Polşanın Baş Geodeziya Xidmətinin nəzdində fəaliyyət göstərən Polşadan Kənarda Coğrafi Adların Standartlaşdırılması Komissiyası Rusiyanın Kalininqrad vilayətinin və eyni adlı şəhərin adını dəyişmək qərarına gəlib.
Hafta.az-ın "Rzeczpospolita"ya istinadən yazdığına görə, dünən dərc olunmuş məlumatda deyildiyi kimi, aprelin 12-də keçirilən iclasında komissiya qərara gəlib ki, rusların Kalininqrad adlandırdığı şəhər bundan sonra Polşa adı ilə Krulevec adlanacaq.
Komissiyanın qərarına əsasən, şəhərin yerləşdiyi inzibati vahid də bundan sonra Kalininqrad vilayəti deyil, Krulevetska vilayəti kimi yazılacaq. Ad dəyişikliyi elan edildiyi gündən, yəni 2023-cü il mayın 9-u çərşənbə axşamından qüvvəyə minib.
Coğrafi Adların Standartlaşdırılması Komissiyası dəyişiklik edərkən nəzərə alıb ki, “indi rusca Kalininqrad olan şəhər Polşada ənənəvi Krulevets adı ilə tanınır”, indiki rus adı sünidir və onun bu bölgə ilə ümumiyyətlə əlaqəsi yoxdur.
“Polşa sərhədlərinə yaxın yerləşən böyük bir şəhərə, digər məsələlərlə yanaşı, polyakların kütləvi qətli (Katın qırğını) ilə bağlı qərar qəbul etdiyi üçün cinayətkar Kalininin adının verilməsi Polşada emosional, mənfi xarakter daşıyır”, - komissiyanın açıqlamasında deyilir.
Komissiya coğrafi adların identifikasiya funksiyası ilə yanaşı simvolik funksiya daşıya biləcəyini vurğulayıb: “Şəhərin indiki rusca adı rus məkanının elementidir ki, bu da ölkə hüdudlarından kənarda auditoriyaya tətbiq edilir".
“Rusiyanın Ukraynaya təcavüzü, qondarma rus dünyasının tətbiqi, Rusiyanın informasiya müharibəsi ilə bağlı hadisələr bizi böyük mübahisələrə səbəb olan və təqdirlə qarşılanmayan adlar məsələsinə ikinci dəfə nəzər salmağa vadar edir", - komissiya qeyd edib.
Xatırladaq ki, ötən il Praqada Ukraynaya dəstək məqsədilə Rusiya səfirliyinin nəzdində “Kalininqradın Çexiyaya birləşdirilməsi ilə bağlı referendum” zarafatından istifadə etmişdilər.