Bu gün alış-veriş sevərlərin səbirsizliklə gözlədikləri həmin o gündür -“Black Freeday”...
Hər il noyabr ayının son cümə günü bütün dünyada “Black friday” yəni “Qara cümə”adı altında məhsullara xüsusi endirimlər təşkil edilir. Adı insanda mənfi təəssüratlar yaratdığı üçün, dünyanın dörd bir yanında mağazalar bu günü, “möhtəşəm cümə”, “sərfəli cümə”, “super cümə” kimi fərqli adlarla, məhsullara 50-70% endirim etməklə alıcılara təqdim edir. Son illərdə, bu ənənə ölkəmizdə də geniş yayılıb. Elə bu səbəbdən də, hafta.az-ın əməkdaşı, vəziyyəti öyrənmək üçün, paytaxtın bir sıra mağazalarına üz tutdu.
Əvvəlcə onu qeyd edək ki, bu il pandemiya ilə əlaqədar, mollar və iri ticarət mərkəzləri bağlıdır. Mağazalardaklı vəziyyətə gəldikdə isə, onu deyə bilərik ki, burada hər il baş verən alıcı izdihamı müşahidə olunmurdu. Geyim dükanlarının bir neçəsində insan qalabalığı ilə qarşılaşsaq da, bu adi günlərdəkindən elə də çox fərqlənmirdi. Deyəsən pandemiya bu il "Qara Cümə"yə də təsirsiz ötüşməyib. Bundan əlavə, alıcıların yüksək əksəriyyətini xanımlar təşkil edirdi.
İlk olaraq şəhərin bir neçə yerində şöbələri olan, “LC WAIKIKI” mağazasına yaxınlaşdıq.
Buranın xanım əməkdaşı bizə bildirdi ki, bu günə özəl endirimlər yoxdur. Olan bütün kompaniyaları isə, mağaza hər zaman öz müştərilərinə təklif edir.
Növbəti dayanacağımız, “Economic boutique” oldu.
İlk baxışdan da aydın görünürdü ki, mağazada bu gün alıcılarını sevindirəcək təkliflər var.
Kassir Elnazə xanım söylədi ki, endirimli təkliflər müxtəlif, alıcılar isə razıdır:
“Mağazada “qırmızı etiketli” məhsullara, 2+1 kompaniyası mövcuddur. Müştəri həmin məhsullardan alırsa onlardan ikisinin ödənişini edir, nisbətən ucuz olanı, həmin malların üzərində, ona hədiyyə olunur”.
Yaxınlaşdığımız növbəti məkan ”Brand Brand” mağazası idi ki, burada da, müxtəlif təkliflər mövcuddur.
Buna baxmayaraq alıcılar məhsullara elə də maraqlı görünmürdü. Elə müştəri seyrəkliyi də buna nümunə idi. Satıcı söylədi ki, bu gün müştəri iki məhsul alırsa, nisbətən ucuz olanı 50% endirimlə satılır:
“Son qərarla bağlı olaraq, mağaza şənbə-bazar günləri işləmir. Buna görə də kompaniya bu gün və bazar ertəsi qüvvədədir. Əvvəlki günlərə nisbətən indi, alıcılar daha çoxdur. Düşünürəm ki bu da endirimlərlə bağlıdır”,
Başqa bir ayaqqabı mağazasında, isə vəziyyət tamamən fərqli idi. Burada adam əlindən sözün əsl mənasında tərpənmək olmurdu. İnsanlar sanki virusun varlığını da unutmuşdular. Sıxlıqdan içəri bir təhər daxil olub satıcı ilə söhbətləşməyə imkan tapa bildik. O bildirdi ki, mağazada mövcud olan bütün mallara bu gün 40% endirimdir, elə yaşanan sıxlıq da bununla bağlıdır.
Gəlmişkən vəziyyəti bir də alıcıların dilindən eşidək dedik...
Müştəri Aynurə xanım söylədi ki, qış üçün bütün geyim təlabatını məhz bu gün almağı planlaşdırırmış, qarşılaşdığı vəziyyət isə nə yaxşıdır, nə də pis:
“Doğrusu keçən bir neçə il də, black friday günü alış-veriş etmişəm. Əvvəlki illərdə daha çox mağaza müxtəlif sərfəli endirim kompaniyaları təklif edirdisə, bu il həmin yerlərin sayı xeyli azdır. Amma, yenə də vəziyyətdən razıyam, bəyəndiyim ayaqqabını 20 manat daha ucuz aldım. Axı niyə də razı olmayım?”
Digər həmsöhbətimiz Fidan xanım da, “Black freeday”dan yararlananlardan idi.
O bildirdi ki, bir neçə gün əvvəl qiymətindən narazılıq etdiyi paltarı, bu gün 40% endirimlə alıb. Qiymətlərin belə sərfəli olduğuna görə, həm özünə, həm də ailəsinə hədiyyələr almağı düşünür. Alıcı onu da bildirdi ki, bu gün rahat alış-veriş edə bilmək üçün, ilk öncə işdən icazə alıb.
Geyim mağazalarından sonra, məişət texnikalarının və digər texniki avadanlıqların satış yerlərindəki vəziyyətlə də maraqlandıq.
“World telecom” mağazasının məsul işçisi Elçin Əhmədov bizə bildirdi ki, mağazada mövcud olan endirimli məhsullar, dünyadakı “qara cümə”dən fərqli olaraq, “sərfəli cümə”, “günəşli cümə” adı ilə alıcılara təqdim olunur. Burada telefonlardan tutmuş, aksesuarlara və məişət texnikalarına qədər bir sıra məhsullarda endirimlər mövcuddur:
“Məhsulların qiymətləri növlərinə görə, endirimlər də buna əsasən dəyişir. Elə telefonlar var ki, bu gün qiyməti 400 manata qədər aşağıdır”.
Qeyd edək ki, endirimlər təkcə paltar və elektron əşyaların satış yerlərində deyil eyni zamanda, kosmetika, aksesuarlar, kitab, oyuncaqlar kimi məhsulların olduğu mağazalarda da mövcud idi. Satışda aşağı qiymət təklikfi yalnız qeyri populyar məhsullara deyil, eyni zamanda ən yaxşı mallara da tətbiq edilir. Alıcılar məhz bu gün alış veriş etməklə, xeyli karlı çıxmış oldular. Onsuzda satıcılar bütün hallarda qazanan tərəf olur.
Qeyd edək ki, "Qara Cümə" ABŞ-da Noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan, Şükran günündən sonrakı Cüməyə verilən qeyri-rəsmi bir addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq "Qara Cümə" termini son onilliklərə qədər elə də geniş yayılmamışdı. Qara Cümə günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir, və mağazaların açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Hətta bəzi hallarda mağazalar endirimləri Şükran günü axşam saatlarında başladırlar. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar. "Qara cümə" günü ABŞ-dan başqa daha bir neçə ölkələrdə keçirilir. 2013-cü ilin dekabrın 6-dan Rusiyada həyata keçirilən bu tədbiri ABŞ-dan fərqləndirən əsas xüsusiyyət odur ki, burada güzəştli məhsullar, əsasən, internet vasitəsilə həyata keçirilir. Qara cümə rəsmi bir tətil deyil, lakin həmin gün Kaliforniya da daxil olmaqla Amerikanın digər bir neçə ştatında hökumət işçiləri üçün "Şükranlıqdan sonrakı gün" adı altında qeyri iş günü elan edilib. Məktəblərdə isə həm Şükran günü, həm də ondan sonrakı Cümə tətil elan olunmuşdur, bu da şənbə və bazar da daxil olmaqla dörd günü əhatə edən bir həftəsonu mənasını verir. Belə olduqda - Qara Cümə bu dörd günlük tətil müddətində davam edir, bununla da potensial alıcıların sayı da artmış olur. 2005-ci ildən etibarən Qara Cümə ABŞ-da İlin ən işlək alış-veriş günü adını almışdır.
Demək olar ki, əksər mağazalarda sərfəli təkliflər, bazar ertəsi də qüvvədədir. Elə buna görə də, hər birinizə “Black friday”ın son günlərində maksimum endirim arzulayırıq.