Şəhid ailələrinin ödəyə bilmədiyi İPOTEKA KREDİTLƏRİ - Problemin həll yolu varmı?

13:53 17.06.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar şəhid ailələrinin daxili ipoteka ilə götürdükləri evlərin ödənişi ilə bağlı yaşadıqları problemlər tez-tez gündəmə gəlir. Ödənişi vaxtında edə bilməyən ailələr cərimələrin tətbiqindən, həmçinin özəl şirkətlərin lazımi güzəştləri etmədiyindən şikayətlənir.

Elə özəl şirkətlər də yaranmış vəziyyətdən xeyli narazıdır. Məsələ sosial şəbəkələrdə də əhalinin geniş müzakirəsinə səbəb olub. Kimisi problemin həllini YAŞAT Fondunda, kimisi isə müvafiq tikinti şirkətində axtarır. Elə biz də çıxış yolu axtarışı ilə üz tutduq mütəxəssislərə...

İlk olaraq məsələyə münasibət bildirən iqtisadi ekspert Fuad İbrahimov söylədi ki, istənilən halda şəhid ailələri ilə bağlı belə məsələlər baş verməməlidir. Qazi və şəhid ailələrində borc yaranırsa, bu məsələni cəriməsiz həll etmək olar:

“Dövlətimiz tərəfindən bununla bağlı xüsusi fondlar, xeyriyyəçi cəmiyyətlər yaradılıb. Elə bizim cəmiyyətimiz də işıqlandırılmış belə mövzulara laqeyd yanaşmaz və həlli üçün köməklik göstərər. Təbii ki, belə müqəddəs məqamdan və həssas durumdan sui-istifadə etməmək şərtilə. Mən cərimə sanksiyası tətbiq edilməsinin tərəfdarı deyiləm, ancaq sahibkarı da başa düşmək lazımdır. İstənilən  ev alqı-satqısı prosesində hər iki tərəfin də qarşılıqlı razılığı ilə sövdələşmə bağlanır. Gecikmə olduğu halda da əlavə cərimə tətbiq edilə bilər. İstənilən halda biz insanlığımızı rəhbər tutmalıyıq. Belə borcların sırf şirkətlərin üzərinə qoyulması onların ziyanınadır”.

Ardınca Vəkil Turan Abdullazadə ilə problemin hüquqi yolla həllinin müzakirəsini apardıq. Onun sözlərinə görə, qanunvericilikdə şəhid ailəsinin müəyyən imtiyaz və sosial təminat hüquqları mövcuddur. Məsələn, birdəfəlik sığorta ödənişi, dəfn mərasiminin təşkili üçün maliyyə yardımı, Azərbaycan Respublikası Prezidentinin təqaüdü, ailə başçısını itirməyə görə pensiya (aylıq), müavinət, mənzil təminatı, psixoloji dəstək, sanatoriya-kurort müalicəsi, təhsil, özünüməşğulluğun təşkili, haqqı ödənilən ictimai işlər, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi, kvotadan əlavə iş yerlərinin yaradılması, sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması, məqsədli proqramların icrası, digər əlavə güzəştlər...

“11 min manat sığorta ödənişi və 3 min manat dəfn üçün maliyyə yardımı istisna olmaqla, hərbi və mülki şəhidlərin ailələrinin hüquqları bərabərdir. Qeyd olunan məsələ üzrə (yəni, ipoteka krediti borcu üzrə) şəhid ailəsinə hər hansı güzəşt və imtiyaz qanunla müəyyən olunmamışdır. Belə ki, kredit müqaviləsinin tərəfləri arasında olan hüquqi münasibətlər onlar arasında olan mülki hüquqi müqavilə ilə rəsmiləşdirilir. Mülki qanunvericiliyin tələblərinə əsasən, miras qoyan şəxsin (şəhidin) hüquqlarını qəbul edirsənsə, onun vəzifələrini də qəbul etməlisən. Şəhid ailəsinin üzvləri ipoteka krediti üzrə şəhidin adına yığılmış borcu ödəməyə bilər. Bu halda şəhidə məxsus hüquqlardan da imtina etməli, vərəsəliyi qəbul etməməli və ipoteka qoyulmuş mənzili tərk etməlidir. Belə olan halda, şəhid ailəsinin üzvlərinə güzəşt olunması bank təşkilatının mərhəmətinə qalır. Şəhid ailəsinin üzvləri kredit borcunu ödəyə bilmirsə, müvafiq güzəştlərin edilməsi və köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankına, kredit götürülən bankın rəhbərliyinə və müvafiq dövlət orqanlarına, habelə yardım təşkilatlarına,  fondlara ( YAŞAT Fondu və s.) rəsmi müraciətlər edə bilər. Müraciətlərə “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətlər ərzində cavab verilməlidir. İpoteka kreditini vermiş bank şəxsin şəhid ailəsi üzvü olduğunu nəzərə alaraq, cərimə, faiz, dəbbə pulunu silə, kredit borcunun ödənilməsinə möhlət verə, borcu restrukturizasiya ( kreditin qapanması müddətinin artırılmasını nəzərdə tutur, bu isə borcalan üçün aylıq ödənişlərin azalması deməkdir) edə bilər. Həmçinin kreditor bank şəxsi - şəhid ailəsinin üzvü olmasını nəzərə alaraq, kredit borcunun ödənilməsindən azad edə bilər”.

Son olaraq müzakirəmizi millət vəkili Musa Urudun fikirləri ilə yekunlaşdırdıq. Deputat bildirdi ki, şəhidlərin kreditləri artıq bağlanıb. Kimlərdəsə belə problem qalıbsa, bununla bağlı müvafiq qurumlara müraciət edə bilərlər. Kreditləri banklar şəhidlərə bağışladı. İkinci tərəfdən YAŞAT Fondu kredit ödəməkdə hər hansı çətinlik yaşayan şəhid ailələrinə maddi dəstək verə bilər.

O ki qaldı ipoteka ilə alınmış evin ödənişinə, müsahibimiz çıxış yolunu fərdi razılaşmada görür:

“İpoteka ilə ev alınan zaman fərdi qaydada danışıb razılıq əldə etmək olar. Məsələnin həllinə İpoteka Fondu da kömək edə bilər. Baxır, burada nə qədər məbləğdən söhbət gedir. Digər tərəfdən, şəhid ailələrinə dövlət ev verir. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, evin məbləğini əvəzləyə bilərlər. Müxtəlif variantlar var ki, bunların hamısı fərdi qaydada həll olunan məsələlərdir”.

M.Quliyev bir məqamı da xüsusi vurğuladı ki, heç kəs özəl şirkəti məcbur edə bilməz ki, borcu bağlasın. Belə proseslər qanunvericilik  problemi deyil:

“Sadəcə, fərdi qaydada anlaşaraq həll etmək olar. Həm İpoteka Fondu, həm də dövlət tərəfindən belə ailələrə dəstək göstərilə bilər”.

YAŞAT Fondunun belə problemlərdəki roluna gəldikdə isə millət vəkili deyir ki,  böyük məbləğlərin ödənişini YAŞAT Fondu edə bilməz:

“Elə olsa, Fondda vəsait qalmaz. Yenə də deyirəm, həlli yolu bu ola bilər ki, dövlətin şəhid ailəsinə verdiyi evə köçüb, özəl şirkətə ödənilən pul geri alınsın”.

Hər halda yaxşı olardı ki, dövlətimizin şəhid ailələri üçün böyük addımlar atdığı bir vaxtda şirkətlər də şəhid ailələrinə mübasibətdə müəyyən dözümlülük göstərməli, imkan daxilində problemləri qarşılıqlı anlaşma yoluyla həll etməyə çalışmalıdır.

 

Oxunma sayı 3584