Qurbanqulu Berdiməhəmmədovun toxunulmazlığı haqqında qanun imzalanıb

13:58 23.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov türkmən xalqının ümummilli lideri, ölkənin eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovun və onun ailə üzvlərinin toxunulmazlıq hüququna malik olduğu qanunu imzalayıb, bu, onun əmlakına və ailə üzvlərinə məxsus əmlaka da şamil edilir. Bu barədə “İnterfaks” xəbər verir.

Qeyd olunur ki, yanvarın 21-də Türkmənistan parlamentinin - Milli Genqeşin birgə iclası keçirilib və orada eks-prezident Qurbanqulu Berdiməhəmmədova ümummilli lider statusunun verilməsi qərara alınıb.

O, xalq hakimiyyətinin yaradılmış ali nümayəndəli orqanına - Xalq Maslaxatına (Xalq Şurası) rəhbərlik edirdi. Yeni qanunun 5-ci maddəsində deyilir ki, “Türkmən xalqının Ümummilli Lideri Türkmənistan Xalq Maslaxatının daimi üzvüdür”.

Qanun ümummilli liderin və onun ailə üzvlərinin dövlət himayəsinin təmin edilməsini, fəaliyyətinin həyata keçirilməsi üçün dövlət tərəfindən şəraitin təmin edilməsini, hüquq və azadlıqlarının, həyatının, şərəf və ləyaqətinin qorunmasını da nəzərdə tutur. Həmçinin türkmən xalqının Ümummilli Liderinə xidməti, mənzil-məişət, sosial, nəqliyyat, rabitə, tibbi, sanatoriya və digər xidmətlərin göstərilməsi, maddi təminatı səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilir.
Ümummilli Liderin qanuni fəaliyyətinə mane olmaq, onu alçaltmaq, şərəf və ləyaqətinə zidd hərəkətlər etmək məsuliyyətə səbəb olur.
Bu qanunla nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Türkmənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.