Artıq bir neçə ildir ki, ölkədə qeyri-neft sektoru inkişafına şərait yaradılıb. Ölkədə turizmlə yanaşı, aqrar sahəyə də diqqət göstərilir. Neftin dünya bazarında öz yerini stabil saxlamaması digər sahələrə maraq və zərurəti artırır.
Xatırladaq ki, ölkəmizə gələn turistlərin sayında da artım müşahidə olunub. Belə ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Ölkəmizə gələnlərin əksər hissəsi turist kimi gəlib.
Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu ilin I yarısında iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7% artıb, neft-qaz bölməsində isə 6,6% azalıb.
Ümumi daxili məhsulun 13 195,2 mln. manatı sənayedə, 3 414,6 mln. manatı ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 2 536,8 mln. manatı tikintidə, 2 249,6 mln. manatı nəqliyyat və anbar təsərrüfatı, 1 559,9 mln. manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 mln. manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 mln. manatı informasiya və rabitə sahələrində, 4 711,7 mln.manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər 2 247,8 mln. manat təşkil edib.
Kənd təsərrüfatı Nazirliyinin mətbuata açıqladığı rəqəmlərdə göstərilir ki, bu ilin doqquz ayı ərzində kənd təsərrüfatının həcmi 4,3 faiz artıb. Kənd təsərrüfatının texnika ilə təminatı yaxşılaşıb, yanvar-sentyabr aylarında 5700 kənd təsərrüfatı texnikası alınıb. Ölkədə müstəqillik dövründə ilk dəfə 514 ton yaş barama istehsal olunub ki, bu da bir il əvvəlki göstəricidən təxminən iki dəfə çoxdur. Pambıq yığımı davam edir, amma indidən yüksək göstəricilər barədə danışmaq olar. Ötən ilə nisbətən pambıq əkini sahəsi 4 min hektar azalsa da, bu il daha çox pambıq yığılıb. Bu günə kimi pambıq qəbulu məntəqələrinə 228,487 ton pambıq təhvil verilib. Sahələr və rəqəmlər çoxdur, amma real mənzərə göstərir ki, bu il kənd təsərrüfatında artım trendi başlayıb, kənd təsərrüfatı məhsullarının həcmində artan xətt müşahidə olunur”.
Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycanda son illər ərzində qeyri-neft sektorunun ixracatında müəyyən irəliləyişlər əldə olunub: “Amma, fərqi biz daha çox keçən illə müqayisə üçün deyə bilərik. Bu artımlar başqa dövlətlərlə müqayisədə çox kiçik rəqəmlərdir. Azərbaycanın qeyri-neft sektorunda istehsalı və ixracatı neft sektoru ilə müqayisə olunmaz dərəcədə kiçikdir. İndiki vəziyyətdə qeyri-neft sektorunun inkişafının qanedici səviyyədə olmaması təəssüf edici bir məqamdır. Məsələn, Kənd təsərrüfatı aqrar sahəni prioritet elan edib. Bu sahədə artımlar görünür. Bu ilin ilk altı ayı ilə götürsək təqribən yarım milyard dollara yaxın kənd təsərrüfatı məhsullarından gəlir əldə edib. Azərbaycan kimi böyük dövlət üçün bu gəlirlər kifayət deyil, rəqəmlər isə ürək açan görünmür. Tək bir Antaliya şəhərinin kənd təsərrüfatı və turizm sektorundan həm xammal şəklində, həm yarımfabrikatlar şəklində ixracatı 800 milyon dollardan çox olub. Doğrudur, Türkiyənin balaca bir şəhəri olsa da turizm üçün əlverişli bir şəhərdir. Tək bir Antaliya aqrar və turizm sahəsindən Azərbaycanın bu sektordan götürdüyü məbləğdən daha çoxunu əldə edib. Biz deyə bilmərik Azərbaycanda inkişaf və irəliləyiş yoxdur. Bunu açıq şəkildə görmək mümkündür. Rəqəmsəl olaraq, həcm olaraq isə qanedici şəkildə deyil. Əgər neft sektorunda geriləmələr olsa, hazırki qeyri-neft sektoru onu kompensasiya edəcək vəziyyətdə deyil. Ehtimal da vardır ki, neft sektorunda belə hallar baş versin. Aqrar sahə prioritet elan edilsə də, hələ neft sektoru kimi özünü təsdiq edə bilməyib. Bu gün Azərbaycan aqrar sahədə indikindən 20 dəfə çox məhsul istehsal edib satmalıdır ki, neftdən gələn gəlirlərə bərabər gəlir əldə etsin. Hər il 25 faiz belə artımlar aparılarsa inkişafı daha yaxşı görmək olar”.
Ekspertin fikrincə, aqrar sahənin inkişaf etdirilməsində bir sıra problemlər var:
“Azərbaycanının coğrafi özəllikləri var. Su mənbələri çox azdır. Əkinə yararlı torpaqlarımız azdır və getdikcə daha da azalır. Çalışsaq belə, hər şeyi doğru-dürüst etsək də aqrar sektorla ölkəni dolandırmaq, çox böyük gəlirlər əldə etmək asan məsələ deyil. Bunun üçün yeni texnologiyalar lazımdır. Yeni texnologiyaların aqrar sahəyə tətbiqi lazımdır. Həmçinin ciddi dövlət dəstəyi lazımdır. Aqrar sahədə ən böyük problem uzunmüddətli və aşağı faizli kreditlərin olmamasıdır. Ölkədə neçə ildir ki, müzakirə olunsa da həllini tapmayan problemdir. Faizlər çox yüksəkdir. Və aqrar sahədə çalışan sahibkar üçün əlverişli olmur. Bütün bu saydığımız problemlərdən aqrar sahə sıx şəkildə asılıdır. Hər bir halda isə aqrar sahəyə, turizmə diqqət kökləmək siyasəti də yanlışdır. Başqa istiqamətlər üzrə - daha çox texnoloji sahəyə də üstünlük verməklə və ya yüngül sənayeyə üstünlük verməklə irəliləyiş əldə etmək olar”.
İqtisadçı ekspert Sabit Bağırov isə bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı hələ qane edici olmasa da, artıq inkişaf gedir: “Biz görürük ki, ildən-ilə neft sektorunun payı ümümi daxili məhsulda (ÜMD) artmaqdadır. Son illərdə sahibkarləğın inkişaf etdirilməsi sahəsində ciddi addımlar atılıb və atılmaqdadır. Artıq kiçik satış nöqtələrindən tutmuş, böyük bazarlara qədər yerli istehsal olan məhsullar satılır. Həmçinin yerli istehsal olan məhsulların çeşidi də artırılır. Hələ ki, neft sektorunun payı bu gün Azərbaycan iqtisadiyyatında kifayət qədər çoxdur. Ona görə bu işlər ardıcıl olaraq davam etdirilməlidir. Aqrar sektorda ciddi struktur dəyişiklikləri də aparıldı. Yeni kadrlarla yanaşı, beynəlxalq qurumlarla əməkdaşlıq genişlənib. Turizm sahəsi də qaneedici olmasa da müsbət hadisələri də görürük. Azərbaycana səfər edən turistlərin sayı hər illə müqayisədə artır. Otellərin sayı, artır, onlar üçün maraqlı olan obiyektlər uyğun hala gətirilir. Yollar düzəlir. Bu da iqtisadiyyat üçün önəmli faktordur”.
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin iyun ayı ərzində satılan valyutanın məbləği məlum olub. Ötən ay ərzində 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.