Qlobal iqlim dəyişmələri - Qarışan fəsillər

15:53 25.09.2025 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Təbiətin tarazlığının pozulması, orta temperaturun yüksəlməsi, quraqlıqlar, daşqınlar, buzlaqların əriməsi və ekosistemlərin zəifləməsi artıq nəzəri deyil, real müşahidə olunan faktlardır. Birləşmiş Millətlər Təşkilatı və bir çox beynəlxalq təşkilatlar bu problemi qlobal təhlükəsizlik və davamlı inkişaf məsələsi kimi qiymətləndirirlər. İqlim dəyişkənliyinə səbəb olaraq isə bunlar göstərilir - neft, qaz və kömürdən istifadənin çoxluğunun atmosferə böyük həcmdə karbon dioksid və digər istixana qazları buraxması, meşələrin qırılması, avtomobillərin sayı artdıqca havaya buraxılan qazlar.

Bir tərəfdən də fəsillərin sanki yerlərini dəyişməsi kimi hava durumları. Fəsillər, sanki bir-birinə qarışmış kimidir. Yayda fəslin üçüncü ayı payızdan, payızın üçüncü ayı qışdan, qışın üçüncü ayı yazdan, yazın üçüncü ayı yaydan sayılır.

Ekoloqlarımız məsələ ilə bağlı hafta.az-a danışdılar.

“Həyəcan təbili çalırıq ki, Bakı məhv olacaq...”

Ekoloq Ənvər Əliyev deyir ki, Azərbaycan tam bir iqlim qurşağında yerləşmir, təxminən suptropiklə mülayim qurşağın tam ortasındadır. Yəni Azərbaycan elə bir coğrafi məkandır ki, burada dəyişkənlik olmalıdır - qərb, şimal, cənub küləkləri qaçılmazdır.

Çoxillik rəqəmlərə diqqət çəkən ekoloq vurğuladı ki, müşahidələrə əsasən əslində hər şey qaydasındadır:

“Bir-iki faiz dəyişiklik var ki, bu da təbiidir. Bu baxımdan heç bir iqlim dəyişikliyindən söhbət gedə bilməz. Bəzən Xəzər dənizinin indiki səviyyəsinin iqlim dəyişkənliyi ilə əlaqələndirilməsinə gəlincə, Xəzər dənizi, sadəcə olaraq, 50-60 milyon il bundan əvvəlki formasını alıb. Yəni zamanla Xəzər dənizində bu cür hallar çox olub, qalxıb və enib. İndi enmələr qalxmalardan çoxdur, çünki əhalinin sayı artır. Əhalinin hər bir fərdi sutkalıq 200-250 litr su istifadə edir. Buraya suvarma sistemlərini, buxarlanmanı də əlavə etmək olar”.

Ə.Əliyevin fikrincə, baş verən bu kimi hallar heç də iqlim dəyişkənliyi sayılmamalıdır:

“Bu gün narahat olacağımız məsələ başqadır. Yazqabağı neçə gündür gecə-gündüz yağış yağır, biz ondan yay üçün ehtiyat yığmamışıq. Yüzillik, minilliklər ərzində formalaşmış hava sinoptikası belədir ki, Azərbaycana ən çox yağıntı yayın əvvəli, yazın axırına düşür. Bu tendensiya bu cür də davam edir. Əgər XXI əsrdə təbiətin şıltaqlığından asılıyıqsa, demək ki, hələ aqrar ölkəyik. Yəni təbiətdən asılılığımız heç də ürəkaçan hal deyil. Əgər vaxtında təbiət üzrə alimlərin sözünə əməl edib çaylarımızın qabağında bəndlər tikilsəydi, yığılan sulardan yay boyu düzgün istifadə edilsəydi quraqlıq problemi yaşanmazdı. Dəfələrlə demişik ki, gəlin su ehtiyatlarından normal istifadə edək, çaylarda müasir texnologiya ilə bəndlər tikək, amma eşidən yoxdur. Həyəcan təbili çalırıq ki, Bakı məhv olacaq, əhəmiyyət verilmir. Yenə deyirəm, su ehtiyatları bizdə yox dərəcəsindədir”.

“Sanki iki dövr yaranıb...”

Ekoloq İlqar Xəlilov isə bildirir ki, qlobal iqlim dəyişkənliyi fəsillərə, xüsusən də fəsillərin aydın hiss olunmamasına səbəb olub.

Onun sözlərinə görə, sanki iki dövr yaranıb - mülayim yağıntılı və isti quru.

Ekoloq vurğulayır ki, yerin orta temperaturunun 1,5 dərəcəyədək yüksəlməsi iqlimdə baş verən dəyişikliklərə səbəb olub:

“Yüksək temperatur buxarlanmanın artmasına, düşən yağıntının isə intensiv, leysan şəklində düşməsi sel, daşğın və sürüşmələrin intensivliyinin artmasına səbəb olub. Dəyişkənlik hava kütlələrinin intervalında azalmaya səbəb olub. Qeyd edim ki, iqlim dəyişkənliyinin nəticəsi yerin orta temperaturunun artmasına, buzlaqların əriməsinə, Dünya okeanının səviyyəsinin yüksəlməsinə, sahil düzənliklərinin və adaların su altında qalmasına və sair bu kimi hallara səbəb olacaq. Digər mənfi nəticələri kənd təsərrüfatı və əhalinin miqrasiyasında müşahidə olunacaq”.

İ.Xəlilov vurğulayır ki, iqlim dəyişkənliyinin qarşısını almaq üçün dünya ölkələri BMT xətti ilə müxtəlif konvensiyalar imzalayıb:

“Bunların ən mühümlərindən 1997-ci ildə imzalanmış Kioto protokolu, 2015-ci ildə Paris sazişini qeyd edə bilərəm. İqlim dəyişkənliyinin qarşısını almaq 1995-ci ildən Berlin şəhərində keçirilən birinci COP konfransı (COP 29 Bakıda keçirildi-red) ilə başlamışdı. Əsas məqsəd istixana effekti yaradan qazların miqdarının azaldılması və onun iki dərəcəni keçməsinin qarşısının alınmasıdır.

Bu arada qeyd etməyə gərək var ki, Xəzər dənizinin səviyyə dəyişməsinin başlıca səbəbi axan çay sularının miqdarının azalması və əksinə, buxarlanmanın artmasıdır. Xəzərin səviyyə tərəddüdünə tektonik proseslər də təsir edir. Səviyyənin aşağı düşməsi dəniz nəqliyyatının hərəkətinə, bioresurslara mənfi təsir göstərir, sahilə yaxın ərazidə səhralaşmaya səbəb olur”.

Ekoloq bildirir ki, iqlim dəyişikliyi fonunda təbiətin qorunması və iqtisadi inkişaf arasında balansın müəyyən edilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirmək, su ehtiyatlarından səmərəli və təkrar istifadə etmək, kənd təsərrüfatında davamlı bitki növlərini tətbiq etmək lazımdır. Eyni zamanda, Xəzərin ekoloji vəziyyətinin sağlamlaşdırılması istiqamətində tədbirlər davam etdirilməlidir.