İstanbul və ətraf ərazilərdə baş verən 6,2 bal gücündə zəlzələ vətəndaşlarda böyük qorxu yaradıb. Silivri sahillərində başlayan və qısa müddətdə bütün şəhərdə hiss olunan yeraltı təkanlardan sonra gözlər yenidən “gözlənilən böyük İstanbul zəlzələsi”nə çevrildi.
Hafta.az-ın yazdığına görə, zəlzələ mütəxəssisi professor Əhməd Ercan diqqətəlayiq açıqlamalar verərək, potensial böyük zəlzələnin nə vaxt baş verə biləcəyinə dair bir tarix verib.
O, 6,2 bal gücündə zəlzələnin Şimali Anadolu Fayının Trakya qolunda gözlənilən daha böyük bir zəlzələ üçün “prekursor” və ya “təcrübə” ola biləcəyini ifadə edib. Böyük İstanbul zəlzələsinin bugünkü yerə çox yaxın bir nöqtədə, 7 ilə 13 kilometr dərinlikdə baş verəcəyini bildirən Ercan, zəlzələnin bugünkü zəlzələdən 22 dəfə böyük olacağını söyləyib.
Ercan təşvişə ehtiyac görmədiyini vurğulayaraq, “Araşdırmalarım göstərir ki, böyük zəlzələ üçün hələ tezdir və 2045-2075-ci illər arasında baş verməsi gözlənilir”. O, evlərin dayanıqlılığına da diqqət çəkərək, “Eviniz möhkəm zəmindədirsə, sütun və tirlərində çatlar yoxdursa istifadə oluna bilər” xəbərdarlığını təkrarlayıb.
Ardıcıl zəlzələlərin sonra İstanbulda vətəndaşlar gecəni küçələrdə keçirib. Ekspertlər isə vurğulayırlar ki, afterşoklar davam edə bilər, lakin əsl risk qeyri-sabit strukturlardandır.