlərin geniş mədəni mühitində yeni çalarlarla zənginləşdirərək yaşadıb.

Şifahi ənənəyə söykənən baxşı, akın və aşıq yaradıcılığı yüz illər boyunca türk xalqlarının mənəvi özünüdərkinin əsas daşıyıcılarından biri olmuşdur. Bu ənənənin dayağı olan ustad–şəyird münasibəti isə sənətin bu günə qədər gəlib çatmasına xidmət edən ən möhkəm sütunlardan biri kimi diqqət çəkir.