Krem Robert Köçəryanı Moskvaya dəvət edə bilər"
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Kremldə keçirdiyi görüşdə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı narazılıqlarından xəbərdar olduğunu bildirib. Bununla belə, Putin vurğulayıb ki, Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından sonra təşkilatın prosesə müdaxilə imkanları faktiki olaraq aradan qalxıb.
Bu istiqamətdə Hafta.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Putin üçün bu məsələ yeni deyil, o, daha əvvəl də Paşinyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımasını “qəribə addım” kimi qiymətləndirib.
"Həqiqətən, Paşinyan Avropa Siyasi Birliyi çərçivəsində 2022-ci ilin oktyabrında Praqada keçirilən sammitdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Bu qərarın Kremlin rəhbərliyində ciddi təəccüb doğurduğu bildirilir. Sonrakı açıqlamalarında Putin dolayısı ilə qeyd edib ki, Paşinyanın bu addımı Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının perspektivlərini zəiflədib. O, hətta bəzi çıxışlarında Moskvanın uzun illər bölgədə “referendum” ideyasını dəstəklədiyini də xatırladıb. Bu kontekstdə Kremlin Qarabağla bağlı planlarının pozulduğuna eyham vurulduğu aydın görünür. Beləliklə, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Rusiyanın hərbi mövcudluğunun bölgədə daha uzun müddət davam edə biləcəyi ehtimalı gündəmə gəlir. Halbuki rəsmi Bakı sülhməramlıların mandat müddətindən artıq bölgədə qalmasına razı deyildi", - E.Şahinoğlu deyib.
Ekspert eyni vurğulayıb ki, görüş zamanı Putin Paşinyana bir neçə mühüm mesaj da ünvanlayıb:
"Birincisi, o bildirib ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı ilə tam inteqrasiya kursu yürüdə bilməz və rəsmi İrəvan seçim etməlidir. Putin Avropa İttifaqı standartlarının Avrasiya məkanındakı iqtisadi qaydalardan kəskin fərqləndiyini də xüsusi vurğulayıb.
İkincisi, Putin ABŞ prezidenti Donald Trampın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində fəallığını qeyd edib. O, bu rola qiymət verməsə də, Vaşinqtonun təşəbbüslərini diqqətlə izlədiyini bildirib.
Üçüncüsü, Rusiya prezidenti Ermənistanda yaxınlaşan parlament seçkiləri ərəfəsində daxili siyasi mübarizəni diqqətdə saxladığını deyib. Onun sözlərinə görə, bu rəqabət Rusiya–Ermənistan münasibətlərinə mənfi təsir göstərməməlidir. Bu mesajın Paşinyana ünvanlanmış dolayısı xəbərdarlıq kimi qəbul olunduğu istisna deyil. Çünki Ermənistan rəhbərliyi tez-tez radikal müxalifətin Moskva ilə əlaqələrinə işarə edir.
Gözlənilir ki, Paşinyan İrəvana qayıtdıqdan sonra görüşün nəticələrini müsbət çalarlarla təqdim edəcək. Lakin Putinin səsləndirdiyi fikirlər Kremlin Ermənistanın hazırkı rəhbərliyinə münasibətinin o qədər də isti olmadığını göstərir. Məsələn, Putin Rusiyada yaşayan təxminən 2 milyon erməninin Ermənistanda səsvermə hüququ əldə etməsi ideyasını irəli sürüb. Paşinyan isə bunun mümkün olmadığını bildirib. Bu təşəbbüsün arxasında həmin elektoratın hakim partiyanı dəstəkləməyəcəyi ehtimalının dayandığı iddia olunur".
Politoloq o cümılədən bildirib ki, Kremlin Paşinyanın əsas rəqiblərindən biri olan sabiq prezident Robert Köçəryanı Moskvaya dəvət edə biləcəyi də ehtimal edilir. Bu isə Ermənistanın daxili siyasi səhnəsində qüvvələr balansına təsir göstərə biləcək addım kimi qiymətləndirilir.