Separatçıların rus sülhməramlılarından “tələbi” – XOCALI AEROPORTUNU AÇIN

19:03 25.10.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarətindəki Qarabağ torpaqlarındakı separatçı-terrorçu rejimin Moskvada guya “işgüzar səfər”də olan qondarma  “dövlət” “naziri” Artak Beqlaryan Azərbaycanın Xocalı rayonu ərazisindəki hava limanının açılışından bəhs edib.

Hafta.az xəbər verir ki, A.Beqlaryan bu haqda Rusiya paytaxtında “Regnum” informasiya agentliyinə danışıb.

O, bildirib ki,  ATƏT-in Minsk Qrupu uzun illər sözügedən aeroportun açılması məsələsini qaldırsa da, Azərbaycan guya “Qarabağdakı ermənilərin hüququnu tapdayaraq” buna mane olub.

44 günlük müharibədən sonra ermənilər Rusiya “sülhməramlı” kontingentinin Xankəndi yaxınlığındakı hava limanının açılışına nail olacağına ümid edib. Lakin həm Azərbaycan dövlətinin razılığının olmaması, həm də aeroportun bərpası üçün külli miqdarda xərc tələb olunduğundan Rusiya tərəfi buna qol qoymayıb.

Separatçı “nazir” A.Beqlaryan isə Rusiya mediasında  bir daha “sülhməramlı”ların səyləri nəticəsində Xocalı hava limanının açılacağına ümid etdiyini bildirib.