Pandemiya BakıKart-lara onlayn ödəniş üçün görülən işlərdə gecikmələrə səbəb olub - BNA

12:24 30.03.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Dünən səhər saatlarında paytaxt sakinləri “MilliÖn” ödəniş terminalları vasitəsilə “Bakı kart” balansını artırmaqda çətinliklər yaşayıb. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev hafta.az-a açıqlamasında bildirib ki, hazırda paytaxt ərazisində kifayət qədər ödəmə terminalı var. Bu gün BakıKartın paytaxt ərazisində metro stansiyalarında 146 ödəmə terminalı mövcuddur. Metronun fəaliyyət göstərməməsinə baxmayaraq, bu terminallardan günboyu istifadə etmək mümkündür. Bundan başqa, təxminən, 50-dən artıq avtobus dayanacağında BakıKarta məxsus, 200-ə yaxın dayanacaqda isə “MilliÖn”ə məxsus ödəniş terminalı var.

“Şəhərkənarı ərazilərdə də artıq BakuBusa məxsus avtobuslar fəaliyyət göstərir. Kart vasitəsilə gedişhaqqı ödənildiyi belə ərazilərdə isə hamının tanıdığı yerlərdə, xüsusən də 24 saat fəaliyyət göstərən dükanlarda pos-terminallar qoyulub. Onların da mövcudluğu ilə bağlı dükanların önündə məlumat lövhələri vurulub.  Sərnişinlərimizə tövsiyə edərdik ki, BakıKartla davranışda bir qədər planlı olsunlar. Belə olan halda özlərini də çətinə salmazlar. Əgər sərnişin ictimai nəqliyyatdan gündəlik istifadə edirsə, yaxşı olardı ki, 5-10 günlük balansı artırardılar. Bu zaman hər dayanacaqda ödəniş terminalı axtarmaq üçün də vaxt sərf etməyə ehtiyac qalmır”. 

Ödəniş terminallarında yaranan nasazlıqlara gəldikdə isə qurum rəsmisi söylədi ki, belə bir məlumat daxil olduğu zaman MilliÖn və BakıKart  şirkətlərinə məlumat göndəririk. Texniki nasazlıqların arada qaldırılmasına hər iki şirkət özü nəzarət edir. Bundan başqa, M.Ağayev agentliyin çoxdandır, BakıKarta onlayn ödəniş etmə imkanı yaratması xəbərinə də münasibət bildirdi:

“BakıKart-lara onlayn şəkildə ödəniş etmək imkanı yaratmaq fikrimiz var. Bir çox sahələrdə olduğu kimi, bu istiqamətdə də görülən işlərdə müəyyən gecikmələr var. Səbəb də pandemiyadır. Tərəfdaş olduğumuz şirkət xaricidir. Onun əməkdaşlarının gəlib-getməsində məhdudiyyətlər var. Biz onlarla mümkün qədər virtual formada işimizi aparırıq. İşin ləngiməsinin digər mühüm səbəbi metroda sərnişindaşımanın dayandırılmasıdır. Hazırda BNA diqqəti daha çox avtobuslarda fasiləsiz sərnişindaşımaya yönəldib”.

Son olaraq mətbuat katibi ölkədə kart sistemi ilə fəaliyyət göstərən marşrut sayının rəsmi statistikasını da açıqladı. Belə ki, 2020-ci il ərzində 478 avtobusa nağdsız ödəniş sistemi tətbiq olunub. Bu da təxminən 43 marşrut xətti deməkdir:

“Ümumilikdə, son 5 ilin statistikasına nəzər salsaq, 1000-dən artıq avtobusda nəğdsiz ödəniş tətbiq edilib. Bu gün istismarda olan avtobusların 48%-də nağdsız ödəniş sistemi mövcuddur. Bu göstəricilər son 5 ildə, təxminən, 34% artıb. Gündəlik olaraq 590 minə yaxın sərnişin kart vasitəsilə ödəniş edərək sərnişindaşımadan yararlanır. Nağdsız ödəməyə keçid, istismarda olan avtobusların dövriyyəsinin 48%-nin şəffaflaşdırılmasına gətirib çıxarmışdır”.