Avqustun 28-i Məhərrəm ayı başa çatıb, 29-dan Səfər ayı başlayıb və sentyabrın 26-da başa çatacaq. Məlum olduğu kimi, hicri təqvimin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır. Bu o deməkdir ki, sentyabrdan həm də toy mövsümü başlayır.
Maraqlıdır, görəsən, ərzaq məhsullarının bahalaşması fonunda yeni toy mövsümündə şadlıq saraylarında menyu qiymətlərində bahalaşma gözlənilirmi? Əgər bahalaşma baş verərsə, bu, təxminən, neçə faiz civarında olacaq?
Yeri gəlmişkən xatırladaq ki, bu ilin iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq, şadlıq saraylarında menyuların qiyməti, orta hesabla, 5 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.
Mövzu ilə bağlı şadlıq sarayları arasında sorğu keçirdik. Belə məlum oldu ki, şadlıq evlərində, artıq 25-30 manata menyu yoxdur və menyuların qiyməti hələ bir neçə ay öncə bahalaşıb. Yeni toy mövsümündə isə təkrar qiymət artımı istisna deyil. Eyni zamanda, bəzi şadlıq sarayları ərzaq məhsullarının qiymətinin sürətlə bahalaşması səbəbindən endirimləri də ləğv ediblər.
"Xəmsə" şadlıq sarayından hafta.az-a bildirilib ki, onlarda toy mövsümü sentyabrın 28-dən başlayacaq: “Bizdə Məhərrəm ayından sonra ilk toy sentyabrın 28-nə təyin olunub. Menyu qiymətlərində dəyişiklik olmayacaq, amma endirimlər o dərəcədə olmayacaq. Əvvəl müştərilərə endirim edə bilirdik. İndi bahalaşma ilə bağlı münasib qiymətlər yaza bilmirik. Bizdə hazırda 3 cür menyu qiyməti var: 60 manat, 70 manat və 90 manat”.
“Su Sonası” şadlıq sarayından isə qeyd etdilər ki, bu sarayda Məhərrəm ayından sonra ilk toy mərasimi sentyabrın 29-na təyin olunub: “Hələlik menyuda ciddi dəyişiklik olmayacaq. Əvvəl necə idi, Məhərrəmlikdən sonra da elə davam edəcək. Bizdə qiymətlər qonağın istəyinə uyğun olaraq dəyişir. Qonağın istəyindən asılı olaraq 70 manata, 80 manata, 90 manata razılaşa bilərik”.
“Neolit” şadlıq sarayından bildirdilər ki, onlarda hələlik qiymətlər stabildir: “Bizdə toy sentyabrın 30-dan başlayacaq. Həmin toy əvvəlcədən danışılıb. Ona görə hələlik qiymətlərdə dəyişiklik olmayacaq və əvvəlki qiymətlə işləyəcəyik. Hazırda isə menyularımız 120-150 manat civarındadır”.
“Piano” şadlıq sarayından isə qeyd edilib ki, menyu qiymətlərini müştəri istəyi müəyyən edir: “Bizdə konkret qiymət yoxdur; 35 manatlıq, 40 manatlıq, 45 manatlıq menyu istəyən də var. Həmin istəyə uyğun menyu tərtib olunur. Hələlik qiymətlərimizdə dəyişiklik yoxdur”.
“Meridian Park” şadlıq sarayında toy mövsümü sentyabrın 30-dan başlayacaq. Şadlıq sarayının adminstratoru qiymətlərdə ciddi dəyişiklik olmayacağını bildirib: “Menyumuzda ciddi dəyişiklik olmayacaq. Qiymətlər də hələ ki stabil saxlanılıb. Bizdə 3 formada menyu var. Qiymətləri isə 180, 250 və 320 manatadəkdir”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov bildirir ki, Azərbaycanda şadlıq saraylarında menyu qiymətləri həddən artıq şişirdilmiş formada qeyd olunur: “Bizdə bu sektorda qiymətlər onsuz da şişirdilib. Əgər maya dəyərinə diqqət yetirsək, adambaşına qiymət, hətta 2 dəfədən də artıq baha ifadə olunur. Bəzi hallarda 3-3,5 dəfə də baha qiymət göstərilir. Düzdür, ərzaq məhsulları bahalaşırsa, bu, bütün sahələrə təsir edir. Əlbəttə, bu məsələ xidmət sektorunda ikili reaksiya göstərə bilər. Qeyd etdiyim kimi, qiymətlər süni şəkildə şişirdilmiş formadadır. Əgər şadlıq sarayları qruplaşaraq inhisarçılıqlarını həyata keçirərlərsə, adekvat qiymət artımı davam edəcək. Digər tərəfdən, əgər sağlam rəqabət olacaqsa, qiymət artımının baş verməməsi, bəzi hallarda, hətta ucuz xidmətin göstərilməsi də nəzərdə tutula bilər. Nəzərə almaq lazımdır ki, belə hallarda keyfiyyət baxımından keyfiyyətsizlik nümayiş oluna bilər. Ümumiyyətlə, institusional olaraq belədir ki, hər hansı bahalaşma baş verərsə, bu, mütləq xidmət sektotuna da təsir edir”.