Qarabağın bərpasına nə qədər pul xərcləyəcəyik?

13:54 05.12.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Hökuməti 2022-2026-cı illərdə Qarabağın bərpasına 28,9 milyard manat (17 mlrd. ABŞ dolları) sərmayə qoymağı planlaşdırıb. Bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.

Qeyd edilib ki, bu vəsaitin böyük hissəsi infrastrukturun, o cümlədən bərpa olunan enerji infrastrukturunun inkişafına yönəldiləcək. Bu da Azərbaycana Türkiyə və Gürcüstana elektrik enerjisi ixracını artırmağa kömək edəcək: “Qarabağa investisiya 2025-ci ildə də yüksək səviyyədə qalacaq. 2024-cü ildə ümumi iqtisadi artıma 1,7 faiz bəndi, 2025-ci ildə isə 1,5 faiz bəndi töhfə verəcək. Bu strategiya hökumətin dekarbonizasiya və diversifikasiya planlarının mühüm tərkib hissəsidir. Qeyri-neft ixracın artırılması da bu strategiyanın bir hissəsidir və yaşıl elektrik enerjisinin ixracı da buna daxildir”.

Qeyd edək ki, 2020-ci ildən etibarən Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri fasiləsiz və ardıcıllıqla davam etdirilir. 2021-ci ildən sonrakı yeni dövrün büdcə siyasətinə əsasən, əsas xərc prioriteti kimi azad edilmiş ərazilərin bərpası və yenidən qurulması müəyyən edilib. Bu bölgədə şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri strukturların və mədəni-tarixi abidələrin bərpası, yaşayış evlərinin  tikintisi və s. çoxsistemli tədbirlər planı üzrə ötən 4 ildə dövlət büdcəsindən 17,5 milyard manat vəsait yönəldilib. Dövlət birbaşa yerli imkanları, yəni heç bir kənar maliyyə və kredit, borc olmadan, milli büdcə xərcləri hesabına bu ərazilərdə yüzlərlə obyektin təməlləri qoyulub, açılışları baş tutub və digərlərinin icrası isə sürətlə davam etdirilməkdədir.

Zəngilanın Ağalı kəndindən başlayan Böyük Qayıdış planına uyğun olaraq artıq Laçın, Füzuli, Zəngilan, Şuşa, Xocalı sakinlərinin bir qismi öz doğma evlərində yaşayırlar. İşğaldan azad edilmiş bütün ərazilərimizdə böyük infrastruktur obyektləri inşa edilib, əhalinin məşğulluğu təmin edilir. Dünya standartlarına cavab verən müasir məktəblər, xəstəxanalar tikilib istifadəyə verilir. Füzuli və Zəngilanda qısa müddətdə inşa edilən hava limanları bölgə iqtisadiyyatının dirçəldilməsinə töhfə verməklə yanaşı, Qarabağın turizm potensialına da böyük dəstək olacaq. Artıq 3 min km avtomobil və dəmir yolları inşa edilib, 70 km uzunluğunda 45 tunel və 450 körpünün tikintisi davam etdirilir. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Bir neçə su-elektrik stansiyasının açılışı olub. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda mərhələli şəkildə bərpa olunan və ya yenidən tikilən yaşayış məntəqələrində bu günədək 8500-dən çox keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb. Prezidentin diqqəti sayəsində 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurdlarına qayıdışı təmin ediləcək.

Növbəti il və ortamüddətli dövr üçün bu istiqamətdə tədbirlər daha da genişlənəcək, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsinə əlavə maliyyə vəsaitləri cəlb olunacaq. 2025-ci ildə bu sahəyə 4 milyard manatdan artıq vəsait ayrılması nəzərdə tutulur. Nəticədə ümumi xərc portfelinin həcmi 22 milyard manata çatacaq. Eyni zamanda, son illərin büdcə siyasəti çərçivəsi üzrə aparılan dürüstləşmələrin 2025-ci ildə də davam etdirilməsi istisna olunmur. 2026-cı ildə büdcə xərclərində sözsüz ki, əsas hədəf olan Qarabağ və Şərqi-Zəngəzurda aparılan fasiləsiz quruculuq missiyasının dayanıqlı maliyyə təminatı yenə də ön planda duracaq.

“Fitch Solutions”un hesabatında o da qeyd edilir ki, Qarabağ və Şərqi Zəngəzura yatırılan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək. 2024-cü ildə bu dinamika iqtisadi artıma 1,7 faiz-bənd təsir göstərəcək. 2025-ci ildə isə iqtisadi inkişafa töhfəsi 1,5 faiz-bənd olacaq.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əli Əlirzayev deyib ki, bu gün Qarabağın yenidənqurulması və bərpası Azərbaycan hökumətinin əsas prioritetləri sırasındadır. Onun fikrincə, bu əraziyə investisiya qoyuluşu həm yerli, həm də beynəlxalq miqyasda iqtisadiyyat üçün mühüm strateji əhəmiyyət kəsb edir:

“Qarabağ bölgəsi zəngin təbii resurslara, əlverişli coğrafi mövqeyə və kənd təsərrüfatı üçün geniş ərazilərə malikdir. Region yüksək məhsuldar kənd təsərrüfatı mərkəzinə çevrilə bilər. Turizm və sənaye sahələri sürətlə inkişaf etdirilə bilər. Eyni zamanda, Qarabağın “yaşıl enerji” zonası elan edilməsi, alternativ enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilməsi, investorlar üçün cazibədar şərait yaradır. Bu sahədəki layihələr uzunmüddətli iqtisadi faydaları təmin edəcək. Bundan başqa, Qarabağa qoyulan investisiyalar yeni iş yerlərinin yaradılmasına, insanların bölgəyə qayıtmasına və yaşayış şəraitinin yaxşılaşmasına səbəb olur. Bu, yalnız iqtisadi deyil, eyni zamanda sosial inkişaf baxımından da əhəmiyyətlidir. Azərbaycan hökuməti Qarabağda investisiya qoyuluşu üçün vergi güzəştləri və hüquqi dəstəklər təklif etməklə, xarici sərmayədarları təşviq edir. Bu, bölgəni beynəlxalq kapital üçün cəlbedici edir. İnfrastrukturun inkişafı, xüsusilə yollar, hava limanları və kommunikasiya şəbəkələrinin qurulması, digər sektorlar üçün dəstəkləyici baza yaradır. Bu baxımdan, Qarabağa investisiya qoyuluşu qısa və uzunmüddətli perspektivdə Azərbaycanın ümumi iqtisadiyyatına əhəmiyyətli töhfə verəcək. Regionun iqtisadi və sosial reabilitasiyası həm yerli, həm də beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açacaq”.