Qaranlıq İran tuneli - Politoloq

12:39 02.04.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Hazırda İran və ABŞ arasında gərginlik region və dünya üçün ciddi risklər yaradır. Analitiklər müharibənin gələcək ssenarilərini təhlil edərkən bir neçə mümkün istiqaməti qeyd edirlər. Bunlar arasında diplomatik razılaşmanın əldə olunması ilə qarşıdurmanın qısa müddətdə həll olunması, eləcə də uzunmüddətli münaqişə ehtimalları ön plana çıxır.

Politoloq Natiq Miri Hafta.az-a açıqlamasında bildirib ki, uzunmüddətli qarşıdurmalar Donald Tramp siyasətinə uyğun deyil. O, əvvəldən də qısa, sürətli əməliyyatlarla konkret siyasi nəticələr əldə etməyin tərəfdarı olduğunu bəyan edib.

N.Miri bunu onunla əlaqələndirib ki, Venesuela variantı İranda uğur qazanmadı, çünki hər ölkənin öz güc mərkəzləri və ideologiyası var; İran və Venesuela ABŞ-dən çox fərqlidir.

“Buna görə bu vəziyyət bir neçə ay, hətta altı ay davam edə bilər. Qlobal iqtisadi böhran və beynəlxalq ictimaiyyətin reaksiyası ABŞ üçün əlavə təzyiq yaradacaq. ABŞ-nin beynəlxalq müttəfiqləri ilə məsləhətləşmədən hərbi əməliyyatlara başlaması neft bazarında qiymət artımına, qlobal iqtisadi böhrana səbəb olur və bütün ölkələri təsir altına alır. Eyni zamanda, müharibənin uzanması ABŞ üçün həm maliyyə, həm fiziki və maddi itkilər gətirəcək, daxili ictimaiyyətin narazılığı isə Donald Trumpın əleyhinə yönələcək. Benzin və dizel qiymətlərinin sürətlə artması ictimai etirazlara səbəb olub və ölkədə sosial gərginliyi artırır. Uzunmüddətli müharibə həm qlobal, həm də regional səviyyədə ciddi təsirlər doğurur. Məhsul qıtlığı və enerji qiymətlərinin yüksəlməsi bütün ölkələrdə, xüsusilə kasıb əhali üçün ciddi həyat problemləri yaradır. Eskalasiyanın davam etməsi vəziyyətində Körfəz ölkələri ABŞ-İsrail koalisiyasına qoşula, Hörmüz boğazının bağlanması isə neft-qaz ticarətində ciddi böhran yaradaraq Çin və Hindistan kimi qlobal gücləri narahat edə bilər”, - politoloq qeyd edib.

N.Miri bildirir ki, Türkiyə və digər regional oyunçular diplomatik səylərlə müharibənin dayandırılması üçün çalışırlar. İran tərəfindən Türkiyə ərazisinə ballistik raket atılması mesaj xarakteri daşıyır və göstərir ki, İranın bəzi qüvvələri danışıqlar prosesinə müqavimət göstərir:

“Nəticə etibarilə, qısamüddətli, taktiki əməliyyatlar Donald Tramp üçün daha əlverişlidir, uzunmüddətli qarşıdurma isə həm ABŞ daxili, həm də qlobal səviyyədə ciddi problemlər yaradır. Ticarət yolunun 22–25 faizi üzərindən keçən Hörmüz boğazının bağlanması ciddi təhlükə yaradır. Əgər Donald Trump bu boğazın açılması və İranın əsas neft ixracına xidmət edən Xarq adası neft terminalına qarşı hərbi əməliyyatlara keçsə, böyük böhranlar yarana bilər. İran neftinin təxminən 90 faizini Çin alır, həmçinin Hindistan da İrandan əhəmiyyətli həcmdə neft alır. Hörmüz boğazının bağlanması yalnız neft-qaz sektorunu deyil, eyni zamanda, digər ticarət sahələrini də təsir edərək Asiya ölkələrində, xüsusilə Çin və Hindistanda ciddi narahatlıqlar yarada bilər. Bu baxımdan, müharibənin genişlənmə riski var. Bir tərəfdə qardaş Türkiyə bu münaqişənin dayandırılması üçün diplomatik səylərini artırır, bir çox Körfəz ölkələri və Pakistanla birlikdə gecə-gündüz çalışır”.

N.Miri bütün bunlara baxmayaraq, İrandan Türkiyə ərazisinə ballistik raket atılması hadisəsinə diqqət çəkib. Onun fikrincə, bu, eyni zamanda, bir mesajdır: İran daxilində müharibənin dayandırılması üçün aparılan danışıqlara müqavimət göstərilir. Məlumatlara görə, müəyyən qüvvələr İran hakimiyyətində Donald Trampın nümayəndələri ilə danışıqlar aparırlar və Türkiyə bu prosesdə əsas koordinator rolunu oynayır. Raketin atılması isə İrandan bu danışıqlara qarşı siqnal olaraq qiymətləndirilə bilər.

“İranda müəyyən qruplar mövcuddur ki, onlar sülhün təmin edilməsini, xüsusilə indiki şərtlər altında, istəmirlər. Bu qrupların başında SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) gəlir. Hazırda real hakimiyyət nə parlamentdə, nə də hökumətdə deyil; bütün səlahiyyət hərbi elitanın, yəni SEPAH-ın əlindədir. Bütün qərarları o verir və prosesi hər an sabotaj edə biləcək gücə malikdir.

Buna qarşılıq, müharibənin tezliklə dayandırılmasını istəyən siyasi qüvvələr və mülki dövlət institutları mövcuddur. Bu qarşıdurma eskalasiyanın yaxın müddətdə daha da şiddətlənmə ehtimalını artırır. Aprelin 6-na qədər İran rejiminə vaxt verilib; bundan sonra İranın bütün enerji sisteminin məhv ediləcəyi vəd olunur. Bu, ölkəni onilliklər ərzində iqtisadi və inkişafa görə ciddi çətinliklərə məhkum edə bilər”, -ekspert deyib.

O, eyni zamanda, beynəlxalq səviyyədə, BMT-nin  bu münaqişəni həll etmək gücündə olmadığını  və indiki dövrdə regiondakı əsas təsir qüvvələrinin müsəlman ölkələri olduğunu qeyd edib:

“Qardaş Türkiyə və dost Pakistan bu məsələdə öncül rol oynayır. Hazırda Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistan Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün konsorsium yaradılması planını hazırlayırlar. Bu plan haqqında həm İran, həm də ABŞ hakimiyyətinə məlumat verilib.

Beləliklə, qardaş Türkiyə və Pakistan yalnız regionda deyil, qlobal səviyyədə münaqişənin genişlənməsinin qarşısını almaq üçün konkret əməli addımlar atır. Avropa Birliyi və digər qlobal güc mərkəzləri isə sadəcə, müşahidəçi mövqeyindədir və təsir imkanları məhduddur.

Gələcəyə baxış çətindir. Donald Trampın açıqlamalarına deyil, konkret əməli addımlarına diqqət yetirmək lazımdır. Qısa zaman çərçivəsində, xüsusilə aprelin 6-dan sonra baş verəcək hadisələr münaqişənin gələcəyini müəyyən edəcək. Donald Trampın uzun müddət hərəkət imkanı yoxdur; görüləcək tədbirlər qısa müddətdə həyata keçirilməlidir, nəticələr isə hələ sual altındadır”.