Məlum olduğu kimi, Pakistanda keçmiş baş nazir, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanda da çox yaxşı tanınan İmran Xan həbs olundu və bundan sonra başlayan etirazlar tam gücü ilə bu gün də davam edir. Özü də qanla-qada ilə. Yerli mənbələrə görə, Pakistanın müxtəlif şəhərlərində başlayan kütləvi nümayişlərdə ən azı bir nəfər ölüb, onlarla yaralanan var, 43 nəfər isə polis tərəfindən saxlanılıb.
Dünən Milli Maliyyə Məsuliyyəti İdarəsi tərəfindən izdihamlı Reyncerlər qrupu tərəfindən paylaşılan İmran Xanın görüntüləri ölkədə hiddətə səbəb olub.
Həbs edildikdən sonra Xanın tərəfdarları Pakistanın bir çox şəhərlərində küçələrə çıxaraq onun azad edilməsi üçün şüarlar səsləndiriblər. Məlumatlara əsasən, hətta etirazlar zamanı İmran Xanın tərəfdarları ordu qərargahlarına və yüksək rütbəli hərbçilərin evlərinə basqın ediblər.
Azərbaycanda bir məsəl var: sən saydığını say, gör fələk nə sayır, İslamabad Ali Məhkəməsi ölkəni bürümüş çaxnaşmadan heç halını belə pozmadan Xanın korrupsiya işi üzrə həbsinin qanuni olduğunu bəyan edib.
Çox qəribədir ki, Bəlucistan əyalətinin Kuetta şəhərindəki etirazlarda polis bir nəfəri güllələyərək öldürsə də, təhlükəsizlik qüvvələri ölən şəxslə bağlı hər hansı açıqlama verməyib. Sadəcə İslamabad Polis İdarəsindən bildirilib ki, etirazlar zamanı 5 polis yaralanıb, 43 nümayişçi isə xüliqanlıq etdiyinə görə saxlanılıb, vəssalam.

Bəs bu qədər birtərəfli daxili siyasi mövqenin göstərilməsi 240 milyonluq Pakistan xalqına yaraşırmı? Bəs İmran Xanın lideri olduğu Pakistan Ədalət Hərəkatı Partiyası (PTİ) harda qaldı, axı bu siyasi təşkilatın arxasında milyonlarla insan dayanır.
Təbii, partiyasının hadisələrə soyuqqanlı reaksiyası təqdirəlayiqdir, dövlətin təhlükəsizlik qüvvələrinə qarşı üsyan demokratik üsullara uyğun deyil. Amma əlbəttə ki, həroseslər əvvəldən demokratik müstəvidə getsəydi. PTİ sadəcə sosial media hesablarından xalqa müraciət ünvanlayaraq "Pakistanı bağlayın. Növbə sizdədir, Pakistan xalqı. Xan hər zaman sizin yanınızda olub, indi onun yanında olmaq zamanıdır" çağırışını edib. Deyərdim ki, son günlər şəhərlərdə keçirilən etiraz aksiyaları bəlkə də PTİ-nin çağırışının nəticəsidir.
Bu arada qeyd edək ki, nümayişçilər Pakistanın ən böyük şəhərlərini - Kəraçi, Ravalpindi, Lahor, Pişəvər və bir çox başqa yerləri əhatə edir. Bu şəhərlərdə xalq yolları bağlayıb, müxtəlif şəhərlərdə ictimai əmlaka ziyan vurulub, polis maşınlarını yandırılıb və sair.
Yerli və beynəlxalq medianın bəzi müsahibələrindən sitatları toplayaraq qənaətimizi belə təqdim edə bilərik: Ölkənin harasında yaşamasından asılı olmayaraq PTI tərəfdarları Ravalpindi, Kəraçi, Multan, laxor və sairdə keçirdikləri aksiyaların tək bir səbəbi olduğuna israrlıdırlar. "İmran Xan bizim qırmızı xəttimizdir. Baş Qərargahdan Xanı sərbəst buraxmağı tələb edirik. Azad edilənədək etirazımızı davam etdirəcəyik".
Göründüyü kimi, xalq qəzəbini ultimatumla, çox aydın tələblə ifadə edib. Amma rəsmi orqanlar qanun donuna bürünərək öz mövqelərində qalırlar. Onlar xalqın könlünü ələ almaqla ölkəni bürüyən etiraz abhavasını yatırmaqdansa, daha sərt tədbirlərə əl atırlar. Daxili İşlər Nazirliyinin göstərişinə uyğun olaraq bütün ölkə ərazisində genişzolaqlı mobil rabitə dayandırılıb, sosial şəbəkələrə giriş məhdudlaşdırılıb, hətta bəzi ərazilərdə internetə çıxış ümumiyyətlə dayandırılıb.

Daxili işlər naziri Rana Sanaullah paytaxt İslamabadda verdiyi açıqlamada Xanın baş nazir olduğu dövrdə Böyük Britaniyada çirkli pulların yuyulmasında ittihamlanan podratçıdan 24,7 milyon dollar dəyərində torpaq aldığını bildirib. Amma nədənsə, DİN rəhbəri onillər boyunca bu ölkədə rüşvətə bulaşmamış bircə məmur olmadığını anlamaq istəmir. Hətta indiki baş nazir Şaxbaz Şərifin ailə üzvlərinin ünvanına səsləndirilən çoxsaylı ittihamları belə araşdırmaq Pakistan ədliyyəsinin yadına düşmür.
Sonda xatırladaq ki, Xan üçün həbs qərarı Milli Hesabatlılıq Bürosu (NAB) tərəfindən verilib.
Yuxarıda da qeyd etdiyimiz kimi, bəli, Rana Sanaullah Xanın baş nazir olduğu müddətdə milyonlarla dollar dəyərində torpaq aldığını bildirib. Amma bu, Xan yüksək rütbəli kəşfiyyat məmurunu ona qarşı sui-qəsdin arxasında durmaqda ittiham etdikdən sonra baş verib. Necə deyərlər, dəymə mənə, dəyməyim sənə. Ən təəccüblüsü odur ki, müstəqilliyi dövründə defakto ölkədə ən ali nəzarət strukturu olan ordu bə məsələdə Xanı yox, Kəşfiyyat İdarəsinin tərəfini tutub. Burda da aysberqin görünməyən tərəfi – korrupsiya öz sözünü deyir. Axı uzun müddətdir Pakistan ordusunda adi hala çevrilmiş yeyinti hallarının olduğu bildirilir. Güman ki, Kəşfiyyat İdarəsini dəstəkləməklə özünü sığortalamış olub.
Qeyd edək ki, İmran Xanın ona qarşı sui-qəsdin arxasında yüksək rütbəli bir kəşfiyyat rəsmisinin dayanması ilə bağlı iddialarını ordu “məsuliyyətsiz və əsassız” adlandırmışdı.
Bir daha xatırladaq ki, Xan mayın 7-də verdiyi açıqlamada ona qarşı sui-qəsdin arxasında baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Xidmətlərarası Kəşfiyyat İdarəsinin (İŞİ) rəis müavini, general-mayor Faysal Nasirin dayandığına dair iddialar səsləndirmişdi.