Məlum olduğu kimi, ötən ilin dekabrından mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb. Bununla bağlı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti pay torpaqlarına dair çıxarışı olmayan vətəndaşlara yerlərdə səyyar qeydiyyat xidməti göstərir. Bu istiqamətdə görülən işlər Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.
Xatırladaq ki, sözügedən fərmana əsasən, İqtisadiyyat Nazirliyinə "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin təqdim olunmasını "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda nəzərdə tutulmuş müddətlərdə təmin etməsi tapşırılıb. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Elektron kənd təsərrüfatı və Torpaqların elektron kadastr uçotu informasiya sistemləri arasında informasiya mübadiləsinin genişləndirilməsini təmin etmək üçün iki ay müddətində zəruri tədbirlər görüb, bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir. Bu fərmanın icrası məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır. Fərman ümumilikdə, 3 il müddətində 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutur.
Bəs, görəsən, hazırda bu istiqamətdə işlər hansı mərhələdədir? İndiyədək nə qədər pay torpağı sənədləşdirilib? Pay torpaqlarının sənədləşdirilməsində məqsəd nədir?
Mövzu ilə bağlı hafta.az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, hazırda mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi davam edir: “Bununla bağlı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti pay torpaqlarına dair çıxarışı olmayan vətəndaşlara qeydiyyat xidməti göstərir. Görülən işlər Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir. Məqsəd kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi isə, vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır”.
Qurumdan həmçinin vurğulanıb ki, cari ilin aprel ayının 1-dək 15832 ərizə qəbul olunub, həmin ərizələrə əsasən 7991 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb: “Xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliyə uyğun müddətdə təqdim ediləcək. Ümumilikdə, 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutulur”.
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, sözügedən fərmana əsasən, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək: "Bu, o anlama gəlir ki, subsidiya mexanizmi artıq 2025-ci ilədək daha da təkmilləşməlidir. Məqsəd subsidiyaların ünvanlığının və subsidiyaların verilməsində səmərəliliyin artırılmasına daha çox nail olmaqdır. Çünki nəticədə aqrar sektora verilən subsidiyalar həm də kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və bütövlükdə fermerlərin maliyyə imkanlarının genişləndirilməsi baxımından vacib hesab olunur. Bu, eyni zamanda kənd təsərrüfatı üçün vacib olan uçot sisteminin daha da təkmilləşdirilməsinə imkan verəcək. Nəticədə pay torpaqları və eyni zamanda kənd təsərrüfatı torpaqları ilə bağlı daha təkmil və sistemli uçot mexanizminin yaradılmasına şərait yaranacaq".