Səudiyyə Ərəbistanının Mərkəzi Bankına ilk qadın sədr təyin olunub

10:00 16.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Mərkəzi Bankının İdarə Heyətinə təyin olunan ilk qadın rəhbər Şeyla Ruveyli bildirib ki, ölkə liderlərinin təqdim etdiyi çoxsaylı imkanlarla Səudiyyə qadınları bütün ictimai iş yerlərində təmsil olunurlar.

Hafta.az-ın yazdığına görə, xanım Ruveyli "Şarkul Avsat"a müsahibəsində deyib ki, Mərkəzi Banka sədr təyin olunması Kral Salman bin Əbdüləzizin etibarı ilə gələn şərəfli bir vəzifədir. "Rəhbərliyimizin qeyri-məhdud dəstəyi ilə Mərkəzi Bankda olmağım qadınların yolu, onların inkişafdakı rolu və istedadlarının dəyərləndirilməsi üçün çox şey deməkdir. Dövlət başçısının qadınlara inamı onları yaradıcı enerjilərini üzə çıxarmağa və uğur qazanmağa daha çox həvəsləndirir”, - deyib Ş.Ruveyli.

Kral Salmanın firavan dövründə Səudiyyə qadınlarının çox böyük dəstək aldığını vurğulayan Ruveyli əlavə edib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman bin Əbdüləzizin nəzarəti altında qadınların ölkənin inkişafında, eləcə də 2030 hədəfləri proqram və təşəbbüslərinin həyata keçirilməsində fəal iştirak etmələri üçün bir çox imkanlar yaradılıb. "Qadınlar hədəfin təməl daşıdır və bu, inkişaf və tikinti prosesində bütün milli insan resurslarından istifadə etmək deməkdir. 2030 hədəfi qadınların məqsədlərinə çatmaq üçün öz ideyalarını və biliklərini inkişaf etdirmələri üçün açıq məkandır. Səudiyyə qadınlarının hər bir irəliləyişi başqalarını ruhlandırır, onları motivasiya edir və məqsədlərinə çatmaq üçün onları daha gücləndirir" deyən Mərkəzi Bank sədrinin sözlərinə görə, iş həyatı “Saudi Aramco” ilə bağlı olub. O, “Saudi Aramco”nun törəmə şirkəti olan “Wisayah İnvestment”i quran komandanın rəhbəri olduğunu, bir müddət sonra isə şirkətin baş direktoru seçildiyini bildirib.

Xanım sədr əlavə edib ki, şirkətdə işlədiyi müddətdə maliyyə və investisiya, risklərin idarə edilməsi, planlaşdırma və enerji iqtisadiyyatı mərhələlərini keçib, liderliyin inkişafı ilə bağlı müxtəlif təcrübələr qazanıb.